Çin öz istehsalı olan ilk təyyarədaşıyanı donanmasına daxil edir

Şandun gəmisi

Çin hərbi dəniz donmasına özünün ilk istehsalı olan təyyarədaşıyan gəmini daxil edib.

Şandun təyyarədaşıyanı donanmaya ölkənin cənubundakı Haynan adasında, prezident Si Tsinpinin iştirakilə keçirilən mərasimdə təqdim olunub.

Bu gəmi sovet təyyarədaşıyanı Varyaq kreyserinin təkmilləşdirilmiş surətidir.

Çin Varyaq gəmisini 1998-ci ildə Ukraynadan almışdı. Pekin o vaxt bildirirdi ki, gəmini böyük əyləncə parkına çevirəcək.

Amma həmin gəmi təmir olunaraq Lyaonin adı ilə 2012-ci ildə istifadəyə verildi.

Şərhçilər deyirlər ki, yeni təyyarədaşıyan gəmi Pekinə Cənubi Çin dənizində qonşularına təzyiqlərini artırmaq imkanı verəcək.

Bu hövzədə Çin, Tayvan, Vyetnam, Malayziya, Filippin və Bruney arasında mübahisəli olan çoxsaylı adalar var.

Ötən noyabrda bu gəmi artıq Tayvan boğazından keçib. Çin Tayvanı öz ərazisi hesab edir.