Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 05:18

Neft Akademiyasına silahlı basqın (Faciə ilə bağlı bütün məqalələr)


Neft Akademiyasının tələbələri «Azadlıq» radiosunun əməkdaşlarına deyiblər ki, bir neçə nəfər ölüb, onlarla yaralı var
Neft Akademiyasının tələbələri «Azadlıq» radiosunun əməkdaşlarına deyiblər ki, bir neçə nəfər ölüb, onlarla yaralı var
Hadisə ilə bağlı məlumatın var? Bizimlə əlaqə saxla e-mail - efir@azadlıqradiosu.az
Telefon – 436 77 41

FOTOLAR

Həmçinin oxu:
SİLAHLİ BASQIN BARƏDƏ RƏSMİ AÇIQLAMA
"HÜÇUM EDƏNİN FƏRDA OLDUĞUNU EŞİDƏNDƏ KƏND ŞOKA DÜŞDÜ"
"QARŞISINA ÇIXANI VURURDU" (şahidlərin dediklərindən)
FƏRDA QƏDİROV KİMDİR?

13 nəfərin 12-si Azərbaycan, biri Gürcüstan vətəndaşıdır.

Patoloji Anatomiya Bürosunun şöbə müdiri Namiq Məmmədov jurnalistlərə deyib ki, Neft Akademiyasında qətlə yetirilən 13 nəfərdən ikisi döş qəfəsindən, qalanları başından aldığı yaradan ölüb.

13 nəfərin 12-si Azərbaycan, biri Gürcüstan vətəndaşıdır.

Qətlə yetirilən 13 nəfərdən üçü yaşlı, qalanları tələbədir.

Rəsmi açıqlama

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş basqın barədə rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, tədris korpusuna daxil olan naməlum şəxsin binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Həlak olan digər 2 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat qrupu yaradılıb.
***

Prezident başsağlığı verdi


Prezident İlham Əliyev hadisə ilə bağlı başsağlığı verib. Dövlət başçısı hədsiz kədərləndiyini bildirir, həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir:

«Bu çətin günlərinizdə biz hamımız ağır dərdinizi bölüşərək, sizə səbir və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcək».

***

Hazırda 1 saylı Klinik Tibbi Mərkəzdə 7 ölü, 8 yaralı var

Yaralılardan biri evə buraxılıb. Bu haqda «Azadlıq» radiosunun mərkəzdə olan əməkdaşı məlumat verib.

Klinik Tibbi Mərkəzdə xeyli sayda qan verən var. Qan verənlər əsasən tələbələrdir.

Yaralılarla görüşə heç kimi – nə qohumlarını, nə də jurnalistləri buraxmırlar.

***
Əməliyyat artıq başa çatıb

Dövlət Neft Akademiyasında aparılan əməliyyat artıq başa çatıb. Vətəndaşları məlumatlandırmaq məqsədi ilə akademiyada qərargah yaradılıb.
***

Polislərin «Azadlıq» radiosu əməkdaşlarına verdiyi xəbərə görə, binanın içərisində tələbə və müəllim heyətindən heç kim qalmayıb. Ölən və yaralananların hamısı xəstəxanalara aparılıb. Binanın içərisində əməliyyatçılar işləyir.
***
Dövlət Neft Akademiyasının əsas korpusu və olay baş verən korpusuna giriş-çıxış bağlıdır. Ətrafda yaxınlarından xəbər tutmaq istəyən xeyli insan var. Tələbə və müəllim heyətinin ailə üzvləri yaxınları haqda məlumat almaqda çətinlik çəkdiklərini deyirlər.

Əraziyə xeyli insan toplaşdığından mobil rabitə sistemində problemlər var. Xüsusən «Bakcell» abunəçiləri ilə əlaqə yaratmaq çətinləşib. Polis insanları ərazidən uzaqlaşdırmağa çalışır.
***
Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığında yerləşən Milli Konservatoriyanın komendantlığından «Azadlıq» radiosuna bildiriblər ki, dərslər cədvəl üzrə davam edir. Binada əlavə təhlükəsizlik tədbirləri görülməyib.

Bakı Dövlət Universitetində də dərslərin sırası pozulmayıb. Universitetin tədris korpuslarından heç birinin mühafizəsi gücləndirilməyib.
***

Daha bir nəfər vəfat etdi

Bu dəqiqələrdə 4 saylı şəhər xəstəxanasındakı yaralılardan daha biri Ayaz Bağırov da vəfat edib.
***

13 nəfərin öldüyü, 10 nəfərinsə yaralandığı xəbər verildi

«Neft Akademiyasındakı hadisəylə bağlı 13 nəfər ölüb, 10 nəfərsə yaralıdır». Bu haqda Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli «Azadlıq» radiosuna deyib.

«Yaralıların vəziyyəti müxtəlifdir. Ağır yaralılar da var, onlar hazırda cərrahi əməliyyatdadırlar».

«On yaralıdan nə qədərinin vəziyyəti daha ağırdır» sualının cavabında A.Qədirli deyib ki, bu haqda dəqiq məlumatı yoxdur. Amma yaralılar hamısı Bakıdakı 1 saylı xəstəxanaya (keçmiş Semaşko adına xəstəxanaya), Respublika Klinikik Mərkəzə və 4 saylı şəhər xəstəxanasında yerləşdiriliblər.

