Dünyada 5G şəbəkələrinin koronavirus pandemiyası ilə əlaqəli olması haqda konspirasiya nəzəriyyələri dolaşmaqdadır. İş o yerə çatıb ki, dünyanın bəzi yerlərində insanlar mobil telefon qüllələrinə hücum edərək onları dağıdıblar. CNN bildirir ki, hazırda YouTube və digər sosial media platformaları belə nəzəriyyələrin yayılmasının qarşısını almaq üçün tədbirlər görür.
Mobil operatorlar aprelin əvvəlində təkcə Britaniyada bir neçə belə vandalizm aktının qeydə alındığını bildiriblər.
Kontentə yönləndirmə azaldılır
5G texnologiyaları ilə yeni virus arasında əlaqənin olduğunu iddia edən YouTube videolarına yüz minlərlə baxış olub.
Mobil rabitə operatorlarının birgə bəyanatında belə iddiaların əsassız və şirkətlərin xidmətlərini davam etdirə bilməsi baxımından zərərli olduğu vurğulanır. Bəyanatda bəzi hallarda şirkət əməkdaşlarına hücumların da baş verdiyi deyilir.
Buna da bax: Könüllülərə ilk dəfə olaraq koronavirus vaksini vuruldu
YouTube bu qəbildən olan videoların şirkətin qaydalarını birbaşa pozmadığını bildirib. Ancaq şirkət öz bəyanatında qeyd edib ki, belə videolar öz gəlirlərini itirə və axtarış nəticələrindən silinə bilər. Şirkət öz alqoritmindən bu kontentə yönləndirmə sayını azaltdığını deyib.
Britaniya baş naziri Boris Johnson-un sözçüsü bu ayın əvvəli sosial media şəbəkələrini yanlış məlumatın silinməsi istiqamətində daha çox iş görməyə çağırıb. O deyib ki, insanlar bu qüllələri dağıtmaqla insan həyatını risk altına alırlar. Çünki təcili yardım xidmətləri də onlardan istifadə edir.
Minlərlə insan paylaşır...
5G daha çox məlumatın daha sürətli emalına imkan verir. 5G, eyni zamanda, avtomatlaşdırılmış avtomobillər, smart avadanlıqlar və bu kimi digər yeni texnologiyaların ayrılmaz komponenti hesab edilir.
Maraqlıdır ki, 5G texnologiyasının yeni koronavirusla əlaqəsi haqda yanlış xəbərlər Çində virusun meydana çıxdığı ilk günlərdən bəri mövcuddur. Halbuki, bu iki şey arasında hər hansı bir əlaqə aşkarlanmayıb.
Buna da bax: Avropa İttifaqı: Rusiya, Çin və İran müştərək dezinformasiya kampaniyası aparır
Twitter-də "5G coronavirus" yazanda bir neçə dəhşətli konspirasiya nəzəriyyəsinin minlərlə insan tərəfindən paylaşıldığını görmək olur.
Twitter-in sözçüsü bildirib ki, şirkət yanlış informasiyanı yox etmək üçün maşınların öyrənməsi və avtomatlaşma işini artırmaq üzərində çalışır.
"Biz qaydalarımızı pozan hallara, o cümlədən ictimai iğtişaşlara, panikanın yayılmasına və geniş miqyaslı xaosa yol açan əsassız iddialarla bağlı kontentə qarşı tədbirləri davam etdirəcəyik. İnsanlardan bizim xidmətimizdə şübhəli bir şey gördükləri zaman bizə xəbər vermələrini rica edirik", – deyə Twitter sözçüsü bildirib.
İddiaları necə ifşa etməli
Koronavirusla bağlı dostlarınız və qohumlarınızdan eşitdiyiniz yanlış məlumatları və konspirasiya nəzəriyyələrini ifşa etmək üçün nə etmək lazımdır?
Facebook-da "5G və coronavirus" sözlərini axtarışa verdiyiniz zaman, əsasən, tanıdığımız xəbər şəbəkələri, xəstəxana və səhiyyə qurumlarının etibarlı xəbərləri çıxır. Ancaq sadəcə "5G"-ni axtarışa verdiyimiz zaman yuxarıda göstərilən əsassız iddia ilə bağlı saxta xəbərlər də çıxır.
Belə bir əlaqənin olduğunu iddia edən bəzi videoların üzərində onların yanlışlığının sübut edildiyi haqda işarə qoyulub. Ancaq istifadəçilər hələ də bu videoları izləyə bilirlər. Onların bəzilərinin baxış sayı on minlərlə ölçülür. İstifadəçilər istədikləri halda belə videolara şərh də yaza bilirlər.
Facebook sözçüsü öz bəyanatında şirkətin virus ətrafında yaranan dezinformasiya ilə mübarizə aparmaq üçün "aqressiv" tədbirlər gördüyünü vurğulayıb. O həmçinin qeyd edib ki, şirkət COVID-19 ilə 5G texnologiyasını əlaqələndirən və mobil rabitə qüllələrinə hücumları qızışdıran "yanlış" iddiaları silməyə başlayıb.