Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:40

Leyla Əliyeva: «Mən hər şeyi birdən istəmirdim»


Leyla Əliyeva
Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Rusiyanın «Mayak» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

1-ci hissə

Tuttı Larsen: Bizim qonağımız Leyla Əliyevadır, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin nəvəsi...

Dmitriy Qluxovskiy: Və hazırkı prezident İlham Əliyevin qızı.

T.L.: Bundan başqa, Leyla Rusiyada nəşr olunan «Baku» jurnalının baş redaktoru və Rusiyanın azərbaycanlı gənclər təşkilatının - qısaca AMOR-un yaradıcısıdır. Yeri gəlmişkən, qısaldanda çox gözəl səslənir.

D.Q.: Doğrudur, Mia-Amor...

T.L.: Xoş gördük, Leyla.

Leyla Əliyeva: Salam.

T.L.: Əlbəttə, ilk sual, həm dinləyicilərimizə, həm də mənə maraqlıdır ki, prezidentin nəvəsi və qızı olmaq nə deməkdir? Sizi uşaqlıqda ərköyünmü böyüdürdülər, hər şeyə icazə verirdilər, yoxsa əksinə xüsusi bir ailədən olduğunuzu nəzərə alıb sizinlə ciddi davranırdılar?

L.Ə.: Bilirsiniz, əsas odur ki, uşaqlıqda məni çox seviblər. Mənə nəsə xüsusi bir tərbiyə verməyiblər. Məncə, uşağın tərbiyəsində əsas olan sevgi və təbiilikdir. Əgər uşağına məhəbbət verə bilirsənsə, uşaq urəyi təmiz və özünə güvənən bir insan kimi böyüyür.

D.Q.: Bəs arzularınızı yerinə yetirdilərmi?

L.Ə.: Yerinə yetirirdilər, əlbəttə.

D.Q.: Doğrudanmı, məsələn, deyirdiniz, «televizor istəyirəm» və sehrli şəkildə televizor peyda olurdu. Gəlincik istəyirəm, gəlincik peyda olurdu. Çünki uşaq tərbiyəsi ilə bağlı belə bir fikir var ki, istədiyi şeyi uşağa dərhal verməklə onlarda belə bir səhv təsəvvür yaranır ki, bu dünyada hər şey çox asan əldə olunur.

L.Ə.: Mən hər şeyi birdən istəmirdim.

T.L.: Amma digər tərəfdən, uşağa istədiyi hər şeyi versən, onda uşaq maddi dəyərləri öz həyat məqsədləri səviyyəsinə yüksəltməz.

D.Q.: Elədir, Spok yazırdı ki, deyək ki, uşaq «Leqo» konstruktor oyunu istəyir, deyirsən, «yaxşı, bir aydan sonra alaram». Çünki uşağın tələb elədiyini dərhal yerinə yetirmək düzgün deyil. «Leqo» istədin – buyur. Və ya Leylanın halında, «Barbie» gəlinciyi istədin – dərhal buyur.

T.L.: Mənə elə gəlir ki, bu axmaq bir sistemdir.

D.Q.: Bu, Spokun nəzəriyyəsidir.

T.L.: Spok qocalanda onun uşaqları onu qocalar evinə verib taleyin hökmünə buraxdılar.


L.Ə.: Bilirsiniz, əsas odur ki, adam gərək artıq uşaqlıqdan hiss eləsin ki, o da özünə görə bir şəxsiyyətdir, balaca olduğuna görə özünü ikinci dərəcəli hesab etməsin. Mənim valideynlərimlə münasibətlərim elə qurulub ki, onlar həmişə mənim maraqlarıma hörmətlə yanaşıblar və buna görə də mənim onlara böyük hörmətim var. Münasibətlərdə isə əsas amil məhz hörmətdir.

D.Q.: Əlbəttə.

T.L.: Bəs, hər halda, nəyisə qadağan edirdilərmi?


L.Ə.: Əlbəttə, qadağan edirdilər. Qadağa hamıya olur.

T.L.: Təbii ki, barmağını elektrik şəbəkəsinə soxma, evdən bayıra tək çıxma kimi qadağalar olmalıdır. Amma elə qadağa vardımı ki, birbaşa sizin ailənin statusundan irəli gəlirdi?

