Zelenski: əks-hücum tədbirləri davam edir...

Ukrayna hərbçiləri

"Ukraynada müəyyən müdafiə və əks-hücum hərəkətləri həyata keçirilir...".

Bunu Ukrayna prezidenti Volodimir Zelenski iyunun 10-da Kiyevdə Kanadanın baş naziri Kastin Trödo ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Amma Zelenski döyüşlərin hansı mərhələdə və hansı istiqamətdə olması ilə bağlı təfərrüatlara varmayacağını söyləyib.

Son günlər əsasən Rusiya mənbələri, həm də bir sıra Qərb KİV-ləri Zaporojye vilayətində şiddətli döyüşlərin getdiyini bildirirlər.

Rusiya prezidenti Vladimir Putinin Ukrayna qoşunlarının artıq əks hücuma başladığını və uğursuzluqla üzləşdiyini iddia edib.

Hətta Rusiyanın Müdafiə Nazirliyi, müharibə tərəfdarı olan bloqerlər Qərb ölkələrinin Ukraynaya göndərdiyi tank və zirehli texnikanın əks olunduğu foto və videoları fəal şəkildə dərc edirlər.

Xəbərlərdə iddia olunur ki, həmin texnikalar Ukraynanın əks-hücuma keçməsindən sonra vurulan texnikalardır.

Buna da bax: Azərbaycan və Ukrayna ərazilərində mina təmizlənməsi illər və milyardlar apara bilər

Amerika Müharibənin Öyrənilməsi İnstitutu gündəlik hesabatında Ukrayna ordusunun Zaporojye vilayətində hücum əməliyyatları apardığını və döyüşdə texnika itkilərinin olduğunu bildirir.

Lakin İnstituta görə, bu fakt hücumun uğur və ya uğursuzluğunun göstəricisi ola bilməz. Hesabatda o da qeyd olunur ki, bu texnikanın əksəriyyəti təmir oluna bilir və onun ekipajları bir qayda olaraq sağ qalır.

Zelenski gündəlik ordu rəhbərləri ilə əlaqə saxladığını və onların hamısının "pozitiv əhvalda" olduğunu bildirib. O həmçinin jurnalistləri teleqram kanallarına və Rusiya prezidentinin mesajlarına inanmamağa çağırıb.

Həmçinin Zelenskinin sözlərindən belə aydın olub ki, söhbət taktiki hücum manevrlərindən yox, həlledici məqsədlərlə hücumun başlanğıcından gedir.

Buna da bax: ABŞ Rusiyaya köməyinə görə Ermənistana xəbərdarlıq edir

Ukrayna prezidenti deyib ki, “əks-hücumla bağlı hadisələri hamımız mütləq hiss edəcəyik”.

"Vacib odur ki, Rusiya vaxtlarının çox qalmamasını hiss edir"- Ukrayna prezidenti vurğulayıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Müharibənin davam etdiyi müddət ərzində Ukraynada çoxsaylı yaşayış məntəqələri dağıdılıb, mülki insanlar həlak olub. Yüz minlərlə Ukrayna vətəndaşı evlərini etirib, ölkəni tərk etmək məcburiyyətində qalıb.