Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin yenidən aclıq aksiyasına başladığı bildirilir.
Bu barədə onun vəkili Nemət Kərimli "Turan"a məlumat verib.
Vəkilin sözlərinə görə, iyulun 10-da aclıq aksiyasını başlayan Salayev azadlığa buraxılmasını tələb edir.
Vəkil qeyd edib ki, Salayev iyunun 1-də 114 günlük aclıq aksiyasını verilən vədlərdən sonra dayandırmışdı: "Ancaq iyulun 6-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə jurnalistləri buraxmayıblar, müdafiə tərəfinin də vəsatətləri təmin edilməyib. Zamin bəy belə olan halda düşündü ki, ona işə ədalətli baxılması ilə bağlı verilən vədlər yerinə yetirilməyəcək və aclıq aksiyasına yenidən başlamaq qərarı verib".
Kərimlinin sözlərinə görə, Salayevin sağlamlığında ciddi problemlər var, bundan əvvəlki aclıq aksiyasından hələ tam bərpa olunmayıb və bu aclıq onun səhhətinə ciddi zərbə vura bilər.
Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, məsələ araşdırılandan sonra məlumat veriləcək.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Zamin Salayev fevralın 7-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb. Rəsmi məlumata görə, Salayev Qaradağ rayonu ərazisindəki "Lökbatan dairəsi" adlanan yerdə xuliqanlıq zəminində Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Salayevin özü bu ittihamları qəbul etməyib və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, 4 il azadlıqdan məhrum edilib.
Həbsinə etiraz olaraq Salayev 114 gün aclıq aksiyasını keçirib.
Yerli hüquq müdafiəçiləri Zamin Salayevi siyasi məhbus hesab edir. Azərbaycan hökuməti isə, bir qayda olaraq, ölkədə siyasi motivlərlə həbslərin olmasını inkar edir.