Prezident seçilmiş Donald Trampın "gözlənilməzliyi" Rusiya ilə savaşı bitirməyə yardımçı ola bilər. Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 2-də yayımlanan televiziya müsahibəsində bu fikri dilə gətirib.
Zelenskinin qənaətincə, Rusiya prezidenti Vladimir Putin Trampdan qorxur və ABŞ-nin yeni lideri savaşı bitirməkdə "həlledici" rol oynaya bilər: "O, çox güclü və gözlənilməzdir. Çox istərdim ki, prezident Tramp bu gözlənilməzliyini Rusiyaya da tətbiq etsin".
Zelenski əlavə edib ki, Trampla sonuncu danışıqların birində Ağ evin yeni başçısı ilk görüşlərdən birini onunla keçirəcəyini söyləyib.
Atəşkəsin təmin edilməsi üçün Ukraynada Fransa sülhməramlılarının yerləşdirilməsi fikrini dəstəkləyən Zelenskinin düşüncəsinə görə, bu, ayrıca bir təşəbbüs yox, Ukraynanın NATO-ya üzvlüyü yolunda irəliyə atılan bir addım olmalıdır: "Bu təşəbbüsə gəlincə, bir-iki ölkə olmasını istəməzdik. Bu, birmənalı şəkildə, NATO-ya üzvlüyümüz yolunda atılmış bir təşəbbüs olmalıdır".
Bölgədə bir neçə min hərbçinin yerləşdirilməsini yetərsiz sayan Zelenski əlavə edib ki, həmin hərbçiləri hərbi-dəniz donanması və aviasiya dəstəkləməlidir.
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabr ayındakı sonuncu müsahibəsində deyib ki, rəsmi Moskvanı, Trampın səsləndirdiyi kimi, nə xarici sülhməramlıların yerləşdirilməsi, nə də Ukraynanın NATO-ya üzvlüyünün 20 il ertələnməsi qane edir.
Ukraynanın mövqeyi güclü olarsa…
Həyat yoldaşı Yelena Zelenskaya ilə birgə verdiyi müsahibədə Ukrayna lideri 2024-cü ildə ölkəsinin hərbi uğurlarından da söz açıb. O, Rusiyanın Xarkov, Sumı və Zaporojyeni işğal edə bilmədiyini və Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə daxil olmasını vurğulayıb.
Zelenski düşmənin aramsız hücumları nəticəsində Ukrayna ordusunun yorulduğunu etiraf etsə də, hərbçilərin yanvarda cəbhə xəttinin sabitləşdirilməsi üçün əlindən gələni edəcəklərini deyib. Bu da, onun fikrincə, ölkəyə silah gətirilməsindən və xaricdə təlim alan ukraynalı hərbçilərin qayıtmasından sonra mümkün olacaq.
Ukrayna prezidenti deyib ki, parlament və prezident seçkiləri hərbi vəziyyət ləğv ediləndən sonra keçiriləcək. O özünün yenidən prezident kürsüsü uğrunda mübarizəyə qoşulub-qoşulmayacağını bilmədiyini də söyləyib.
O düşünür ki, döyüşlər dayandırılar və Ukrayna güclü mövqeyə sahib olarsa, seçkilər hətta 2025-ci ildə də baş tuta bilər.