Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:54

Övladlarınızla birlikdə oxuyanda bunları etməlisiniz – 6 üsul


Kitab oxuma.
Kitab oxuma.

Hekayələr sehrlidir. Onlar uşaqları xəyali macəralara, uzaq yerlərə aparır. Hər birimiz uşaqlıqda hekayələr dinləmişik, onları sevmişik. Nə haqda olur-olsun, fərqi yoxdur! Valideynlərin özlərindən uydurduğu, yaxud kitabdan oxuduğu nağıl olsun, istənilən halda uşaqlar nağıl dinləməyi sevir.

Avstraliyalı alimlərin apardığı araşdırma nəticəsində bəlli olub ki, uşaqlara kitab oxumaq onların uzunmüddətli akademik uğurlarında istənilən digər növ fəaliyyətlərdən (o cümlədən onlarla birgə musiqi çalmaq, yaxud nəsə düzəltmək) daha çox rol oynayır. Valideynlər uşaqlarına nə qədər çox kitab oxuyurlarsa, onların müxtəlif fənlər üzrə mərkəzləşdirilmiş test balı bir o qədər yüksək olur.

Tədqiqat zamanı alimlər valideynlərdən 3-5 yaşlı uşaqlarına «Qurd və yeddi çəpiş» adlı sözsüz kitabı oxumağı xahiş ediblər. Onlar uşaqların dil, yaddaş, özünənəzarət və dostluq kimi fərqli qavrama bacarıqlarını yoxlayıblar.

Alimlər valideynlərin nağılları danışdığı müxtəlif üsullarla birlikdə, kitab oxumağın məhz hansı aspektlərinin uşaqların dərketmə qabiliyyətinin inkişafında daha faydalı olduğunu anlamağa çalışıblar.

1. Övladınızın əhval-ruhiyyəsi ilə ayaqlaşın

Bu, bəlkə də, uşağa kitab oxumağın ən vacib aspektidir. Övladınızın dediklərinə diqqət edin. Uşaq hekayəni bəyənirmi? Hekayədəki sözləri anlayırmı? Şəkillərə, yoxsa mətnə daha çox fikir verir?

Övladınıza təlimat verməyə deyil, onu yönləndirməyə çalışın. «Bura bax, onlar yemək bişirmək istəyirlər, bəlkə acdırlar» deməkdənsə, «onlar nə edirlər?», - deyə soruşa bilərsiniz.

Uşağın maraqla dinləməsinə də, maraq göstərməməsinə də həssas yanaşın. Maraq göstərmirsə, onu maraqlandırmaq üçün verə biləcəyiniz suallar varmı? Sizcə, övladınız başqa növ hekayələri sevir? Uşağınız üçün ən yaxşı kitablar onun ən çox həzz aldığı kitablardır.

2. Suallar verin

Çoxlu suallar verən valideynlər övladları ilə daha əyləncəli və informativ yollarla ünsiyyətə girə bilirlər. Övladınızdan sözləri anlayıb-anlamadıqlarını, personajların daha sonra nə edəcəyini, hansısa hərəkəti niyə etdiklərini soruşun. Bu suallar təkcə uşaqlara yeni bilik və düşünməyin yeni yollarını aşıladığına görə deyil, həm də valideynlə uşaq arasında emosional bağları gücləndirdiyinə görə əhəmiyyətlidir. Uşaqlar əmr olunmağı yox, qarşıdakı vəzifənin bir parçası olduqlarını duymağı sevirlər.

3. Şəkilləri təsvir etmək və mətni oxumaq azdır

Araşdırma zamanı bəzi valideynlərin, sadəcə, kitabın şəkillərində gördüklərini təsvir etdiyi, bəzilərininsə təxəyyüllərini işə saldığı üzə çıxıb. Məsələn, keçilərin anası evə gəlir və qapını açıq görür. Valideynlərdən biri uşağa deyir: «Ana uşaqlarını tezcə görmək və qucaqlamaq üçün tələsə-tələsə evə gəlir və evin qapısını açıq görür. O şoka düşür!». Digər valideynsə belə deyir: «Ana evə gəlir və qapını açıq görür; içəri girib balalarını axtarır». Bu valideyn, sadəcə, şəkli təsvir edir. Birinci valideynsə şəkildə və ya mətndə olanlarla kifayətlənmir. Bu, uşaqlara nağıl danışmağın daha zəngin üsuludur və son nəticədə onların qavrama bacarıqlarının inkişafı üçün çox faydalıdır. Çünki bu üsul abstrakt təfəkkürü işə salır. Bu isə bir çox yüksək qavrama bacarıqlarının əsasını təşkil edir. Söhbət problem/məsələ həll etmək və tənqidi təhlil kimi bacarıqlardan gedir.

4. Hekayənin fərqli hissələri arasında məntiqi əlaqələr qurun

Bəzən kitabda hadisələr çox tez cərəyan edir. Bir anın içində canavar keçinin balalarını yeyir, növbəti an bir də baxırsan, ana keçi canavarı tapır. Bəzi valideynlər hadisələrin gedişatını daha məntiqli etməyə çalışırlar. Məsələn, qurdun gəlib qapını döydüyü səhnədə bir valideyn belə deyir: «Qurd görür ki, ana keçi evdə yoxdur, gəlib qapını döyür». Bu cümlədə məntiqi əlaqə çatışmır. Qurd ana keçinin evdə olmadığını necə bilir? O niyə birdən-birə gəlib qapını döyməli idi? Nə istəyirdi?

Başqa bir valideynsə belə deyir: «Kolluqda özünü günə verən qurd gördü ki, ana yemək dalınca gedir. Düşündü ki, balaca çəpişlər evdə təkdir, getdi onları tovlasın və nahara onları yeyib qarnını doyursun!». Burada isə valideyn hekayənin fərqli hissələri arasında məntiqi bağlar qurur.

5. Detallar əlavə edin

Valideynlər nağılı daha maraqlı və anlaşıqlı etmək üçün ona detallar əlavə edirlər. Ancaq uşağın öyrənmə bacarıqlarının inkişafı baxımından bu detalların məsələyə aid olması çox vacibdir. Məsələn, bir valideyn belə deyir: «Çəpişlərin arasında sarıköynəkli və ən balaca olan deyir: «Qapını açmayaq! Haradan bilək ki, bu bizim anamızdır. O təzəcə gedib»». Burada çəpişin sarı köynəyi təsviri detaldır, ancaq onun məsələyə bir o qədər dəxili yoxdur.

Başqa bir valideynsə belə deyir: «Ən kiçik, həm də ən ağıllı və ehtiyatlı çəpiş belə dedi…». Bu detalsa hekayəni daha mənalı və anlaşıqlı edir.

6. Mental və emosional konseptlərdən danışın

Hisslər, arzu və düşüncələrlə bağlı abstrakt konseptlərdən danışan valideynlərin övladları daha yaxşı qavrama bacarıqlarına malik olur. Belə uşaqlar başqa insanların hisslərini daha yaxşı anlayır, daha yaxşı dostluq qabiliyyətinə və ömürlərinin sonrakı mərhələlərində çox faydalı olacaq yaddaş və qavrama bacarıqlarına malik olurlar.

XS
SM
MD
LG