63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 23-də cəbhə bölgəsində mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.
Qurumdan verilən məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb: "Bundan başqa, 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2156 yaşayış evi yarasız hala düşüb".
Cəbhədə oktyabrın 23-nə olan vəziyyət
Oktyabrın 22-si gün ərzində, habelə 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etdiyi bildirilir.
Bu məlumatı oktyabrın 23-ü səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Məlumatda qeyd edilib ki, qarşı tərəf Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Açıqlamaya görə, Azərbaycan ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin bir sıra istiqamətlərində vacib ərazi və yüksəkliklər ələ keçirilib. "Hazırda bütün cəbhə boyu döyüşlər davam edir", - məlumatda yazılıb.
20 kəndin və bir qəsəbinin azad edildiyi açıqlanıb
Azərbaycan ordusunun Zəngilan rayonunun 13 kəndini və Ağbənd qəsəbəsini də işğaldan azad etdiyi deyilir.
Bu barədə də Azərbaycan prezidenti özünün Twitter səhifəsində növbəti paylaşım edib:
“Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir...”
Prezident habelə qeyd edib ki, Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.
Bundan bir qədər əvvəl isə prezident oktyabrın 22-də Azərbaycan ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun isə 4 kəndini işğaldan azad etdiyi açıqlanıb.