Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

Əliabbas Rüstəmov azad olunub


Əliabbas Rüstəmov
Əliabbas Rüstəmov

Oktyabrın 31-də hüquq müdafiəçisi, keçmiş vəkil Əliabbas Rüstəmov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi.

"Bu gün, oktyabrın 31-də keçirilən məhkəmə prosesində cəzamın qalan hissəsi şərti ilə əvəz olundu", - deyə Rüstəmov bildirib.

Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əlabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

İttiham aktına görə, Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İttihamda qeyd edilib ki, Rüstəmov Vergilər Nazirliyinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib.

O, bütün bunların qurama olduğunu bildirib və ittihamları rədd edib.

Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Yerli hüquq müdafiə təşkilatları onun adını siyasi məhbus siyahısına daxil etmişdi.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

XS
SM
MD
LG