3 nəfər minaya düşüb

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxsin, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşdüyü bildirilir.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.

Qurumdan verilən məlumata görə, minaya düşənlərdən 1-i həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Son aylar Azərbaycanda istər hərbi qulluqçuların, istərsə də mülki insanların tez-tez minaya düşmə səbəbindən həlak olduğu bildirilir.

Bu günlər bu məsələyə toxunan Prezident İlham Əliyev də deyib:

“Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur.”

Buna da bax: DSX: Atəşkəs pozulub

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.