Vəkillər Kollegiyasından vəkil Zibeydə Sadıqovanı Rəyasət Heyətinin iclasına çağırıblar. Səbəb kimi barəsində rəy verildiyi bildirilib. Vəkilin sözlərinə görə, onun barəsində intizam tədbiri görmək istəyirlər. O düşünür ki, bu, insan haqlarını müdafiə etdiyinə görədir.
Bir müddət əvvəl digər bir vəkil Elçin Sadıqovun vəkillikdən çıxarılması ilə bağlı qərar qəbul olunub. Bundan əvvəl də bir çox belə qərarlar olub. Onda həmin vəkillər bunu siyasi işlərə çıxmaları, müxalif siyasətçilərin və araşdırmaçı-jurnalistlərin müdafiəsinə qoşulmaları ilə izah ediblər.
Buna da bax: Elçin Sadıqov: 'Təqiblər vəkillik fəaliyyətimə görədir'Vəkillər Kollegiyasından isə bəzi şəxslərin üzvlükdən çıxarılmalarını onların qanunvericiliyin tələblərini pozmaları və intizam pozuntularına yol vermələri kimi izah ediblər. Kollegiyadan hesab edirlər ki, bu məsələlərdə siyasi çalarlar axtarmaq düzgün deyil.
2018-ci ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişiklik tənqidlərə səbəb olmuşdu. Ondan sonra artıq Kollegiyanın üzvü olmayan hüquqşünaslara mülki işlərə çıxmağa belə icazə verilmir. Həmin vaxta qədər isə Vəkillər Kollegiyasının üzvü olmayanlar yalnız cinayət işlərinə çıxa bilməzdilər.
Hələlik, vəkil Sadıqovanın Rəyasət Heyətinin iclasına çağırılması ilə bağlı deyilənlərə Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.
"Vəkillər Kollegiyasının rəhbərliyi kifayət qədər açıq..."
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, sözügedən vəkillər barəsində intizam tədbirlərin sırf onların insan hüquqlarını müdafiə etdiklərinə görə həyata keçirilməsi fikri məntiqli səslənmir: "Çünki vəkilin öz funksiyası var və o bu funksiyanı yerinə yetirir. Bu gün də Vəkillər Kollegiyasının rəhbərliyi kifayət qədər açıq və şəffaf fəaliyyət göstərir. Bütün fəaliyyəti ilə bağlı da vaxtaşırı açıqlamalar verilir. Ona görə də belə bir təzyiqin olacağını düşünmürəm".
Deputatın sözlərinə görə, son vaxtlarda belə məsələlər, ümumiyyətlə, gündəmə gətirilməyib: "Əvvəllər olurdu ki, Vəkillər Kollegiyasında bu kimi məsələlərlə bağlı reaksiya olurdu, amma indi buna reaksiya göstərmək də məntiqli deyil. Niyə göstərməlidirlər? Vəkil istənilən şəxsi, cinayətkarı da, siyasətçini də müdafiə etməlidir və burada vəkil öz vəzifəni yerinə yetirir. Mən bu məsələdə dəqiqləşdirmənin tərəfdarıyam. Yalnız bundan sonra hansısa fikir formalaşmalıdır".
"Cızılmış xətlərə qarşı çıxmış şəxsləri cəzalandırma mexanizmidir"
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, insan hüquqlarını müdafiə edən vəkillər sırf bu sahədə fəaliyyətlərinə görə problemlərlə üzləşir: "Bu, bugünün problemi deyil. Uzun zamandır ki, insan hüquqlarını müdafiə edən vəkillərə qarşı diskriminativ münasibət davam edir. Bu vəkillərə qarşı həmişə cəza tətbiq olunur. Bundan əvvəlki dövrlərdə də biz bunu görmüşük. Əlayif Həsənov, Yalçın İmanov, Xalid Bağırov və başqaları Vəkillər Kollegiyasından uzaqlaşdırılıb".
Hüquq müdafiəçinin sözlərinə görə, vətəndaş cəmiyyətinin nümayəndələri, müstəqil jurnalistlər hədəfdədir və vəkillərin cəzalandırılması ümumi bir prosesin tərkib hissəsidir: "Bu, cızılmış xətlərə qarşı çıxmış şəxsləri bir cəzalandırma mexanizmidir. Təəssüf ki, bu, davam edir və müstəqil şəxslər müdafiəsiz qalır. Həmçinin, bu, digər vəkillərə bir gözdağıdır ki, baxın, əgər siz də siyasi hakimiyyət tərəfindən qoyulmuş strategiyadan çıxsanız, insan hüquqlarını müdafiə etsəniz, sizi də bu aqibət gözləyə bilər".
Buna da bax: MTN generalına görə həbs olunan vəkil azadlığa buraxıldıB.Süleymanlının müşahidələrinə görə, vəkillərin cəzalandırılması artıq ona gətirib çıxarıb ki, müxalif və müstəqil fəallar, jurnalistlər onlara lazım saydıqları vəkili tapmaqda çətinlik çəkirlər: "Belə davam edərsə, vəziyyət daha da acınacaqlı olacaq".