1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan, amma tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəxslərə aid meyit qalıqlarının ekshumasiya ediləcək.
Bu barədə bu gün, iyulun 24-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 23-də meyit qalıqlarının ekshumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanıb.
Komissiya qeyd edir ki, bununla əlaqədar onların müraciətinə əsasən bu il iyunun 14-də Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.
Dövlət Komissiyasının saytında yer alan məlumata görə, onlarda ümümilikdə 3888 nəfər itkin qeydiyatdan keçib.
Hələ iki il əvvəl bu Komissiya bildirmişdi ki, "silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərə aid olması ehtimal edilən məzar yerlərində qazıntı işləri aparılmalıdır".
Qurum habelə vurğulayırdı ki, bəzi media orqanlarında Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatlar dövründə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri və dəfn prosesində çəkilmiş fotoşəkillərin yayılmasını ictimaiyyət birmənalı qarşılamayıb.
“Ayrı-ayrı vətəndaşlar tərəfindən itkinlərə aid məzarların açılması istiqamətində bir sıra qanunsuz addımların atılmasına cəhdlər edilib", - Komissiya qeyd edirdi.
Açıqlamada həmçinin hazırda Dövlət Komissiyasının Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə bu sahədə tədbirləri davam etdirdiyi bildirilirdi: "Zəruri prosedurlar başa çatdıqdan sonra müəyyən edilmiş naməlum məzar yerlərində beynəlxalq standartlara uyğun ekshumasiya işləri aparılacaq və eyniləşdirilmiş meyit qalıqları itkin ailələrinə təhvil veriləcək".
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Onlardan biri də elə Füzuli rayonudur.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.