Ukrayna prezidenti Volodymyr Zelenskiy ABŞ-ın onun ölkəsinin hərbi təyyarə mühərrikləri buraxan müəssisəsini almaqda maraqlı olması barədə məlumatları ilk dəfə media xəbərlərindən aldığını deyib.
Xarkovda ölkənin dövlət müdafiə konqlomeratı Ukroboronpromda iclas keçirən Zelenskiy noyabrın 6-da AzadlıqRadiosuna deyib ki, o Motor Sich müəssisəsinin alınmasına maraq olduğu barədə məlumatı bir gün əvvəl öyrənib.
Bundan əvvəl ABŞ-da çıxan Wall Street Journal (WSJ) qəzeti xəbər verirdi ki, şirkəti Pekində və Honq Konqda qeydiyyatdan keçmiş özəl müdafiə podraçısı, həm də ABŞ prezidenti Donald Trump-ın qeyri-rəsmi müşaviri Erik Prince Motor Sich şirkəti ilə danışıqlar aparıb.
Zelenskiy belə danışıqlar barədə heç nə bilmədiyini, ona heç bir məlumat verilmədiyini deyib:
“…amma bu, Ukrayna prezidentinə bağlı bir məsələ olmalıdır, çünki Motor Sich starteji müəssisədir”.
Bundan əvvəl Blackwater müdafiə podratçısı kimi tanınan Prince bəzi xəbərlərə görə 2014-cü ildən bəri Ukrayanya 9 dəfə səfər edib və aviamühərrik istehsalçısının Zaporojyadakı qərargahına baş çəkib.
ABŞ rəsmilərinə istinad etdiyini yazan WSJ noyabrın 5-də iddia edirdi ki, Trump administrasiyası Prince-lə və həssas texnologiyaya malik bu müəssisənin başqa bir potensial alıcısı ilə əlaqəyə girib.
Lakin bu şirkətin nəzarət səhm paketi Ukrayna məhkəməsinin qərarı ilə dondurulub.
Nəzarət səhm paketi Skyrizon Aircraft və Xinwei Telecoms adlı kifayət qədər qaranlıq Çin şirkətlərinə məxsusdur. Bu şirkətlərdə pay çoxluğuna isə biznesmen Wang Jing sahibdir.
The Skyrizon - Motor Sich münasibətləri 2015-ci ildə başlanıb və 2017-ci ilədək davam edib. Bundan sonra Çin şirkətinin Ukrayna şirkətindəki sahiblik payı dondurulub.
O vaxt Ukrayna mütəxəssisləri Çin şirkətinin Çuntsin sənaye parkındakı bazasında istehsalat xəttini quraşdırırdılar.
Bu iki şirkətin 2017-ci ilin oktyabrında Pekində keçirilən aviasiya mühərrikləri şousunda birgə stendi var idi.
Şirkətlər iddia edirdilər ki, onlar Çin və Ukrayna mütəxəssislərini və texnologiyalarını birləşdirəcək müəssisə yaratmağı planlaşdırırlar.
O vaxt Ukraynada və xaricdə Motor Sich şirkətindən istehsalda istifadə edilməyəcəyini və əsas məqsədin həlledici texnologiyanın ötürülməsi olduğunu bildirən həyəcanlı xəbərlər yayılmışdı.
Financial Times yazırdı ki, sözü gedən zavod sınaq, təmir və idxal olunan mühərriklərin saxlanmasına hazırdır, amma istehsalat üçün hazırlanmayıb.
Ukrayna məhkəməsi cinayət məcəlləsinin ölkənin təhlükəsizlik maraqlarına ziyan vurulmasını nəzərdə tutan maddəsi ilə səhmlərin dondurulması barədə hökm çıxarmışdı.
Özəl şirkət olan Motor Sich firmasının başçısı Vyacheslav Bohuslayev əvvəlcə səhmlərinin əsas hissəsini çinlilərə satmış və bununla da Ukrayna Təhlükəsizlik Xidməti - SBU-nun diqqətini cəlb etmişdi.
Bəzi məlumatlara görə, Çinə texnologiya ötürülməsi və Motor Sich şirkətinin gələcək sahibliyi ovaxtkı ABŞ milli təhlükəsizlik müşaviri John Boltonun ötən avqustda Ukraynaya səfərinin əsas mövzusu olub.
Onda Bolton demişdi ki, konkret şirkətləri müzakirə etmək istəmir və belə məsələlər Ukraynanın öz səlahiyyətlərinə aiddir.
Lakin o əlavə etmişdi ki, ABŞ administrasiyası texnologiyanın ötürülməsindən məmnun deyil:
“Biz Çinin ədalətsiz ticarət praktikasından, bunun Birləşmiş Ştatların milli təhlükəsizliyinə gördüyümüz hədələrindən narahatlıqlarımızı bildirmişik”.