Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə savaşı bitirməyə yalnız ABŞ-nin güvənlik zəmanətlərinin anlam daşıdığını söyləyib. O, podkastçı Leks Fridmana müsahibəsində ABŞ-də prezident seçilmiş Donald Trampla yanvarın 20-dəki andiçmədən az sonra görüşməyə ümid bəslədiyini bildirib: "ABŞ-siz güvənlik zəmanətləri mümkün deyil. Rusiya təcavüzünün önünü kəsəcək güvənlik zəmanətlərini nəzərdə tuturam".
Zelenskinin fikrincə, belə zəmanətin olmaması gücünü bərpa edəcək Kremlə yeni təcavüz gerçəkləşdirmək imkanı verəcək.
Ukraynalı lider əmindir ki, Tramp gərəkli güvənlik zəmanətləri nəzərdə tutan ədalətli və davamlı sülh sazişinə nail ola bilər: "Trampla razılığa gələ bilərik. Avropa ilə birgə güclü güvənlik zəmanətləri təklif edə bilər, ardınca da ruslarla danışa bilərik. …Məncə, Trampın buna istəyi də var, bütün imkanları da. Bu, yalnız söz olaraq qalmaz".
Zelenski və Ukrayna vətəndaşları Rusiya prezidentinə təzyiq göstərmək üçün Trampın yetərincə güclü olduğuna güvənirlər.
"Lukaşenkoya dedim ki, siz də qatilsiniz"
Zelenski "Atəşkəs üçün ölkəyə nə gərəkdir" sualını "NATO üzvlüyü çərçivəsində güvənlik zəmanətləri", - deyə cavablayıb.
O bunu da deyib ki, zəmanətlər rəsmi Kiyevin nəzarəti altında olan əraziləri əhatə etməli, Qərb dövlətləri Ukraynanın hərbi təminatını və Rusiya iqtisadiyyatını çökdürən sanksiyaları davam etdirməlidir.
Zelenskinin fikrincə, Putin, "zəif NATO", "savaş meydanında tab gətirə bilməyən Ukrayna", eləcə də "mənimlə Tramp arasında güclü münasibətlərin olmaması" təsəvvürünü yaratmaq istəyir.
O, savaşın ilk günlərində Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışığını da xatırladıb. Belarus lideri ölkəsindən endirilən raket zərbələrinə görə üzr istəyib və bunun Putinin əmriylə gerçəkləşdiyini vurğulayıb.
"Ona dedim, siz də qatilsiniz", - Zelenski belə deyib və davamında söyləyib: "Cavabında dedi anlamalısan ki, ruslara qarşı savaşa bilməzsən".