Şoloxov günə 3 şüşə konyak içirmiş

M.Şoloxov

Rusiyanın «Komsomolskaya Pravda» qəzetinin yazarı Dariya Zavqorodnyaya XX əsrin ilk yarısında Rusiyada əhalinin ən çox içən təbəqəsini – şair və yazıçıları araşdırıb. Müəllifin məhz bu dövrü seçməsi də təsadüfi deyil. Gah müharibə, gah da inqilablar bu illəri həddindən artıq stressli dövrə çevirmişdi.

Konstantin Balmontun da daxil olduğu rus modernistlərinin çevrəsində belə bir fikir vardı ki, spirtli içkilər və narkotiklər insanın yaradıcılıq qabiliyyətini üzə çıxarır və artırır. Ancaq şairin çox içməyə başlaması bununla bağlı deyildi. O, həyatda ciddi çətinliklərlə üzləşməyə başlamışdı. Valideynləri onun birinci həyat yoldaşı Larisa Mixaylovnaya qarşı idilər. Üstəlik də, qadın çox əsəbi və içki içən idi. Pul yox idi, birinci uşaq da ölmüşdü. Balmont intihara cəhd etmiş, bir il müalicə olunmuş, sonradan həyat yoldaşı ilə birlikdə içkiyə qurşanmışdı. Ancaq son nəticədə başqa qadınlara aşiq olmuşdu. Özünü ələ alsa da, vaxtaşırı dözməyib içirdi.

1913-cü ilin noyabrında Balmont sərxoş vəziyyətdə Peterburqda kütləvi davaya səbəb olub.

Balmont sonucda alkoqolikə çevrilməsə də, 1942-ci ildə 74 yaşında sığınacaqda dünyasını dəyişib.

A.Blok

Aleksandr Blok: «O, donuz kimi sərxoşdur»

Blokun şeirlərində sevgi və şərabı birləşdirdiyini görürük. Əslində isə şairin həyatında alkoqol sevgini tamamlamırdı, onu əvəzləyirdi. Blok həyat yoldaşı Lyubov Dmitriyevna Mendeleyevanı platonik sevməyə üstünlük verirdi. Ancaq madera şərabına sevgisi tamamilə cismani idi. «Mən meyxana masasına mıxlanmışam. Çoxdan sərxoşam. Vecimə deyil… Yaşamaq dözülməz dərəcədə ağırdır. Soyuq tənhalıq – meyxanalarda sülənib içirsən…» – şair öz anasına yazırdı. Bəzən o bu halda tanışlarının gözünə dəyirdi.

«Atamla Nevski prospekti ilə gedirdik. Qəşəng, ancaq üzü şişmiş bir kişi tərəddüdlü addımlarla bizə tərəf gəlirdi.

– Bu adamı görürsən? – atam mənə dedi. – Yadında saxla: bu, gözəl rus şairi Aleksandr Blokdur. O, donuz kimi sərxoşdur», – tanınmış uşaq şairi Korney Çukovskinin oğlu Nikolay Çukovski yazır.

Blok kəskin endokarditdən (ürəyin iltihabı) ölüb.

Sergey Yesenin ölümünə yaxın çox və hər gün içirdi. Tarixçilər hesab edirlər ki, şairi məhz içki depressiyaya salıb və intihara sövq edib.

Yesenin daha əvvəllər içkili halda dava da salırmış. Ən səs-küylü davalardan biri «Krasnaya nov» jurnalının redaksiyasında Boris Pasternakla olub. Yesenin sərxoş, Pasternaksa ayıq imiş. Yeseninin Pasternakın şeirlərini görməyə gözü yox imiş.

S.Yesenin

80-dək yaşayan Şoloxov

Mixail Şoloxov gündə iki-üç şüşə konyak içirmiş. Narkoloqların dediyinə görə, o, artıq alkoqolizmin üçüncü mərhələsinə çatıbmış. Sovet hökuməti canlı klassikin qayğısına qalırdı. Onu bir neçə dəfə xəstəxanaya yerləşdirmişdilər. Səhiyyə Nazirliyinin SovİKP MK-ya verdiyi hesabatda deyilir: «Şoloxov M.A.-da qaraciyərin sirrozu, kardioskleroz, ümumi ateroskleroz və hipertonik xəstəlik inkişaf edir...». Üstəlik, astma (siqaret çəkməkdən) və diabet. Ancaq Şoloxov bu qədər xəstəliyin yükü altında da içməyə son qoymayıb. O, sadəcə arağı şampan şərabı ilə əvəz edib və bu vəziyyətdə 80 yaşınadək ömür sürüb. Kazak genləri!

1956-cı il mayın 13-də Stalin mükafatı laureatı Aleksandr Fadeyev öz bağ evində özünü güllələyib. Bundan az öncə onu SSRİ Yazıçılar İttifaqının sədri vəzifəsindən uzaqlaşdırıblar. ХХ qurultayda onu da, xidmət etdiyi şəxsiyyətə pərəstişi də tənqid ediblər.

Fadeyev Platonov və Zoşenkonun qaralanmasında iştirak edib. Sonradan Yazıçılar İttifaqının fondlarından onlara maddi yardım ayrılmasına çalışıb.

Yazıçı vicdanının səsini batırmaq üçün həddindən çox içirmiş. Hətta sanatoriyada müalicə olunurmuş. Ancaq intihar edərkən sərxoş olmayıb.

Uşaqların sevimli şairi Korney Çukovski ümumiyyətlə, içmirmiş. Evinə gələn adamlara da içki təklif etmirmiş. Bağ qonşusu B.Pasternaka Nobel mükafatı veriləndə onun şərəfinə azca içməyə razılıq verib.

Pasternakın özü də içkiyə meylli deyildi. Xüsusi hallarda konyak içərmiş.