Goranboy, Tərtər və Bərdənin artilleriya ilə vurulduğu deyilir
"Humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 29-u, saat 17:45 radələrində yayıb.
Tapqaraqoyunluya raket atılıb, ölən var
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Goranboy rayonunu raket atəşinə tutduğu bildirilir.
Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter-də yazıb.
O bildirib ki, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxsi Ermənistan silahlı qüvvələri öldürüb: "Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir".
Ölkənin Baş Prokurorluğu isə bundan əvvəl bildirmişdi ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.
İki Su-25 təyyarəsinin vurulduğu bildirilir
Oktyabrın 29-da günorta saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsinin vurulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda yazılıb ki, Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsini Hava Hücumundan Müdafiə bölmələri vurub.