Türkün 5 kitabından biri -İZ

Ramiz Əsgər, 2011

İZ

Sevda İsmayıllı

Türkoloq-professor Ramiz Əsgərin fikrincə, “Yusuf Balasaqunlunun “Qutadqu- bilik” (Xoşbəxtliyə aparan elm) əsəri türk dünyasının 5 kitabından biridir

“Yusuf Balasaqunlunun “Qutadqu- bilik” əsəri (“Xoşbəxtliyə aparan elm” və ya başqa adla “Quta quvuşduran bilik”) əsəri türk dünyasının 5 kitabından biridir”

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına tanınmış türkoloq alim Ramiz Əsgər söylədi.

Hələ 1994-cü ildə bu möhtəşəm kitabı Azərbaycan türkcəsinə çevirən Ramiz bəy Yusuf Has Haciz Balasaqunlunun 1000 illik yubileyinə əsərin biblioqrafiyasını ərməğan edib və noyabrın 2-də 2016-cı ili “Yusuf Balasaqunlu ili” elan edən TÜRKSOY-un “Balasaqunlu medalı”na layiq görülüb.

Orxan abidələri

“DAŞ ÜZƏRİNDƏ TÜRK HEKAYƏLƏRİ”

Ramiz Əsgər “türkün 5 kitabını” AzadlıqRadiosuna belə açıqladı:

“Türk dünyasının birinci kitabı Orxon-Yenisey-dir (Ramiz Əsgər Monqolustana gedib və 2012-ci ildə “Orxon abidələri” adlı kitab yazıb - red). Təxminən V əsrdən başlayıb. 551-ci ildə tarixdən türk adı keçib. Orxon-Yeniseydə 650 əsər var. Həm Orxon , həm də Yenisey çaylarının hövzəsində yerləşdiyindən, o adı daşıyır. Bu abidələr 13 ölkə ərazisindədir. Daş üzərində türk hekayələridir...

Türkün ikinci kitabı kaşğarlı Mahmudun “Divani-lüğət-it-türk”üdür (bu kitabı da Azərbaycan türkcəsinə Ramiz Əsgər çevirib-red.). O bütün ləhcələri içinə alır. Və X əsrdən başlayaraq bu ləhcələr diferensiasiyaya uğrayır, haçalanır. Başqa deyimlə, bir-birindən aralanmağa başlayır. Məsələn, oğuzların (türkmən, Azərbaycan, türk, qaqauz, Krım tatarı-red.) şah əsəri “Kitabi-Dədə Qorqud”dur. Qıpçaqların şah əsəri (qazax, qırğız, qaraqalpaq, noqay və bəzi xırda qövmlər - red.) “Manas”dır. “Manas”ı hər bir qıpçaq-savadlı olsun, ya savadsız- anlayır”.

NECƏ YAŞAMALI, NECƏ UŞAQ BÖYÜTMƏLİ, NECƏ YEMƏLİ...

Ramiz Əsgər türkün beşinci kitabının üstünə gəldi: ”Orada bir karluq qrupu var. Onların da şah əsəri “Qutadqu-bilik”dir - Yusuf Has Haciz Balasaqunlu yazıb. Qaraxanlı türkcəsində yazıb. Bunu da başa düşür uyğur, sarı uyğur, salar və bəzi Altay qövmləri. Təxminən 60-70 milyonluq bir qrupun əsəridir. Çox gözəl əsərdir. Didaktik əsərdir. O dövrün bütün siniflərini, zümrələrini, kateqoriyalarını yazıb. Xaqana və oxucuya nəsihət kitabıdır. Məsələn, xaqan üçün dərs alınacaq yerlər var kitabda. Yazır ki, bizim cəmiyyət bunlardan ibarətdir və bunların hər biriylə necə davranmaq lazımdır... İnsanlara üz tutur. Uşaqları necə böyütməli, necə evləndirməli, kiminlə evləndirməli? Deyir, qonaq getdin-necə yeməlisən, özünü necə aparmalısan, necə danışmalısan...”.

Kaşğarli Mahmud

HÖKMDARIN ZAHİRİ ƏLAMƏTLƏRİ

Verilişin bələdçisi kitabda dövlət vəzifəsi tutan adamların da öhdəliklərinin sadalandığını deyir:

“Xaqan necə olmalıdır? Deyir, xaqan nə çox uzun olmalıdır ki, uzundraz deyə istehza eləsinlər, nə də çox qısa olmalıdır ki, xalqın ayamalarına tuş gəlsin. Ortaboylu, gözəl, düzsaçlı, üz cizgiləri dolğun-düzgün olmalıdır...” .

CƏMİYYƏTNAMƏ, DÖVLƏTNAMƏ, NƏSİHƏTNAMƏ, SİYASƏTNAMƏ, QANUNNAMƏ...

