AB-dən Dağlıq Qarabağ bəyanatı
Avropa Birliyi (AB) Dağlıq Qarabağ münaqişəsinin qızışmasını "qəbuledilməz" adlandırıb, yeni sülh danışıqları başlatmağa çağırıb.
"Avropa Birliyi atəşkəs üzrə üç dəfə razılaşma əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağda və ətrafında döyüşün davam etdirilməsini qəbuledilməz sayır", – Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano bəyanatında bildirib.
O, tərəfləri yubanmadan oktyabrın 25-də Vaşinqtonda əldə olunmuş atəşkəs razılaşması üzrə əsaslı danışıqlara qayıtmağa çağırıb.
MN: "Ermənistan qəsdən həmin istiqaməti atəşə tutub"
Oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının Tərtərə səfəri zamanı orada atəşkəsin növbəti dəfə pozulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub: "Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk", - MN qeyd edib.
Azərbaycan humanitar təşəbbüslə çıxış etdiyini bildirir
Azərbaycan tərəfi bildirir ki, bu gün, oktyabrın 29-da Ermənistana döyüş meydanında qalan bu ölkənin 30-a yaxın əsgərinin cəsədlərini təhvil verib.
Bu barədə xarici jurnalistlərə prezident köməkçisi Hikmət Hacıyev bildirib: "İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan tərəfi həlak olmuş 30 hərbçinin cəsədini Ermənistana təhvil verib. Bundan əlavə, Ermənistana iki yaşlı erməni də təhvil verilib. Ermənistan bu məsələdə xoş məramını göstərmirdi. Bu mənada biz Rusiyanın Müdafiə Nazirliyinin və şəxsən Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk".
Onun sözlərinə görə Rusiya tərəfindən bu humanitar təşəbbüsə dəstəyin nəticəsində Ermənistan Qazax-Tovuz istiqamətində humanitar dəhlizin açılmasına və həlak olmuş əsgərlərin cəsədlərini təhvil almağa razılıq verib: "Bu əməliyyat indicə başa çatıb".
Azərbaycan Ermənistana 30 əsgərin meyitini verib
Azərbaycan Dağlıq Qarabağ müharibəsində öldürülmüş 30 əsgərin meyitini Ermənistana təhvil verib və Yerevan da buna oxşar cavab verməyə hazırdır.
Bunu Ermənistanın Müdafiə Nazirliyi oktyabrın 29-da bildirib.