2020-ci il Qarabağ müharibəsindən sonra birinci dəfədir ki, ABŞ, Rusiyanın iştirakı olmadan, Ermənistanla Azərbaycan arasında vasitəçilik etdi- rəsmi xəbərə görə iyunun 12-də rəsmi Yerevan, Ağdamda basdırılmış 97 min minanın xəritəsini Azərbaycana verib, Bakı isə 15 erməni hərbçini qarşı tərəfə təhvil verib.
Siyasi şərhçi Şahin Cəfərli bunu, ABŞ-ın Cənubi Qafqaza qayıtması, Rusiya tərəfindən sıxışdırılan Ermənistan baş naziri Nikol Paşinyana süni nəfəs verməsi kimi izah edir.
Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan deyir ki, erməni hərbçilərinin geri qayıtması Paşinyanın nüfuzunu artırıb:
“Əlbəttə ki, bu hadisə seçki prosesi üçün sürpriz bir haldır. Paşinyanın yenidən seçilməsi üçün əsaslı addımdır. Düzü mən Ermənistanda mina xəritələrinin olmasına təəccübləndim. Hökumət təkidlə belə xəritələrin olmasını danırdı. Bu, Ermənistan hökumətinin zəifliyindən və mövqeyinin qeyri-sabitliyindən xəbər verir. Məncə, bu dəfə ona görə alındı ki, Rusiya burda iştirak etmədi. Görünür Rusiya problemin tezliklə həll olmasını istəmir. Mən həm də Azərbaycanın Rusiyasız iş görməsindən də mütəəssir oldum”.
Buna da bax: 'Ermənilərin mina xəritələrinə dəyişdirilməsi davam edəcək'
“Paşinyanın Rusiyadan qaçaraq Fransa, ABŞ-ı məmnun etmək cəhdi…”
Bakıda Milli Məclisin beynəlxalq münasibətlər komitəsinin üzvü Asim Mollazadə AzadlıqRadiosuna deyir ki, əgər təkcə Ağdamda 100 minə qədər mina varsa, işğaldan azad olmuş başqa rayonlarda nə qədər mina olması sualı doğur. O hesab edir ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməlidir ki, başqa yerlərdəki minaların xəritəsini təhvil versin.
O ki qaldı son ünsiyyətin Rusiyanın iştirakı olmadan, ABŞ-ın
keçirilməsinə, Asim Mollazadə deyir ki, rəsmi Bakının mövqeyində dəyişiklik yoxdur, bu seçim Paşinyanın seçimi idi:
“Bunu Azərbaycanın yox, Paşinyanın Rusiyadan qaçaraq Fransa, ABŞ-ı məmnun etmək cəhdi kimi qiymətləndirmək olar. Azərbaycanın hər zaman açıq siyasəti olub, amma Ermənistan Rusiyanın hərbi müttəfiqidir, Rusiyanın bütün qurumlarının üzvüdür”.
Buna da bax: Paşinyan minaların xəritəsindən danışdı
Politoloq: Bu proses davam edəcək
Politoloq Elxan Şahinoğlu bildirib ki, o, prosesin davam edəcəyini gözləyir:
“Bir qrup erməninin məhkəməsi başlayır. Onlar əlbəttə ki, bir müddət təhvil verilməyəcək. Onlara iş kəsiləcək, sonra isə müəyyən şərtlərlə təhvil verilmə məsələsinə baxıla bilər. Mina xəritələri ilə dəyişdirilməsi prosesi davam edəcək. 6 gün sonra Ermənistanda parlament seçkisidir və Paşinyan bu günlər ərzində digər mina xəritələrini verməyə çalışacaq”.
Nüfuzlu Qərb qurumlarının əksəriyyəti hərbçilərin və mina xəritələrinin dəyişdirilməsini alqışlayıblar.
Avropa Komissiyasının sədi Şarl Mişel özünün Twitter səhifəsində Azərbaycan və Ermənistanın paralel humanitar addımını alqışladığını yazıb.
AŞPA-nın Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri üzrə məruzəçisi Pol Qavan da prosesin davam etməsinin vacib olduğunu deyib.
Azərbaycan tərəfinin məlumatına görə, 10 noyabr atəşkəs sazişindən sonra ötən yeddi ay ərzində, işğaldan azad olmuş ərazilərdə 140-dan çox insan minaya düşüb, 27 mülki şəxs mina partlaması nəticəsində həlak olub. Hələlik xəritə və hərbçi mübadiləsinin necə davam etdiriləcəyi barədə rəsmi məlumat yoxdur.
Buna da bax: AŞPA məruzəçisi erməni əsirlərin buraxılmasını alqışlayırXatırlatma
Azərbaycan ötən ilki 44 günlük müharibədən sonra işğal olunmuş ərazilərini qaytarmağa, bir qismi üzərində nəzarəti bərpa etməyə nail olub.
Həmin ərazilərdə quruculuq işlərinə başlamazdan öncə minadan təmizləmə işləri aparılır.
Rəsmi Bakı dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb edib. Hətta beynəlxalq aləmi bu məsələdə dəstək görməyə çağırıb.