Son gündə Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və 2 nəfər vəfat edib.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın bugün, mayın 20-də yaydığı məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1963 və 1966-cı il təvəllüdlü şəxslərdir: "Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".
Qərargahdan vurğulandığına görə, Azərbaycanda bu virusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245 min 609 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 325 mindən artıq şəxsin vəfat etdiyi açıqlanıb.