Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, müharibə şəraitində seçki keçirmək haqda danışmaq "məsuliyyətsizlikdir". O, bununla 2024-cü ilin martında keçirilməli olan seçkinin yubanacağına eyham vurub.
"Hamımız anlayırıq ki, indi, müharibə gedərkən, xeyli problemlərimiz olan vaxt belə yüngül tərzdə seçkiyə bağlı mövzulardan danışmaq məsuliyyətsizlikdir", – o, noyabrın 6-da gecə videomüraciətində deyib.
"Anlamalıyıq ki, müdafiə, döyüş vaxtıdır, dövlətin və adamların taleyi bundan asılıdır... İnanıram ki, seçki üçün uyğun vaxt deyil", – Zelenski vurğulayıb.
O əlavə edib ki, "adamların büdcə vəsaitlərini səki və küçə təmirinə deyil, müdafiəyə ayrılmasını tələb etdiyini görürük. Bu, belə də olmalıdır".
Buna da bax: Ukraynada baş komandanın köməkçisi partlayışda həlak olubKuleba nə demişdi
Xarici işlər naziri Dmitro Kuleba noyabrın 3-də deyib ki, Zelenski gələn yaz prezident seçkisi keçirməyin müsbət və mənfilərini nəzərdən keçirir, müharibə vaxtı belə tədbir keçirmək "görünməmiş" problemlər ortaya çıxarar.
"Məncə, dünyada elə bir ölkə olmaz ki, belə irimiqyaslı işğal fonunda seçki keçirməyi nəzərdən keçirsin", – Kuleba mətbuat konfransında deyib.
"Ancaq səhifəni bağlamırıq. Ukrayna prezidenti fərqli müsbət və mənfi tərəfləri nəzərdən keçirir, götür-qoy edir", – Kuleba sözlərinə əlavə edib.
Rusiya 2022-ci ildə irimiqyaslı işğala başlayandan sonra elan olunmuş hərbi vəziyyətdə ölkədə seçki keçirmək qadağan olunur. Hərbi vəziyyət hər 90 gündən bir uzadılır.
Qərbdə bəziləri isə Ukraynanı Kiyevin demokratik idarəçiliyə sadiqliyinin göstəricisi olaraq seçki keçirməyə çağırırlar.
Zelenski avqustun sonunda deyib ki, 2024-cü il seçkiləri hətta müharibə şəraitində belə keçirilə bilər. Bir şərtlə ki, Qərb müttəfiqləri maliyyə yardımı ayırsın, deputatlar isə bunu təsdiqləsin.