***

Adamlar qan verməyə gedirlər

Neft Akademiyasının qarşısından bir qrup adam qan verməyə gedir.

***

Neft Akademiyasının qarşısında polis mənfi rezuslu 1 və 2-ci qrup qan lazım olduğu barədə elan verib.

Polis tələbələrin mobil telefonla çəkdiyi kadrlara baxan şəxsləri dağıdıb.

***
Respublika Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, hadisə təzə baş verdiyinə görə onların rəsmi versiyası yoxdur. Hüquq mühafizə orqanlarının əməkdaşları bunun üzərində işləyirlər. Yaxın saatlarda bu haqda məlumat yayılacaq.

Əməliyyat başa çatandan sonra rəsmi məlumat veriləcək

***
Şahidlərin məlumatına görə, ölənlərin əksəriyyəti ali məktəbin tələbə və müəllimləridir. Ölənlərdən birinin 22-ci polis bölməsinin əməkdaşı, digər birinin isə Nigeriyadan olan tələbə olduğunu da şahidlər görüb.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev jurnalistlərə deyib ki, hadisə yeri zərərsizləşdirilib və əməliyyat başa çatandan sonra rəsmi məlumat veriləcək.
***
Yaralılardan biri vəfat etdi

«Azadlıq» radiosu əməkdaşının bu dəqiqələrdə 4 saylı xəstəxanadan verdiyi məlumata görə, yaralı Cabbarov Savalan vəfat edib.
***

Binanın 4-cü mərtəbəsindən 15-ə yaxın tələbə çıxıb

Binanın 4-cü mərtəbəsindən 15-ə yaxın tələbə çıxıb. Onlar girov olmadıqlarını deyiblər. Bildiriblər ki, atışma zamanı auditoriyanın seyf qapısını bağlayıblar. Onlar həmin vaxtı imtahan verirmişlər. Tələbələr həmin auditoriyada adam qalmadığını deyiblər.

Akademiyanın tarix müəlliməsi Ayşə Osman deyir ki, dərsə gələndə iki nəfər avtomatlı şəxsləri görüb. Onlar hər tərəfə atəş açırdılar. Ayşə Osman binaya girə bilmədiyini deyib.

***
Şahidlərin dedikləri

«Təxminən səhər saat 10-a qalmış iki avtomatlı şəxs Neft Akademiyasının əsas binasına daxil olub, atəş açmağa başladılar». Hadisənin şahidləri «Azadlıq» radiosuna belə deyiblər.

Şahidlər silahlı şəxslərin üzlərini dəqiq görmədiklərini deyirlər.

***
4 saylı xəstəxanaya 3 yaralı gətirilib, biri akademiyanın laborantı, ikisi isə tələbədir.
***
Səhər saat 11-ə şəhər xəstəxanalarına Neft Akademiyasından 7 ölü və 8 yaralı gətirilib. Məlumatı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının rəisi Mürsəl Həmidov verib.

***
İki nəfər Akademiyanın qarşısında qətlə yetirilib

Şahidlərin «Azadlıq» radiosunun müxbirinə dediyinə görə silahlı şəxs iki nəfəri Akademiyanın qarşısında qətlə yetirib. Tələbələrə əsasən akademiyanın 2-ci və 5-ci mərtəbələrində atəş açılıb.

***
Hadisəni törədən zərərsizləşdirilib

Daxili işlər nazirinin müavini Vilayət Eyvazov hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib.

Həmin şəxsin kim olduğu isə açıqlanmayıb. Qeyd edək ki, hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir.
***

Ərazidə əməliyyat aparıldığından heç kəs binaya yaxın buraxılmır

Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov da gəlib. Hazırda Neft Akademiyasının binasının ətrafında olan hər kəs ərazidən uzaqlaşdırılıb. Ərazidə əməliyyat aparıldığından heç kəs binaya yaxın buraxılmır.

Daxili işlər nazirinin müavini Vilayət Eyvazov hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib.

Həmin şəxsin kim olduğu isə açıqlanmayıb. Qeyd edək ki, hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir.

***
Neft Akademiyasına silahlı adamlar basqın edib

Aprelin 30-da Azərbaycan Neft Akademiyasına silahlı adamlar basqın edib, tələbələrə atəş açıb, ölən və yaralılar var.

Yerli agentliklər silahlının xarici vətəndaş, qaradərili tələbə olduğunu xəbər verir.

Neft Akademiyasının tələbələri «Azadlıq» radiosunun əməkdaşlarına deyiblər ki, bir neçə nəfər ölüb, onlarla yaralı var.

Daxili İşlər Nazirliyindən onlarda ölən və yaralılar barədə dəqiq məlumat olmadığını deyir.

«Azadlıq» radiosunun hadisə yerində olan əməkdaşları xəbər verir ki, akademiyanın əsas binası mühasirəyə alınıb. Silahlıların girovların binanın içində saxladığı bildirilir. Hadisə yerində xüsusi təyinatlı dəstələr görünür. Yaralıları isə Təcili yardım xəstəxanasına aparırlar.
XS
SM
MD
LG