Ramiz bəy bu əsəri ”cəmiyyətnamə” adlandırır və sözünə bunları əlavə edir:

“Sonra insannamədir. İnsanın vəzifələrini sayır. Həm də, vücudnamədir-hansı yaşda necə olacaq-bunları da göstərir. Dövləti vəsf edir. Deyir ki, insan xoşbəxtliyi milli dövlət çərçivəsindədir. Həm də, dövlətnamədir. Xaqan öz vətəndaşına necə baxmalıdır və gümüşün əyarını necə qorumalıdır? Devalvasiyanı, inflyasiyanı nəzərdə tutur. Rəiyyətin vəzifəsi nədir? Xaqanın dostuna dost, düşməninə düşmən olmaqdır. Xaqan çağırdığında dərhal müharibəyə hazır olmalıdır və s. Həm də, bayaq dediyim kimi, pəndnamədir, yəni nəsihətnamədir. Didaktik məsləhətlər, öyüdlər və s. Həm də, siyasətnamədir. Siyasət adamı olduğu üçün bu məsələlərə də geniş yer verib. Belə bir əsərdir. O qədər gözəldir ki, oxuduqca heyran olursan”.

“HÖKMDAR HƏYALI, İSMƏTLİ VƏ NAMUSLU OLMALIDIR”

Möhtəşəm kitabda “hökmdar necə olmalıdır”-sualına da min bir cavab var:

“Xalqını sevməlidir, xalqını qorumalıdır, xalqını xoşbəxt etməlidir! Yolları, izləri təhlükəsiz etməlidir. Şəhər-kəndləri abad etməlidir. Ölkəni qanunla idarə etməli və ağıllı bir idarəetmə siyasəti yürütməlidir. Xalq hökmdara baxıb, ondan nümunə götürər. Adil olmalıdır. Əgər uzun müddət ölkəni idarə etmək istəyirsə, onda ölkəni ədalətlə yönəltməli və həqiqətin keşiyini çəkməidir. Həyalı, ismətli və namuslu olmalıdır. Əgər düz olmasa, əxlaqını qorumasa, onda ölkə fəlakətə sürüklənər... Cəsur və qəhrəman olmalı, xalqın da özünü örnək bilməsinə səbəb olmalıdır. Hökmdarı qorxaq olan dövlət məhvə və dağılmağa məhkumdur. Belə görünür ki, indiki prezidentlərin vəzifəsi o dövrlərdə də aktual imiş. Zatən həyatın tələbi də budur. Bir şəxs ölkədə şahdırsa, sultandırsa, prezidentdirsə, deməli, xalqı var - onu yaşatmalıdır! Əslində, tarix boyunca heç bir hökmdar xalqın pis yaşamasını istəməyib. İstəyib xalq yaşasın, kef eləsin. Özü də kef edə bilsin. Ancaq kimə qismət olur-kimə olmur-bu başqa məsələdir...”.

Balasgunlu Yusuf

KİTABIN DÜNYADA 3 ORİJİNAL NESXƏSİ QORUNUR

Ramiz Əskər kitabın dünyada 3 nüsxəsinin qorunduğunu bildirdi:

“Biri Fərqanə nüsxəsidir. Birini Qahirədə tapıblar. Biri isə Vyanada qorunur. Fərqanə nüsxəsini Zəki Vəlidi Toğan tapmışdı. İkisi ərəb, biri uyğur əlifbasıyladır. Uyğur əlifbasıyla olan mətn ana mətn kimi götürülür. Müxtəlif dillərə tərcümə olunub bu kitab. Avropa alimləri işləyib bu əsər üzərində. Rus, ingilis, fransız, türk, özbək, çin və s. Mən siyahını vermişəm. Əsərləri əlifba sırasıyla saymışam-dillərə görə”.

“QUTADQU-BİLİK” ƏN ÇOX HANSI ÖLKƏDƏ ARAŞDIRILIB?

Aparıcının: “Ən çox hansı ölkədə araşdırılıb “Qutadqu bilik” sualını verilişin bələdçisi belə cavabladı:

“Kitabda 1540 qaynağın dillərə görə miqdarı da fərqlidir. Birinci yerdə 651 qaynaqla türklər gəlir. Qaynaqların 254-ü ruscadır, sonra qazaxlardır. Uyğurlar (74), qırğızlar (67), ingilislər (56), almanlar (32), özbəklər (46) və 32 mənbə ilə azərbaycanlılar... Sonra gəlir çincə (30), fransızca (11), tatarca (6), italyanca (3), macarca (3), qaraqalpaqca (2), türkməncə, başqırdca, ərəbcə, tacikcə, yaponca (hərəsi 1). Demək, “Qutadqu bilik” Türkiyədə, Rusiyada, Qazaxıstanda daha çox araşdırılıb”.

X ƏSRİN ƏN PARLAQ ULDUZU!

