Prezident İlham Əliyev ötən həftə, oktyabrın 21-də Zəngilana səfərində bildirib ki, 2021-ci ilin sonunda və ya gələn ilin əvvəlində bu rayona köç başlaya bilər.
Söhbət Qarabağda işğaldan azad olunmuş ərazilərdə Zəngilanın ilk bərpasına başlanan Ağalı kəndindən gedir:
“Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.
Prezidentin bu xəbəri Zəngilan rayonun Ağalı kəndindən olan məcburi köçkünlərin özləri üçün də gözlənilməz olub. Bu kənddən olan 51 yaşlı Rahib Dünyamalıyev deyir ki, şəxsən ona bu haqda hər hansı geniş məlumat verilməyib. Bircə prezidentin elə 4 gün öncəki çıxışından sonra yerli icra hakimiyyətindən ona zəng edib, deyiblər ki, ola bilər, Ağalı kəndinə köç olsun. Amma kimlər köçürüləcək, necə köçürüləcək, ora gedib nə işlə məşğul olacaqlar, bu kimi sualları cavabsız qalıb:
“Yəni, gərək bizi də başa düşsünlər. Dolanışıq olmayandan sonra necə dolanacağıq? Burda yenə öz ailəmizi saxlaya bilirik. İş-güc olmayandan sonra gedib, orda necə ailəmizi saxlayacağıq? Qoyduqları qayda çox gözəldir. Amma deyirlər ki, evlərin qarşısında 12 sot torpaq olacaq, ondan başqa da torpaq olmayacaq. Evlərin qarşısında 12 sot həyət sahəsi veriləcək. Əkin-biçin, mal-qara saxlamaq üçün başqa yerdə torpaq veriləcək. Bunların hamısı şərtlərdir. Birdən-birə buna uyğunlaşmağımız çətin olacaq. Yaxşı olardı uyğunlaşma yavaş-yavaş olsun".
Zəngilan Rayon İcra Hakimiyyətinin Ağalı kəndi üzrə icra nümayəndəsi Gəray Hüseynov deyir ki, bu kənddən olan məcburi köçkünlərin siyahısı tutulub.
Onun sözlərinə görə Ağalı kəndində yeni salınan qəsəbədə 200 ev inşa olunur. Hər ev 3-4-5 otaqlıdır. Onun sözlərinə görə evlərin otaq sayı ailə üzvlərinə uyğun veriləcək. O bildirib ki, hər bir ailəyə 0,5-1 hektar torpaq sahəsinin də verilməsi nəzərdə tutulub.
Sizin brauzer HTML5-i dəstəkləmir
27 il keçib. İndi uşaqların öz uşaqları var
Amma Gəray Hüseynov sakinlərin geri rayonlarına köçürülməsinin bütün detalları barədə məlumatlı olmadılğını deyir. O bildirir ki, hələ siyahı tam təsdiqlənməlidir, köçürülmə planı tutulmalıdır, müəyyənləşdirilməlidir ki, birinci mərhələdə kimlər köçürülsün, sonrakı mərhələdə kimlər.
Onun sözlərinə görə, planlaşdırılır ki, ilkin olaraq, yaşlılar göndərilsin. Ailə üzvlərindən məktəbə gedəni olanlar sonrakı mərhələdə, məktəb binası tikiləndən sonra köçürülsün.
Zəngilan rayonun Ağalı kənd inzibati vahidinə 3 kənd daxildir. Gəray Hüseynovun verdiyi məlumata görə, hər 3 kənddə birlikdə 353 təsərrüfat, hardasa 1500 əhali qeydiyyatdadır.
Zəngilandan məcburi köçkün Nurişan Həsənovsa ümid edir ki, köçürülmə planında ailə üzvlərinin sayı nəzərə alınacaq. O deyir ki, rayonun işğalından 27 il ötüb. Bu müddətdə uşaqlar evlənib, indi onların da öz ailələri var. Yaxşı olardı ki, bütün bunlar nəzərə alınaydı:
“Dostlar, tanışlar arasında çox götür-qoy edirdik. Fİkirləşirdik uşaqlar balacadır. İndi bu uşaqlarımız böyüyüb, evləniblər, özlərinin ailələri var. Yəqin ailələrin sayını siyahıya alarlar”.
İcra nümayəndəsi Gəray Hüseynov isə bildirib ki, birinci mərhələdə 200 mənzil tikilir. Sonrakı mərhələdə də yeni mənzillərin tikilməsi planlaşdırılır. Onun sözlərinə görə, hökumət rəsmiləri hər bir detalı nəzərə alaraq, addım atacaq.
Ağalı kəndi 1993-cü ilin oktyabrında işğal olunub, 27 il sonra ötən ilin oktyabrında işğaldan azad olunub.