Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:50

Jan Pol Sartr: “Nə üçün mən Nobel mükafatından imtina etdim”


Görkəmli fransız yazıçısı, filosofu Jan Pol Sartr (1905-1980) "Divar", "Otaq" kimi məşhur əsərlərin müəllifidir. Sartr 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş, amma mükafatdan imtina etmişdi.

Jan Pol Sartr:

“Nə üçün mən Nobel mükafatından imtina etdim”


Bu məsələ qalmaqala çevrildiyinə görə təəssüf edirəm. Mükafat verilir, amma ondan imtina edirlər.

Səbəb isə budur ki, mükafat verməyə hazırlaşdırlarını mənə əvvəlcədən deməyiblər.

“Fiqaro literer”in 15 oktyabr tarixli sayında dərc olunan məlumatdan İsveç Akademiyasının mənim namizədliyimi daha üstün tutduğunu, lakin son qərarın hələ qəbul edilmədiyini öyrənəndə mənə elə gəldi ki, Akademiyaya məktub yazmaqla (məktubu səhərsi gün yola saldım) vəziyyəti yoluna qoya bilərəm və bu məsələyə bir daha qaldırılmamaq şərtilə birdəfəlik xitam verilər.

O vaxt mən hələ bilmirdim ki, Nobel mükafatı verilərkən gələcək laureatın fikri nəzərə alınmır.

Ona görə də düşünürdüm ki, bunun qarşısını almaq mümkündür. Lakin indi yaxşı başa düşürəm ki, İsveç Akademiyası öz seçimini etdikdən sonra qərarından imtina edə bilməz.

Akademiyaya ünvanladığım məktubda da izah elədiyim kimi mükafatdan imtina etməyimin nə İsveç Akademiyası, nə də Nobel mükafatı ilə heç bir əlaqəsi yoxdur.

Bununla bağlı məktubda iki səbəb göstərmişəm – şəxsi və obyektiv.

ŞƏXSİ SƏBƏBLƏR

Bu imtina düşünülməmiş addım deyildi, çünki mən rəsmi fərqlənmə nişanlarını heç vaxt qəbul etməmişəm.

Hökumət nümayəndələrinin arasında dostlarım olsa da, İkinci Dünya Müharibəsindən sonra 1945-ci ildə mənə təklif olunan Fəxri Legion Ordenindən imtina etdim.

Bəzi dostlarımın təkidlərinə baxmayaraq heç vaxt Kollec de Fransa daxil olmaq istəməmişəm.

Bu mövqeyimin kökündə yazıçı əməyi haqqında təsəvvürlərim dayanır.

Sartrın Parisin Monparnas qəbiristanlığındakı qəbri
Siyasi, ictimai, yaxud mədəni sahədə müəyyən mövqe qazanmış hər hansı yazıçı yalnız özünəməxsus vasitələrin, yəni bədii sözün köməyi ilə fəaliyyət göstərməlidir.

Hər hansı fərqlənmə nişanı onun oxucularını təzyiq altında saxlayır.

Mənim üçünsə bu qəbuledilməzdir.

“Jan Pol Sartr” və “Nobel mükafatçısı Jan Pol Sartr” imzaları arasında fərq var.

Bu cür fərqləndirilməyə etiraz eləməyən yazıçının adı, onu seçmiş assosiasiya və ya institutun adı ilə birgə çəkilir.

Mənim Venesuela partizanlarına qarşı bəslədiyim rəğbətin özümdən savayı heç kimə dəxli yoxdur.

Lakin “Nobel mükafatı laureatı Jan Pol Sartr” Venesuela müqavimət hərəkatının müdafiəsinə qalxarsa, bununla Nobel mükafatı institutunu da özüylə sürükləmiş olacaq.

Nə qədər şərəfli hesab olunsa da, yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir.

Aydındır ki, bu mənim heç də bu mükafatla fərqləndirilmiş laureatlar əleyhinə yönəlməyən şəxsi mövqeyimdir. Mən tanımaq şərəfinə nail olduğum namizədlərin bir çoxuna böyük hörmət və heyranlıqla yanaşıram.

OBYEKTİV SƏBƏBLƏR

Hal hazırda mədəni cəbhədəki savaşın mümkün olan yeganə forması – iki mədəniyyətin – Şərq və Qərbin birgə mövcudluğu uğrunda mübarizədir.

Bununla mədəniyyətlərin mütləq qardaşlaşmalı olduğunu demək istəmirəm.

Yaxşı başa düşürəm ki, mədəniyyətlərin qarşılaşdırılmasının münaqişə forması alması labüddür.

Lakin bu qarşılaşdırma institutların müdaxiləsi olmadan insanlar və mədəniyyətlər arasında aparılmalıdır.

Şəxsən mən hər iki mədəniyyət arasındakı təzadları dərindən hiss edirəm.

Mən özüm bu ziddiyyətlərin nəticəsiyəm. İstər-istəməz sosializmə, Şərq blokuna rəğbət bəsləsəm də, mən burjua ailəsində doğulub tərbiyə almışam.

Bu da mənə iki mədəniyyətin yaxınlaşmasını istəyən hər kəslə əməkdaşlıq etməyə icazə verir.