D.Q.: Məsələn, diskotekaya getmək olmaz.

L.Ə.: Yox diskotekaya icazə verirdilər. Yeganə narahatlıq hələ lap gənc yaşlarımdan o idi ki, məni həmişə cangüdənlər müşayiət etməliydilər. Söhbət Bakıda yaşadığım vaxtdan gedir. (Sonradan, Londonda bu məsələ xeyli asanlaşdı. Çünki orada məni heç kim tanımırdı və ona görə də mühafizəm yox idi). Bu, adamı gərginlikdə saxlayırdı. Çünki ətrafdakılar adamın yanında mühafizə görəndə nədənsə elə bilirdilər ki, həmin adama nəsə başqa münasibət bəsləmək lazımdır.

D.Q.: Təbii, bir də gördün, nəyisə səndən düz soruşmadı, cangüdənlər onun əngini əzdilər.

T.L: Maraqlıdır, məsələn, kral ailəsinin üzvlərinə baxırsan, götürək hətta İngilis şahzadəsi Diananı, məncə onu heç kim idman paltarında, ayağında idaman ayaqqabısı görməyib. Küçəyə çıxanda həmişə gərək xüsusi etiketi qoruyasan, çünki sən şahzadəsən. Gərək mütləq bu sırğaları taxasan, mütləq bu çantanı götürəsən, bu kostyumu geyəsən...

L.Ə.: Yox, mən bununla razı deyiləm. Əksinə, mən onun tərəfdarıyam ki, insanlar içində sən təbii olmalısan. Çünki sənin özünə oxşayan zahiri görünüşün, istənilən halda kimisə təlqin etdiyin və ya bənzəmək istədiyin zahirdən yaxşı olacaq.

D.Q.: Sizin stilistiniz varmı, yəni xüsusi mütəxəssis ki, sizin zahiri görünüşünüzün necə olmasını və ya hansı paltarın uyğun gəlməsini müəyyən edir? Yoxsa hər şeyi özünüz seçirsiniz?

L.Ə.: Yox, belə adam yoxdur, özüm seçirəm.

T.L.: Bəs uşaqlıqda böyüyərkən kim olmaq istəmisiniz? Babanızın, atanızın izi ilə siyasətə gəlmək istəmisinizmi? Yoxsa, əksinə, siyasətdən qaçmağa can atmısınız?

L.Ə.: Mən ictimai həyatı hələ lap uşaqlıqdan sevmişəm. İctimaiyyət arasına çıxmağı sevməyən kiçik bacımdan fərqli olaraq mənə bu həmişə maraqlı gəlib. Mən 10 yaşımdan başlayaraq həmişə babamın yanında bütün tədbirlərə və görüşlərə getməyə can atırdım. Mənə böyüklərlə ünsiyyətdə olmaq, siyasətdən danışmaq maraqlı gəlirdi. Və indiyədək ictimai fəaliyyət mənə ləzzət edir, mən belə həyat tərzindən qətiyyən çəkinmirəm.

D.Q.: Siyasətdə?

L.Ə.: İstər siyasət olsun, istər ictimai həyat.

D.Q.: Qardaşınız varmı?

L.Ə.: Kiçik qardaşım var, bəli.

D.Q. (gülür): Belə de, mən də elə bilirdim, qarşımızda oturan Azərbaycanın gələcək prezidentidir...Amma balaca qardaşınız varmış, yəqin hakimiyyəti oğlana verərlər də?

T.L.: Gəlin ictimai fəaliyyətinizə qayıdaq, mümkünsə yaratdığınız AMOR təşkilatı haqqında ətraflı danışaq. Bu təşkilatın məramı nədir, Moskvada nə ilə məşğuldur?

