Üç uşağa bir prezidentin adını qoyurlar

Bir prezidentin adını daşıyan üç qardaş - Şavkat, Miromon və Mirziyo

Özbəkistan mediası dünyaya üçəm övlad gətirmiş ailəni uşaqlarına prezident Shavkat Mirziyoevin şərəfinə - Şavkat, Miromon və Mirziyo adlarını verdiynə görə sərt tənqid edir.

Mətbuatda habelə bu uşaqlara görə ailəyə maşın bağışlayan şəhər və vilayətlərin rəhbərləri də tənqid olunur.

Özbəkistanın Darakçi qəzeti yazır ki, uşaqlarına prezidentin ad və soyadlarını verən valideynlərə avtomobil bağışlanması artıq ənənəyə çevrilib:

“Təkcə ilin bir rübündə 9-10 ailədə üçəm uşaqların doğöuilması bizi də sevindirir. Əslində bu çox sevincli hadisədir. Rəhbərlik də belə hallarda səxavətini əsirgəmir. Amma doğrudanmı heç kəs bu rüsvayçılığı görmür. Bu həyasızlıq, pul qoparmaq, müftəxorluq deyilmi?”

Darakçi qəzetinin səhifəsi

Məqalə müəllifi yazır ki, vilayət və rayonların hakimiyyət başçıları öz ərazilərində üçəm uşaqların doğulmasından ali hakimiyyətə yarınmaq üçün istifadə edirlər.

Xəbər verilir ki, indi Özbəkistanda doğulan üçəm uşaqlara prezidentin adının verilməsi çox geniş yayılıb. Amma doğulan oğlan uşaqları yox, qız olanda, yenə də vəziyyətdən çıxış yolu tapılır.

AzadlıqRadiosunun Özbək xidməti ötən həftə xəbər verirdi ki, Fərqanə şəhərindən ər-arvad İslomjon və Diloromjon İsrailovlar mayın 1-də doğulmuş üçəm övladlarına – Şavkatjon, Ziroatxon və Saidaxon adlarını veriblər.

Bu ailədə Şavkat - prezidentin, Ziroatxon - birinci ledi Ziroatxan Mirziyoevanın, Saidaxon isə - prezident qızının adını daşıyacaqlar.

Bu ailəyə dövlət başçısının adından Cobalt avtomobili, üç uşaq arabası və başqa qiymətli hədiyyələr bağışlanıb.