Çin astronavtları modul kosmik stansiyasına çatıb

Missiya kosmik stansiyaya yollanır

Bu, son beş ildə Çinin kosmosa göndərdiyi ilk heyətli və indiyədək ən uzunmüddətli missiyadır

Çinin üç astronavtını daşıyan kosmik gəmi iyunun 17-də orbitə qalxandan yeddi saat sonra modul kosmik stansiyasına çatıb.

Şenjou-12 gəmisinin “əsas modulun ön hissəsinə uğurla birləşdiyi” bildirilir.

***

İyunun 17-də Çinin üç astronavtı kosmosa yola düşüb. Onların missiyası Çinin yeni kosmik stansiyasını qurmaqdır.

Astronavtlar apreldə işə salınmış Tianqonq kosmik stansiyasının əsas hissəsində çalışacaqlar. Tianhedə qalacaq astronavtlar üç ay ərzində eksperiment aparacaq, avadanlığı sınaqdan çıxaracaq, onu gələn il iki əlavə modulun qəbuluna hazırlayacaqlar.

Bu, son beş ildə Çinin kosmosa göndərdiyi ilk heyətli və indiyədək ən uzunmüddətli missiyadır.

Missiya Çindən ötrü qürur mənbəyidir. Pekin iyulun 1-də hakim Kommunist Partiyasının 100 illiyini keçirəcək.

Gələn il yarım ərzində daha 11 missiya Tianqonq kosmik stansiyasının quraşdırılmasını başa çatdıracaq. Gələcək heyətlərə qadınların da daxil ediləcəyi bildirilir.

Çin Beynəlxalq Kosmik Stansiyada (BKS) iştirak etmir. Bu stansiyada ABŞ, Avropa, Rusiya və Yaponiyanın kosmik agentlikləri əməkdaşlıq edirlər. Çinin proqramlarının gizliliyi və hərbiyə bağlılığı səbəbindən ABŞ onu çıxdaş edib.

1998-ci ildə işə salınmış BKS-nın bir neçə ilə işini bitirəcəyi gözlənir. Rusiya bu ayın əvvəlində bildirib ki, 2025-ci ildən layihədən çıxacaq.

BKS işini dayandırarsa və Tianqonq uğurla quraşdırılarsa, Çin kosmosda stansiyası olan yeganə ölkəyə çevriləcək.