L.Ə.: Hər şey ondan başladı ki, 3 il əvvəl mən Moskva Dövlət Xarici Əlaqələr İnstitutunda təhsil almaq üçün Moskvaya köçəndən sonra gördüm ki, institutda çoxlu azərbaycanlı var, amma onların bir yerə toplaşa biləcəyi, öz mədəni tədbirlərini keçirməyə, Azərbaycanı təbliğ etməyə imkan verən bir təşkilat və ya klub yoxdur. Çünki bizim ölkə haqqında məlumat azdır. Biz qərara gəldik ki, institutda Azərbaycan klubu yaradaq. Biz klubu yaradandan sonra, əvvəla başqa millətdən olanlar da öz klublarını yaratmağa başladılar. İkincisi isə, başqa universitetlərdə oxuyan azərbaycanlılar da öz klublarını yaratdılar. Buradan da belə bir ideya yarandı ki, bütün bu azərbaycanlıları bir təşkilatda birləşdirən ümumi bir təşkilat olsun ki, yeni tələbələrə dəstək versin, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək etsin və Azərbaycan mədəniyyətini Rusiyada təbliğ etsin.

T.L.: Necə işləyirsiniz, hansısa forum, konqres keçirirsiniz?

L.Ə.: Bəli, daim keçiririk. Son il ərzində çoxlu tədbirlər, fotosərgilər, konsertlər, forumlar təşkil etmişik. Biz rusiyalı tələbələri Azərbaycana göndərmişik ki, onlar bizim ölkə ilə tanış olsunlar. Bizim əsas məqsədimiz isə Azərbaycanın yaxşı imicinin yaradılmasına nail olmaq, onun mədəniyyətini təbliğ etməkdir.

D.Q.: Atanız da, məncə, öz vaxtında MQİMO-da oxuyub, deyilmi? O da belə bir təşkilat yaratmağa cəhd göstərməyib təsadüfən?

L.Ə.: Bilmirəm, məncə o vaxt yox...

D.Q.: Məncə çox yaxşı olub ki, atanız da haradasa xaricdə deyil, məhz MQİMO-da oxuyub. Çünki Rusiyanın Azərbaycanla münasibətləri, məncə hazırda çox mülayimdir. Və qismən də ona görə ki, atanız burada təhsil alıb.

L.Ə.: Düşünmürəm ki, yalnız buna görədir. Sadəcə olaraq, Rusiyanın təhsil sistemi çox güclüdür və mən bunu öz təcrübəmdən deyə bilərəm, çünki mən Londonda da, İspaniyada da oxumuşam və məncə Rusiyanın təhsili dünyanın ən güclülərindən biridir.

D.Q.: Bəs bu təhsil müəssisələrindəki iqlim necədir, nə dərəcədə sadə və dostcasına mühit var burada? Yoxsa Londonda Sizə daha rahat idi, çünki arxanızca 8 nəfər mühafizəçi gəzmirdi, deyilmi?

L.Ə.: MQİMO-da da arxamca cangüdənlər gəzmirlər, onlar institutun içinə daxil olmurlar.

T.L: İqlim demişkən, Moskva, hər halda yaşamaq üçün heç də ən yaxşı şəhər deyil. Təəssüf hissi keçirmirsiniz ki, buraya gəldiniz, məsələn, İspaniyada qalmadınız?

L.Ə.: Bilirsiniz, mənim İspaniya London qədər xoşuma gəlmədi. Hər halda 12 yaşından Londonda yaşamışam, orada böyümüşəm və əlbəttə London üçün çox darıxıram. Amma Moskvanın da çoxlu müsbət tərəfləri var. Və indi mən ailə həyatı qurandan sonra burada yaşamalıyam.

D.Q. (gülür): Bəs niyə belə ağır, «yaşamalıyam» elə səslənir ki, sanki məcbursunuz...

L.Ə.: Çünki ilk vaxtlar burada yaşamaq çətin idi, belə bir böyük şəhərdə olduqca az tanışım var idi. Lakin mən Moskvanı çox sevdim. İndi isə burada fəaliyyətimlə bağlı çoxlu maraqlı insanlarla tanış oluram.

T.L: Bəs həyat yoldaşınız Sizin bu gənclər təşkilatının üzvüdürmü?

L.Ə.: Yox, o bu işlərlə məşğul olmur.

T.L.: Bəs o hirslənmir ki, Siz təkcə ailəyə deyil, ictimai işlərlə də vaxt ayırmalı olursunuz?

L.Ə.: Əlbəttə yox, əksinə, məni dəstəkləyir.

Müsahibənin 2-ci hissəsi ilə burada tanış ola bilərsiniz

2-ci hissə
XS
SM
MD
LG