Prezident: "Bir tərəfdən atəşkəs deyilir..."
Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciət edib.
Müraciətində Dağlıq Qarabağ münaqişəsindən, üçüncü dəfə atəşkəs razılaşmasından danışan prezident vurğulayıb ki, bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir.
Prezidentin deməsinə görə, belə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir: "Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?".
Prezident sonra da deyib: "Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmi qalacağıq?".
MN: Tərtər şəhəri atəşə tutulub
Oktyabrın 26-sı saat 15:30-da Ermənistan silahlı qüvvələrinin yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (AMN) məlumat verilib.
MN: Ağcabədi rayonu yenidən atəşə tutulub
"Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 26-sı, saat 15:10 radələrində yayıb.