Kütləvi “zəhərlənmə”yə görə, cinayət işi başlanıb

arxiv foto

İyunun 25-də 20 nəfər Bakı şəhər sakininin “qida zəhərlənməsi” diaqnozu ilə xəstaxanaya yerləşdirilməsi prokurorluğun da bəzi addımlar atmasına səbəb olub.

Bununla bağlı bu gün, iyunun 27-də Bakı Şəhər Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, qeyd edilən tarixdə 20 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Prokurorluğun açıqlamasına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər dönərxanalardan birindən dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

“Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilmiş, nümunələr götürülərək laborator müayinəsinə göndərilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir” - açıqlamada yazılıb.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.

Hələlik, bu açıqlamaya qeyd edilən dönərxananın sahibi və işçilərindən münasibət almaq mümkün olmayıb.