Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla müharibəni bitirməkdən ötrü “hər şeyi” edir, amma Donbasda sülh “90 faiz” Rusiya Prezidenti Vladimir Putindən asılıdır.
“Uğurun 90 faizi bir şəxsdən asılıdır”
Avqustun 5-də Ukrayna televiziyasına müsahibəsində Zelenski deyib ki, Rusiya lideri ilə görüşə hazırlıq gedir.
Buna da bax: Zelensky: Krımın qaytarılması zaman məsələsidir
“Təəssüf ki, hər şey məndən asılı deyil. İnanıram və qətiyyən gizlətmirəm, Rusiya Federasiyasının prezidenti də mənim fikrimi bilir – bu gün Donbasa qayıdış, Ukraynada sülh, ərazilərimizin işğaldan təmizlənməsində uğurun 90 faizi bir şəxsdən asılıdır”, – Zelenski vurğulayıb.
Kiyevlə Moskva prezidentlərin üzbəüz görüşünün yeri və gündəliyi haqda razılığa gələ bilmirlər.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin ukraynalı həmkarıyla ikitərəfli münasibətləri müzakirə etməyə hazırdır, Ukraynanın şərqindəki vəziyyəti deyil.
Buna da bax: Sorğu: Ukraynalıların çoxu özünü ruslarla eyni millət saymır
Atəşkəs
2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox ölən olub.
Separatçılar Donetsk və Luqansk regionlarında böyük əraziyə nəzarət edirlər.
Separatçılara hərbi və digər dəstək göstərməsinə ciddi dəlil olmasına baxmayaraq Moskva münaqişədə tərəf olmadığını deyir.
Buna da bax: ABŞ və Almaniya Şimal Axını 2 kəməri barədə razılığa gəldilər
Münaqişəni bitirməyi hədəfləyən Minsk razılaşmaları əsasən yerinə yetirilməyib.
“Həmişə demişəm ki, Minsk və bütün razılaşmaların əsas məsələsi atəşkəsdir. Danışmaq üçün azından atəş açmağı dayandırmalısan. Bu faktdır”, – Zelenski bildirib.
O əlavə edib ki, Ukraynanın şərqində “işğalda olan” ərazilər heç vaxt Rusiyanın olmayacaq. O, həmin ərazidə yaşayan, özünü rusiyalı, regionu isə Rusiyanın tərkib hissəsi sayanları Rusiyaya gedərək orada özlərinə yer tapmağa çağırıb.