Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri Zamin Salayev (yaxınları və partiya üzvləri onu Əlizamin adlandırır-red.) 94 gündür aclıq etdiyini deyir. Onun sözlərinə görə, bu müddətdə 47 kiloqram çəki itirib və 118 kiloqramdan 71 kiloqrama düşüb.
“Artıq aclığın 94-cü günündəyəm. İki gün əvvəl vəziyyətim çox pis idi. Təzyiqim 60-40-a, hərarətim 33 dərəcəyə düşmüşdü. Təcridxanada zabit heyəti, həkimlər – hamı oradaydı...”, – Salayev mayın 11-də Qaradağ rayon Məhkəməsində hakimin aclığı davam etdirib-etdirməməsi haqda sualına cavab verərkən bildirib.
Salayevin zahiri görünüşündəki dəyişiklik aşkar görünür. O, ayaq üstdə dayanmaqda, hərəkət etməkdə çətinlik çəkir. Hakim Rufan Mürsəlov bunu nəzərə alaraq, ifadə verərkən, sualları cavablandırarkən ayağa qalxmadan, əyləşmiş vəziyyətdə danışmağa icazə verib.
AXCP funksioneri bədənində yaranmış yaraları da məhkəmə prosesini izləyənlərə göstərib. Deyib ki, uzun müddət qida qəbul etmədiyinə görə bədənində yaralar əmələ gəlib.
Buna da bax: Əlizamin Salayevin məhkəməsi: ‘Kameralar niyə məhz həmin vaxt işləməyib?’“Orada 8 dənə kamera var, necə olur heç biri işləmir”
Vəkilləri bu məhkəmə iclasında da Salayevin ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar. Fəxrəddin Mehdiyev vurğulayıb ki, onun həyatı təhlükə altındadır. Müdafiəçinin sözlərinə görə, belə bir vəziyyətdə insanın həbsdə saxlanması qeyri-insani, qəddar davranışdır. Lakin hakim onu həbsdən buraxmağa razılaşmayıb.
Prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Salayev fevralın 6-dan 7-nə keçən gecə Lökbatan dairəsi adlanan ərazidə Natiq Süleymanov adlı şəxslə mübahisə edib. Onu öncə söyüb, sonra yumruqla vurub, ardınca da bıçaqla xəsarət yetirib.
Salayev ittihamda yazılanların uydurma olduğunu bildirib. Onun sözlərinə görə, Salyana qayıtmaq üçün öncədən sifariş etdiyi taksiyə minməyə gedəndə bir nəfərin söyüş söyə-söyə üstünə gəldiyini görüb. Dərhal ona qarşı təxribat olduğunu başa düşüb. Həmin şəxsi itələyib qaçmaq istəyəndə ətrafdan polislər çıxıb, əllərini qandallayıb aparıblar:
“...Orada 8 dənə kamera var, necə olur heç biri işləmir?”
Sizin brauzer HTML5-i dəstəkləmir
Zərərçəkmiş və şahidlər
Zərərçəkmiş qismində tanınan Natiq Süleymanov isə iddia edib ki, Salayev onu öncə yumruq və təpiklə vurub, ardınca iki dəfə bıçaqla xəsarət yetirib:
“Telefonla danışırdım, gəlib ayağımın üstünə çıxdı. Söyüş söydü, sonra da vurdu. Bir də ayıldım ki, xəstəxanadayam...”
Məhkəmədə dindirmə zamanı məlum olub ki, Süleymanov narkotik istifadəçisidir, narkoloji dispanserdə qeydiyyatdadır, narkotik vasitələrin qanunsuz dövriyyəsilə əlaqədar məhkum edilib.
Məhkəmədə Salayevin Süleymanovu vurmasını gördüyünü deyən iki şahid də dindirilib – Rüstəm Cəmiyev və Bilal Zeynalov. Vəkillərlə sual-cavab zamanı məlum olub ki, onların da hər ikisi narkotik istifadəçiləridir, narkotiklərin qanunsuz dövriyyəsilə əlaqədar məhkum olunublar.
“Hörmətli hakim, mən də bilirəm ki, bu məsələ sizlik deyil, nə sifariş gəlsə, o hökmü də oxuyacaqsız. Hökmü tez oxuyun, bu şou-proqram da qurtarsın. Mən onsuz da ölümümü gözləyirəm. Yaxınlarımla da halallaşmışam. Bunların ümidinə qalıblar, utanmırlar? Bunların yalanlarını eşidirəm, səhhətimə daha da pis təsir göstərir”, – Salayev belə deyib.
Məhkəmə prosesi mayın 17-də davam edəcək.
Buna da bax: Ali Məhkəmə ölüm işinə düzgün baxılmadığı haqda qərar verdiAnası prezidentə müraciət edib
AXCP fəalının anası Şamama Salayeva məhkəmədən sonra Prezident İlham Əliyevə müraciət edərək oğlunun azadlığa buraxılmasını xahiş edib. Onun sözlərinə görə, oğlu Salyanda haqsızlığa qarşı mübarizə apardığına görə cəzalandırılıb:
“Əlizamini izləyirdilər. Onu əxlaqına, düz danışdığına, haqqı danışdığına görə cəzalandırdılar. Onun yetkinlik yaşına çatmayan övladı var. Xahiş edirəm, balamın ölməsinə imkan verməyin...”
Fevralın 7-dən həbsdə olan Zamin Salayev CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur. Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Salayev bundan öncə dəfələrlə polisin qanuni tələbinə tabe olmama və başqa ittihamlarla bir neçə dəfə inzibati qaydada həbsdə olub. O, 2020-ci ilin aprelində Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə 2 il 3 ay azadlıqdan məhrum edilmişdi.
Bundan başqa, o, dəfələrlə etiraz aksiyalarında saxlanılaraq, polisə müqavimət və başqa ittihamlarla inzibati qaydada da həbs olunub.