Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 20:19

YAP-çılar YAP-a qarşı


Nazim Məmmədov
Nazim Məmmədov
Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını hələ də açıqlamaması fonunda bu partiyadan müstəqil namizədlərin ortaya çıxması siyasi dairələrin müzakirə obyektinə çevrilib. Bir müddət əvvəl YAP icra katibi Əli Əhmədov demişdi ki, partiya müstəqil şəkildə seçkilərə gedib siyahıdakı namizədlərə rəqib olacaq üzvləri buna görə cəzalandıracaq. Çünki bu, bir dairədə səslərin parçalanmasına şərait yaradır.

Ötən seçkidə müstəqil namizəd kimi 104 saylı Gədəbəy–Tovuz seçki dairəsindən deputat seçilmiş YAP üzvü Nazim Məmmədov ümid edir ki, partiyanın dəstəkləyəcəyi siyahıda onun da adı olacaq. Ancaq hətta adı siyahıda olmayacağı təqdirdə belə, Əli Əhmədovun məlum bəyanatını da normal hesab edir. Deyir ki, belə bəyanatlar partiyanın səsini parçalamamaq, üzvləri istiqamətləndirmək üçün verilir və burada qeyri-adi bir şey yoxdur.

Partiyanın digər namizədinin xeyrinə addım atmağın mümkünlüyü məsələsinə gəlincə, Məmmədov deyir ki, seçki kampaniyası zamanı, özünü təqdimetmə məqamında partiyanın digər üzvü və ya başqa rəqiblərə münasibətdə hansısa taktiki dəyişikliklər edilə bilər. Bu normaldır və hər bir namizəd belə müasir texnologiyalardan istifadə etməlidir. Çünki namizədin yalnız adının siyahıda olmasına arxalanması heç partiyanın da ümumi işinə uyğun deyil:

İNSANLAR İLK NÖVBƏDƏ ÖZ RESURSLARINA ARXALANMALIDIRLAR


«Partiyanın siyahısına düşmək o demək deyil ki, həmin namizəd artıq deputatdır. Biz bu fikirdən cəmiyyətimizi, namizədlərimizi daşındırmalıyıq. Mojaritar sistemdə insanlar ilk növbədə öz resurslarına arxalanmalıdırlar və seçki texnologiyasını elə qurmalıdırlar ki, cəmiyyət onu qəbul etsin. O baxımdan biz müasir seçki kampaniyası aparan adamıq. Keçən seçkilərdə də belə olub. Və belə iş aparanlar həmişə qalib olublar və qalib də gəlməlidirlər».

Nazim Məmmədov əlavə edir ki, əslində siyahı kampaniyanın gedişində müəyyənləşməlidir. Çünki hansı dairədə kimin şansının nə qədər olması əvvəlcədən bilinmir. Amma bununla belə, o razılaşır ki, ölkədə seçkilərin mojaritar sistemlə həyata keçirilməsinə baxmayaraq, partiyanın özünün vahid namizədlər irəli sürməsinə və onları dəstəkləməsinə ixtiyarı var. Bu bütün partiyalarda belədir və YAP-da da olması normal qarşılanmalıdır.

Əli Əhmədov
Bu ilin iyul ayında «Azərbaycan» qəzetinə müsahibəsində YAP icra katibi Əli Əhmədov isə deyirdi:

ƏLİ ƏHMƏDOV: ONUNLA SÖHBƏTİMİZ ÇOX CİDDİ OLACAQ


«Mən inanmaq istəyirəm və bunun üçün də çox ciddi əsaslar vardır ki, fərdi şəkildə namizədliyini irəli sürən insanlar qarşıdan gələn parlament seçkilərində ya ümumiyyətlə olmayacaq, ya da onların sayı həddən artıq az olacaq ki, bu barədə, bəlkə, heç danışmağa da dəyməyəcək».

Əli Əhmədov daha sonra da əlavə edirdi:

«…Amma əgər kimsə fərdi qaydada partiyanın üzvü olaraq namizədliyini irəli sürmək istəsə, təbii ki, onunla söhbətimiz çox ciddi olacaq. YAP-ın heç bir üzvü öz partiyası tərəfindən irəliyə sürülən namizədin rəqibi ola bilməz! Onun buna ən azından mənəvi baxımdan haqqı çatmır! Belə olan halda o, dərk etməlidir ki, öz partiya yoldaşına rəqib olmaqdan daha çox bütövlükdə partiyaya rəqib olur».

AYDIN HƏSƏNOV: BURDA HEÇ BİR PROBLEM YOXDUR

YAP-ın digər üzvü, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyini irəli sürmüş Aydın Həsənov isə «Media forum» saytına açıqlamasında bildirib ki, yenidən deputat olmaq onun haqqıdır. Müstəqil şəkildə seçkilərə qatılmamaq barədə partiyadan hər hansı göstəriş yoxdur:

«YAP kimi istəyər namizəd verər. Bir partiyadan iki namizəd olanda nə olacaq? Seçici kimi istəyər, onu seçər. Həm də kimin nüfuzunun necə olduğu müəyyənləşər. Burda heç bir problem yoxdur».

Politoloq Zərdüşt Əlizadə isə düşünür ki, YAP-ın siyahısının heç bir əhəmiyyəti yoxdur. Kimin deputat olacağını Prezident Administrasiyasında hazırlanıb MSK-ya göndərilən siyahı həll edir:

HƏR ŞEYİ PREZİDENT ADMİNİSTRASİYASININ SİYAHISI HƏLL EDİR

Zərdüşt Əlizadə
«YAP-ın siyahısında olan adam, Prezident Administrasiyasının siyahısında varsa, keçəcək. Yoxdusa, keçməyəcək. Müxalifətdən, kimsə lap elə Barak Obama istedadı, Franklin Delano Ruzvelt müdrüklüyü olsa belə, əgər Prezident Administrasiyasının siyahısında adı yoxdursa, keçməyəcək. Yəni, hər şeyi Prezident Administrasiyasının siyahısı həll edir. Milli Məclisin siyahısı artıq hazırdır. Orada cüzi dəyişikliklər ola bilər. Son anda kimsə namünasib bir söz deyərsə və ya hansısa daha «güclü» adam özünü təklif edərsə, ən zəif adam siyahıdan çıxarıla bilər».

Zərdüşt Əlizadə hesab edir ki, seçkilərin müqəddəratını Azərbaycan xalqı, konstitusiya, siyasi mübarizə yox, icra hakimiyyəti həll edir. O ki, qaldı adı Prezident Administrasiyasının siyahısında olmadığı halda müstəqil şəkildə namizədliyini verəcək adamlara, arzulamaq ziyan deyil. Zərdüşt Əlizadənin fikrincə, deputatlara baxıb maddi vəziyyətini yaxşılaşdırmaq həvəsinə düşənlər həmişə olub.
XS
SM
MD
LG