Ölmüş seçicilər seçki saxtakarlığına görə siyahıda qalır? (VIDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Ölən şəxslərin adı seçici siyahısında. Problem nəyə səbəb ola bilər

Azərbaycanda bir neçə gündən sonra, dekabrın 23-də bələdiyyə, ardınca isə fevralın 9-da parlament seçkiləri keçiriləcək. Bəs, seçkilərə sayılı günlər qaldığı bir ərəfədə Mərkəzi Seçki Komissiyasının seçki siyahısı nə qədər dəqiqdir?

Bakıdakı Vətəndaş Hüquqları İnstitutun sədri, seçki eksperti Bəşir Süleymanlı təəssüflənir ki, bundan öncəki təcrübədə olduğu kimi yenə seçki siyahıları dəqiqləşdirilməyib.

“Məsələn, mən özüm qeydiyyatda olduğum ünvana daxil oluram. Budur 2 il öncə vəfat edən və digər vəfat etmiş yaxın qohumlarımın adları hələ də seçici siyahısındadır. Bu bir daha göstərir ki, seçki siyahıları dəqiqləşdirilmir, ünvanlara getmədən, formal qaydada tərtib olunur”.

Azərbaycanın Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyaları hər il may ayının sonuna kimi seçici siyahılarını təsdiqləməli və sekçilərə azı 25 gün qalana kimi dəqiqləşdirməlidir.

Mərkəzi Seçki Komissiyasının siyahısında 5 milyon 212 mindən çox seçici var.

Buna da bax: Ekspert: 'Əhalinin üçdə biri xarici ölkələrdədir'

Siyahını seçici yox, MSK dəqiqləşdirməlidir

MSK-nın Media və İctimai Əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirir ki, dünyanın heç bir yerində ideal seçki siyahısı yoxdur. Amma o əlavə edir ki, MSK çevik şəkildə ortaya çıxacaq hər hansı problemi yoluna qoymağa çalışır:

“Seçiçi siyahılarının dəqiqləşdirilməsi zamanı müxtəlif səbəblərdən adı siyahıya düşməyən vətəndaşların seçki günü aid olduğu seçki məntəqəsində səs vermək imkanı var. Heç kim ideal seçki siyahılarının olmasını iddia edə bilməz. Bu dinamik prosesdir. Yerdəyişmələr olur, vəfat edənlər olur. Amma kiminsə əlində belə hallarla bağlı məlumatlar varsa, vəfat edən varsa, məlumatlarını verə bilərlər, biz də araşdıraq”.

Uzun illər Azərbaycanda seçkiləri izləyən, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovsa bildirir ki, MSK hansısa vətəndaşın müraciətini gözləməməli, qanuvericiliyə uyğun şəkildə siyahını dəqiqləşdirməlidir.

Onun sözlərinə görə, indiyi kimi Azərbaycanda keçirilən az qala bütün seçkilərdə seçici siyahılarında ciddi problemlər üzə çıxıb. Ölmüş şəxslərin, qeydiyyatdan çıxanların, yaşayış yerini müvəqqəti dəyişənlərin və digərlərinin adları seçici siyahılarında qalıb. Hafiz Həsənov bildirir ki, seçici siyahısında belə adların olması, MSK-ya sonradan seçkilərin saxtalaşdırılmasında lazım olur:

“Səsvermə günü baş verəcək karusellərdə, yeni insanların qrup halında bir seçki məntəqəsindən digərinə gedib, bir neçə dəfə səsvermədə iştirak edəndə təbii ki, bu adlar seçki komissiyasının köməyinə çatır. Ölmüş, qeydiyyatdan çıxmış insanların adlarından istifadə olunur, sanki onlar səsvermədə iştirak ediblər. Burda da əsas məqsəd seçkilərin nəticələrini əvvəlcədən müəyyən olunmuş namizədin xeyrinə saxtalaşdırmaqdır”.

AzadlıqRadiosunun əməkdaşları ötən seçkilərdə qrup halında, bir şəxsin bir neçə dəfə səs verməsi faktlarını videogörüntülərə ala bilib. Daha çox şagirdlərin valideynləri, müxtəlif dövlət müəssisələrində çalışanlar, JEK-lərin yaxın təşkilatçılığı ilə seçki məntəqəsinin yaxınlığında yaşayanlar və digərləri karusellərə cəlb olunur. Hətta seçki məntəqə komissiya üzvlərinin özlərinin də qutuya topa bülleten atması da tez-tez rastlaşan təcrübədir.

Buna da bax: Z.Nağdəliyev: 'Prezidentin tapşırığı odur ki…'

Boykotun bir səbəbi də

Amma Mərkəzi Seçki Komissiyası bu iddiaları rədd edir. Seçkilərin azad və ədalətli keçirildiyini bəyan edir. Müxalifət MSK-da öz nümayəndələri olmadığından bu cür şikayətlərin ədalətli araşdırılmadığını bəyan edir.

Bir neçə müxalifət partiyalarının və ictimai fəalların birləşdiyi Milli Şura qarşıdan gələn parlament və bələdiyyə seçkilərini boykot etmələrinin səbəblərindən biri kimi MSK-da öz təmsilçilərinin olmamasını göstəriblər.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Sizin brauzer HTML5-i dəstəkləmir

Sonuncu dəfə seçkidə nə zaman iştirak etmisiz?

Hakim Yeni Azərbaycan Partiyasınını təşəbbüsü ilə parlament buraxılıb və fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin olunub.

Partiyanın icra katibi Əli Əhmədov bu addımı prezidentin ölkədə apardığı islahatların parlamenti də əhatə etməsinə şərait yaratmaq kimi dəyərələndirib.

Hökumətin tənqidçiləri isə hesab edirlər ki, bu addım hakimiyyəti bir ailənin əlində daha da cəmləşdirmək cəhdidir.