Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanla döyüşlərdən həlak olmuş daha 35 hərbçisinin adlarını açıqlayıb.
Beləliklə, sentyabrın 27-dən gedən əməliyyatlarda 1006 Ermənistan hərbçisi həlak olub.
Paşinyan: "...alınmadı"
"Beynəlxalq ictimaiyyətin, bu dəfə Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunmuş atəşkəs alınmadı. Azərbaycan tərəfdən açılan daimi atəş nəticəsində Artsaxda mülki şəxslər öldürülüb və yaralanıb", – Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 27-də Twitter-də yazıb.
Azərbaycanın güc orqanları açıqlama yayıb
Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti cəbhədəki vəziyyətlə bağlı oktyabrın 27-də birgə bəyanat yayıb.
Bəyanatda bildirildiyinə görə, yeni humanitar atəşkəsə riayət edən Azərbaycan bütün cəbhə boyu qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür: "Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır".
Açıqlamaya görə, Ermənistan rəhbərliyi artıq hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın beynəlxalq birliyin tanıdığı dövlət sərhədidir.
"Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir", - deyə qurumlar bildirir.
Bəyanatda yazılıb ki, "dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir".