Etnik mordvalı Dağıstanın baş naziri oldu

Artyom Zdunov

Dağıstan parlamenti fevralın 7-də Rusiyanın əslən Tatarıstan Respublikasından olan milliyyətcə mordvalı Atryom Zdunovu respublikanın baş naziri vəzifəsinə təsdiq edib.

Bundan bir gün əvvəl Dağıstanın baş naziri Abdusamad Qadirov və baş nazir müavini əvəzləri Şamil İsyaev və Rayudin Yusufov da daxil bir neçə ali vəzifəli rəhbərləri dələduzluq ittihamları ilə saxlanıblar.

Fevralın 7-dək Tatarıstanın iqtisadiyyat naziri olmuş Zdunovu Dağıstanın baş naziri vəzifəsinə respublikanın başçı əvəzi Vladimir Vasilyev təklif etmişdi.

Vasilyev Qamidov, İsyaev və Yusufovu fevralın 6-da, onlar Rusiya federal büdcəsindən alınmış pulları təyinatı üzrə xərcləmədiklərinə dair şübhələrlə həbs edildikdən sonra, rəsmən vəzifələrindən azad edib.

Həbs edilib Moskvaya aparılanlar arasında Dağıstanın təhsil naziri Şaxbas Şaxov da var

Həbs edilmiş Dağıstan rəsmiləri istintaq üçün Moskvaya aparılıblar.

Vasilyev Rusiya prezidenti Vladimir Putin tərəfindən Dağıstanın başçı əvəzi təyin edilənədək Rusiya Dövlət Dumasında Vahid Rusiya fraksiyasına başçılıq edib.

Dağıstan son illərdə biznes müharibələri, siyasi çəkişmələr, klan qarşıdurmaları və islamçı ideologiyanın meydanına çevrilib.

Artyom Zdunovun Dağıstanın baş naziri vəzifəsinə təyin edilməsi Rusiya mediasında geniş müzakirə olunur.

Kazan Universitetinin professoru, politoloq Sergey Sergeyev Kommersant qəzetinə deyib ki, Mərkəzi Rusiya və Volqaboyundan olan məmurlar Şimali Qafqazda çox da qərar tuta bilmirlər, amma Dağıstan bu mənada istisna təşkil edir:

“Orada mürəkkəb etnik ierarxiya var. Bu mənada istər rus olsun, istərsə də Zduniov kimi mordvalı, Dağıstanda neytral fiqur kimi qəbul olunur”.

Politoloq Konstantin Kalaçov deyir ki, Tatarıstanı “kadrlar” məktəbi hesab edirlər.

O düşünür ki, Zdunov Dağıstana Tatarıstandan başqa məmurları da dəvət edə bilər.

Kommersant yazır ki, Zdunov yaxşı “danışıqçı” kimi tanınır. Məsələn, Tatarıstanda bir neçə “batmış bankın” əmanətçiləri ilə “söhbətləri” o aparıb və məsuliyyəti öz üzərinə götürüb.

Rusiay mediasında və sosial şəbəkələrdə yayılan mülahizə və ehtimalara görə Tatarıstan İnvestisya İnkişafı Agentlyinin başçısı Taliya Minullina və Tatarıstanın biznes-ombudsmanı Timur Naqumanov Zdunovun müavinləri vəzifəsinə gətirilə bilərlər.