Ramiz bəyYusuf Balasaqunlunu “ulduz” adlandırdı: “Kitaba “Önsöz”də yazdım:

Qutlu yazar, qutlu əsər. Gerçəkdən də belədir. Türk və dünya şeir kəhkəşanında əsrlərdən bəri ən parlaq ulduzlardan biri kimi işıq saçır. Bu, onların hər ikisinin sahib olduğu qutla bağlıdır. Yazar da, əsər də insanlıq üçün eyni dərəcədə qutlu, müqəddəsdir. Gör necə yazıçıdır ki, minillik yubileyi keçirilir... Necə əsər yazıbsa, zamanın tarixin bütün sınağından keçib. 1000 ildə, təxminən, 40 nəsil gəlib-gedib. 40 nəsil bunu oxuyub! Balasaqunlu Yusuf xoşbəxt bir sənətkardır. Mən də, bu əsərlə bağlı olduğum üçün özümü xoşbəxt sayıram”.

BALASAQUNDA DOĞULDU, KAŞQARA GƏLDİ...

Verilişin bələdçisi Balasaqunlunun həyatı barədə bilgilər də verdi:

”Əsərin avtobioqrafik səciyyə daşıdığını bilirik. Zatən əsərinin qəhrəmanı da özüdür. Oradan bilirik ki, Balasaqunda doğulub, sonra Kaşqara gəlib. Yazır ki, bir başqa şəhərdə doğulub paytaxta gəldi. Bir adam vasitəsiylə xaqanla tanış oldu. Xaqan ona vəzifə verdi. Yəni əsərin süjeti belədir - avtobioqrafikdir. 13 min misradır. Mahiyyət əsərdə çox qüvvətlidir. İnsana həyatın bütün mərhələlərində nəsihət verir. Hər şeyi tək-tək yazıb. Ona görə də, min ildir yol gəlir”.

“VƏTƏNSEVƏR UYĞUR” VAR, “VƏTƏNSEVƏR AZƏRBAYCANLI” YOX?

Ramiz Əsgər biblioqrafiyanın çapında yenə problem yaşadığını bildirdi:

“Çap bizim ölkədə çox ağır bir işdir. Həmişə verilişlərinizdə gileylənirəm. Əsəri tanıyan yox, tanıyan-olan da deyir nəyimə lazım?..Yenə yaxın durmadılar. Məcbur oldum uyğurlardan kömək istədim. Məlum oldu ki, nəşriyyatı olan bir uyğur kitabın çapına kömək edə bilər... Dedi, İstanbulda çap edə bilərik, amma daşınması bahadır. Pul göndərək, orda çap etdirin. Elə də etdik. Heç adının kitabda getməsini də istəmədi. Dedi, yaz ki, “vətənsevər bir uyğur maliyyələşdirib. Elə də yazdım...”.

BALASAQUNLU KİMİNDİR?

Ramiz bəy Balasaqunlu ilə bağlı araşdırmaların tarixindən də danışdı:

“90-cı illərdən başlayan bir fəaliyyətdir bu. 1994-cü ildə sətri tərcümə etmişdim kitabı. Rus əlifbasında çıxmışdı. Sonra 2006-cı ildəprezident fərmanıyla latın əlifbasında basıldı. Elmi işim də “Qutadqu bilik”lə bağlı idi. Bu il Balasaqunlunun anadan olmasının 1000 illiyi qeyd olunur. Biblioqrafiyanı o üzdən hazırladım. TÜRKSOY2016-cı ili “Yusuf Balasaqunlu ili” elan edib. Bu günlərdə Şəkidə keçirilən beynəlxalq konfransda“Balasaqunlu medalı”na layiq görüldüm. Heç gözləmirdim. Türkiyədə, Özbəkistanda, Qazaxıstanda bir neçə tədbir keçirilib. Ən əsası, Qırğızıstan prezidenti Balasaqunlunun 1000 illiyinin bayram edilməsi haqqında fərman imzalayıb. Orada böyük tədbirlər olacaq. Çünki Balasaqun şəhərinin xarabalıqları o ölkədədir. Qırğızlar onu öz yazıçıları sayırlar. Mən bəzi akademik çevrələrdə buna etiraz etmişəm. Demişəm ki, o dövrlərdə siz buralarda yaşamırdınız. İndi belə qismət olub...”.

ULU HAS HACİB-HÖKMDARLA XALQ ARASINDA PƏRDƏ ROLUNU OYNAYAN ADAM

Ramiz bəy onu bir daha belə öydü: “”O, uyğurdur.Qaraxanilər dövlətinin siyasi xadimidir. Xaqandan, vəzirdən və müdafiə nazirindən sonra dördüncü vəzifə tutan adam olub. Has Hacibdir. Ulu Has Hacibdir. Hacib-Avropa dillərinə kamerdiner və almancaya ober-hof marşal kimi tərcümə olunur. Şərq dillərində buna “pərdədar” da deyirlərmiş. Yəni hökmdarla xalq arasında pərdə rolunu oynayan adam! Gərək olanda pərdəni çəkib hökmdarı xalqla görüşdürür və xalqın şikayətlərini hökmdara çatdırır... Xarici səfirləri qəbul edib, yola salır. Monarxiya rejimlərində buna saray naziri də deyilir. Sonra bu möhtəşəm kitabı yazıb - 6650 beytlik...Qaraxani sultanı Buğra xana təqdim edib. Ruhu şad olsun! Bu əsərə “Türklərin Şahnaməsi” də deyirlər”.

“İz”i buradan dinlə