Lakin sözsüz ki mən “ən yaxşı tərəfin”, yəni sosializmin qələbə çalacağına ümid edirəm.

Buna görə də mövcud olduqlarını yaxşı başa düşsəm də, nə Şərqin, nə də Qərbin ali mədəni insansiyalarından heç bir mükafat qəbul etmək istəmirəm.

Sosializmə tam rəğbət bəsləsəm də, kimsə gözlənilmədən mənə, məsələn Lenin mükafatını təqdim etsəydi, bunu da qəbul edə bilməzdim.

Yaxşı başa düşürəm ki, Nobel mükafatı öz-özlüyündə Qərb blokuna məxsus deyil. Lakin mükafata artıq belə bir çalar qazandırılıb, buna görə də İsveç Akademiyasının nəzarəti xaricində müəyyən hadisələrin baş verməsi mümkün hal alıb.

Hazırda Nobelin Qərb yazıçıları, yaxud şərq "qiyamçıları" üçün nəzərdə tutulan bir mükafat hesab olunmasının səbəbi də budur.

Məsələn, cənubi Amerikanın ən böyük şairlərindən olan Neruda mükafatlandırılmayıb.

Tamamilə layiq olmasına baxmayaraq, Araqonun namizədliyi heç vaxt ciddi şəkildə müzakirə olunmayıb.

Nobelin Şoloxova yox, Pasternaka verilməsi, İsveç Akademiyasının mükafatlandırdığı yeganə Sovet kitabının vətəndə qadağan edilmiş olması faktı təəssüf doğurur.

Tarazlığı əks mənada anoloji addım atmaqla təmin etmək olardı.

Bu mükafat mənə Əlcəzairdəki müharibə zamanı mən və başqaları “121 manifestini” imzalayan zaman təklif olunsaydı, böyük minnətdarlıqla qəbul edərdim.

Çünki bununla təkcə mən yox, bütövlükdə azadlıq mübarizəsi şərəfləndirilmiş olardı.

AZADLIQ VƏ PUL

İsveç Akademiyası mükafatın mənə verilməsini əsaslandıran zaman “azadlıq” sözünü işlədib.

Bu söz müxtəlif cür yozula bilər. Qərbdə bu söz ümumilikdə azadlıq kimi başa düşülür.

Mənsə azadlığı daha konkret şəkildə - bir neçə çəkməyə sahib olmaq, iştahın çəkən qədər yemək hüququ kimi başa düşürəm.

Bu mənada mükafatı almaq mənə ondan imtina etməkdən daha təhlükəli görünür.

Mükafatı qəbul etsəydim, bu, “zərərin əvəzinin ödənilməsinə” razılıq əlaməti sayıla bilərdi.

“Fiqaro-literer”də oxudum ki, “mübahisəli siyasi keçmişimə görə günahlandırılmayacağam”.

Bilirəm ki, məqalə Akademiyanın mövqeyini ifadə edə bilməz, lakin bu razılığımın bəzi sağçı dairələrdə necə yozulacağını aydın şəkildə büruzə verir.

Hesab edirəm ki, “mübahisəli siyasi keçmiş” qüvvədə qalır, baxmayaraq ki, keçmişdə yoldaşların arasında bəzi səhvlərə yol verildiyini etiraf etməyə hazıram.
Bununla “Nobel”in “burjua mükafatı” olduğunu demək istəmirəm, lakin kifayət qədər yaxşı tanıdığım dairələrdə bu cür burjua yozumlarının ortaya atılması qaçılmazdır.

Nəhayət pul məsələsinə keçirəm: İsveç Akademiyası seçilmək şərəfinə böyük pul məbləği də əlavə etməklə laureatın boynuna ağır yük qoyur.

Bu sual mənə çox əziyyət verirdi.

Mükafatı alıb təqdim edilən məbləği fəaliyyəti vacid təşkilat və hərəkatların xeyrinə xərcləmək olardı.

Şəxsən mən Londondakı aparteid əleyhinə mübarizə komitəsi haqqında düşünürdüm.

Ortaq Prinsipləri əsas gətirməklə mükafatdan imtina etmək bu hərəkatı ehtiyac duyduğu köməkdən məhrum etmək idi.

Lakin mən bu alternativi saxta hesab edirəm. Əlbəttə nə Şərq, nə də Qərb blokuna təhkim olunmaq istəmədiyim üçün iki yüz əlli min krondan imtina edirəm.
İki yüz əlli min krona görə məndən, təkcə özümə məxsus olmayan, bütün yoldaşlarımın sadiq olduğu prinsiplərimdən imtina etməyi tələb etmək olmaz.

Bütün bunlar mükafatın mənə verilməsini də, ondan məcburiyyət qarşısındakı imtinamı da xüsusilə ağırladır.

Bu bəyənatı İsveç Akademiyasına qarşı rəğbətimi bildirməklə bitirmək istəyirəm.

Tərcümə: Ülkər Nəsibbəyli
“Xəzər” dünya ədəbiyyatı jurnalı

Həmçinin oxu
Jan Pol Sartr "DİVAR" (Hekayə)
XS
SM
MD
LG