11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin Salayevə təzyiqlər göstərildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Partiyadan bildirildiyinə görə, o bu barədə dostlarına danışıb, lakin detallardan bəhs edilməyib.
AXCP-dən vurğulandığına görə, Z.Salayevə təzyiqlər əvvəllər də olub, amma son vaxtlar daha da artıb.
Hələlik, AXCP-nin bu məlumatına Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma xidmətdən bundan əvvəl həbsdə olan müxalifətçilərə təzyiqlər edilməsi ilə bağlı şikayətləri yalanlayıblar. Onların demələrinə görə, məhkumlarla yalnız qanun çərçivəsində davranılır.
2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə Z.Salayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Salayev həmin il fevralın 7-də saxlanmışdı və o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) maddəsi ilə ittiham edilirdi. AXCP fəalı ittihamı qəbul etmir.
Xatırlatma
AXCP-nin fəal üzvlərindən (Salyan şöbəsinin sədri) Z.Salayev bundan əvvəl, 2020-ci ilin aprelində Salyan rayon Məhkəməsində 2 il 3 ay azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.
Salayev 2022-ci il yanvarın 19-da - Amnistiya Aktı ilə əlaqədar vaxtından bir neçə ay əvvəl azadlığa çıxmışdı.