Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovu qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirilib
“Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.”
Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov Bakıya Yerevandan gəlib.
Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və 5 şəhəri işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.
Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.