Özbəkistanın Ədliyyə Nazirliyi Rusiyanın bir sıra kütləvi informasiya vasitələrini, habelə Özbəksitanın rusdilli Vesti.uz saytını “qızışdırıcı təbliğat” aparmaqda ittiham edib.
Nazirlik bildirir ki, sözü gedən medialar Özbəkistanın dövlət dili və ondan rəsmi işlərdə istifadə qaydaları haqqında qanuna düzəliş barədə düzgün olmayan məlumatlar yayır.
Özbəkistan Ədliyyə Nazirliyinin təklif etdiyi bu qanun layihəsi Özbəkistan Respublikasının inzibati məsuliyyət məcəlləsinin 42-ci maddəsinə əlavə edilməlidir.
Qanun layihəsində dövlət dili olan Özbək dilindən istifadə etməyən məmurların 446 min somdan 1.1 milyon somadək (44-108 dollar) cərimələnməsi nəzərdə tutulur.
“Puşkinə cərimə”
Nazirliyin Rusiya mediasındakı materiallar barədə bəyanatında deyilir:
"Bu situasiyada Rusiyanın təbliğat saytları təxribata əl atıblar. Rusiyanın Regnum saytı yazıb ki, guya Özbəkistanın dövlət orqanlarında rus dilindən istifadə edənlər cərimə olunacaqlar...Yerli Vesti.uz saytı yazıb ki, “Özbəkistan Puşkinin dilinə cərimə qoymaq istəyir...”
Aprelin 28-də Özbəkistan Ədliyyə Nazirliyinin sözçüsü Sevara Urinbayeva deyib ki, bəzi rusdilli saytlar guya Özbəkistanda Rus dilinə cərimə qoyulacağı barədə yanlış təsəvvür yaratmağa çalışır.
Sözçü bilirib ki, rusiyayönlü Vesti.uz saytı Rusiyanın Özbəkistandakı səfirliyinin maliyyə dəstəyi ilə yaradılıb:
“Bu sayt Rusiyanın xaricdəki həmvətənlərlə iş üzrə hökumət komissiyasının fəxri fərmanı ilə təltif edilib. Fəxri fərman “Rusiyanın dəstəklənməsinə, tarixi vətənlə bağların möhkəmləndirilməsinə, rus dili və mədəniyyətinin qorunub saxlanmasına töhfəyə görə” verilib”.
Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, “bu, çox yaxşı qanun layihəsidir – çünki Özbəkistan hökumət idarələrinin vəzifəli şəxslərindən Özbək dilinə ehtiram tələb edir”.
Nazirlik bunu da qeyd edir ki, sözü gedən qanun layihəsi ölkə ərazisində yaşayan millət və xalqların konstitusiya hüquqlarını pozmur və onlar ana dillərindən ünsiyyət vasitəsi kimi istifadə edə, öz seçimləri ilə təhsil ala və ya Özbəkistanın dövlət orqanlarına bu dildə müraciət edə bilərlər.
Qanun və reallıq
Özbək dili 1989-cu ildən Özbəkistan Sovet Sosialist Respublikasının yeganə dövlət dili kimi qanunla təsbit edilib.
AzadlqıRadiosunun Özbək xidməti yazır ki, SSRİ vaxtlarında Özbəkistanda Rus dilinin də Özbək dili ilə yanaşı rəsmi statusu olub. Amma hazırda qüvvədə olan 1995-ci il tarixli qanunda Özbək dili Özbəkistanın yeganə dövlət dili kimi təsbit edilib.
Buna baxmayaraq ölkədə rus dilindən istifadə edilir, rusdilli məktəb və uşaq bağçaları var.
Kargüzarlıq işləri də adətən iki dildə - Özbək və Rus dillərində aparılır.
Ədliyyə Nazirliyi bildirir ki, qanuna əlavə Ukrayna, Latviya, Litva və Tacikistanın qanunvericilik təcrübəsindən faydalanaraq işlənib.
Bu ölkələrdə də Rus dili dövlət dili statusuna malik deyil.