AzadlıqRadisounun Erməni xidməti – Azatutyun sual edir ki, Laçın dəhlizində Qarabağı Ermənistanla birləşdirən yola alternativ yolun çəkilişi başa çatanadək, yəni səkkiz ay müddətində ermənilər hansı yoldan istifadə edəcəklər?
Laçın yoluna alternativ yolun Ermənistan ərazisindəki Kornidzor sektorunun tikintisi gələn ilin yazında başa çatmalıdır.
Azatutyunun Dağlıq Qarabağ rəsmisi kimi təqdim etdiyi Viktoriya Petrosyan deyib:
“4 kilometrlik qrunt yolu var. Bu yol hazırda işləyən magistrala biləşir. Bu youn bir hissəsi Ermənistanın, digər hissəsi isə Azərbaycanın nəzarət etdiyi əraziyə düşür. Biz müvəqqəti olaraq bu dörd kilometrlik yoldan istifadə edəcəyik. Əsas yol tikilənə qədər bu yol dəhliz məntiqi ilə işləyəcək”.
Petrosyanın sözlərinə görə bu yol da Rusiya sülhməramlılarının nəzarəti altında olacaq.
Sizin brauzer HTML5-i dəstəkləmir
Həkəri körpüsü
Bu da xəbər verilir ki, avqustun 25-dən sonra Qarabağ və Ermənistan arasında hərəkət Azərbaycanın Həkəri çayı üzərindən saldığı körpüdən keçəcək:
“Körpünü keçirsiniz, Aqavno (Zabux-red) kəndinin yanından sağa dönürsünüz və yolu otlaq və çöllərlə davam etdirirsiniz”.
Azatutyun yazır ki, yeni salınmış körpünün bu tərəfində qeyri-müəyyənlik var. Zabux kəndindəki ermənilər deyirlər ki, yol minik avtomobilləri üçün keçilməzdir.
Zabuxdakı ermənilərdən Karen Akopyan bu barədə deyib:
“Yol hazırda keçilməzdir. Orada iş görülməlidir. Yüngül maşınlar oradan keçə bilmir”.
Buna da bax: ABŞ Qarabağdakı gərginliyin 'dərhal' azaldılmasına çağırır
Avqustun 25-dən sonra
Azatutyun yazır ki, sözü gedən 4 kilometrlik yol müvəqqətidir, lakin bu yolun işləməsi üçün onun abadlaşdırılmasına ehtiyac var.
Kornidzor və Zabuxdakı ermənilər deyirlər ki, hələ heç bir iş görülmür.
Onlar bununla əlaqədar Ermənistanın müvafiq nazirliyinə müraciət ediblər. Onlar bilmək istəyirlər ki, 15 gündən sonra Ermənistanla Qarabağı birləşdirən yeganə yol olacaq bu yolun təmiri planlaşdırılırmı?
Kənd adamlarına nazirlikdən bu barədə informasiyalarının olmadığını bildiriblər. Qarabağ separatçılarının cavabı isə daha çox suallar doğurur.
Viktoriya Petrosyan bu barədə deyib:
“İmkan daxilində iş görülür ki, biz heç olmnasa ayın 25-dən sonra əsas yol hazır olanadək bu yolla gedib-gələ bilək”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.