Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:00

Nərmin Kamal - Əlabbasın Qarabağ haqda romanını tənqid edir


Nərmin Kamal
Nərmin Kamal
Nərmin Kamal bu məqaləsi ilə yazıçı Əlabbasın "Qaraqovaq çölləri" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Nərmin Kamal


DÖYÜŞÇÜ, DÜŞMƏN, DÖVLƏT ÜÇBUCAĞI

Bacısını əsirlikdən xilas etmək üçün sərhədi düşmən tərəfə keçən oğlan haqqında roman.

Belə baxanda bu gün bu ideya pafoslu səslənir, amma ideyanın özünə xas olan bu pafosu yox etmək üçün yazıçı bir tədbir görüb.

Sərhədi keçəndən sonra oğlanın tərəddüdlər keçirdiyini, qorxduğunu göstərib.

Artıq çox keçmişdə qalan, 19-cu əsrin “psixoloji romanları” kimi, başqa bir şəxsdən danışdığı halda onun daxili tərəddüdlərini təhkiyəçi öz dilindənmiş kimi əmin cümlələrlə qələmə alıb.

Sərhədi erməni tərəfə keçib bir kolun dalında gizlənmiş qəhrəmanın tərəddüdlərini yazmaq belə vəziyyətdə onun etdiyi işin pafosuna qarşı çox yaxşı bir tədbirdir.

Bacısını əsirlikdən xilas etmək üçün sərhəddən gizlicə erməni tərəfə adlayan oğlan

"Təhkiyəçi... məsələlərə qarışır, şərh verir. Oxucu üçün yer saxlamır, tezcə özü hər şeyin qiymətini verir, hansı qəhrəmana münasibəti nə cürdürsə göstərir".
keçmiş döyüşçüdür, vaxtilə Qarabağda vuruşub, unudulmaz əməliyyatlar edib, ermənilərin başına pul qoyduğu bir qəhrəman olub.

Ancaq belə bir qəhrəmanı döyüşlərdən qayıdan kimi azərbaycanlılar saxta ittihamla damlayıblar.

O da həbsdən çıxandan sonra qədir-qiymətinin bilinmədiyi ölkəni tərk edib. Yenidən vəziyyətin pis olduğunu eşidərək qayıdıb.

Qəhrəmanın keçmişinə aid bu məlumatları təhkiyəçi bizə hazır təqdim edir, bunlar bizə qədər olub, bizə bunlara şübhə etmək hüququ vermir. Bizim mühakiməmizə hazır qəhrəman təqdim olunur.

O, yaxşı əsgər olub, hərbi hissənin qarəti ittihamını onun boynuna saxtakarlıq edib qoyublar və s.

Bizim iştirakımızla baş verən, bizim üçün bir-bir təsvirə çəkilən isə bunlardır: qayıdan Əfsun qəsəbədə bir kəndlisindən eşidir ki, bacısı Əfruz ermənilərə əsir düşüb.

Budur, Əfsun bacısı Əfruzu görmək ümidilə sərhədi keçir. Artıq dövlətə etibar yoxdur, özün öz işini həll etməlisən. Keçər-keçməz bu işi necə görəcəyi haqda fikirlər onu bürüyür.

Kimə, necə yaxınlaşıb desin ki, əsir bacımı mənə göstərin. Axırda belə bir üsul tapır: o üzdən bir erməni müəllimi “Arvadını indicə bizimkilər götürdü, gözdən tük qapırlar. Onu qaytarmaq istəyirsənsə, gedək mənimlə, sonra pul verərsən mənə bu işin əvəzində” - deyib aldadır, özüylə bu tərəfə gətirir.

Dövlət sərhədi elə yatmış əsgərlərin əlindədir ki, bir o üzə, bir də bu üzə keçə, yanınla adam da gətirə bilirsən.

Ümid edir ki, erməni Arşakı dövlətə təhvil verəcək, dövlət də onu erməni tərəfdəki bacısıyla dəyiş-düyüş edəcək. Arşakın simasında ermənilər müharibə istəməyən sadə camaat, dövlət əmrlərinin könülsüz qurbanı kimi göstərilir.

Arşakla Qaraqovağa çatan kimi azərbaycanlılar – Əfsunun həmkəndliləri erməni müəllimi daş-qalaq etməkdən ötrü xeyli həyəcanlanırlar.

Əfsun onu müdafiə edir; ermənilərin onun oğlu Raffini azərbaycanlılara qarşı vuruşmaq istəmədiyi üçün güllələdiklərini deyir, başqa sözlər də deyib kəndliləri sakitləşdirir. Dövlət adamları gəlib bu “sərhəd pozucularını” aparırlar.

Uzaqdan sorağı eşidilən bir qəhrəman da Əfruzla Əfsunun qardaşı İmdaddır. Qarabağ döyüşlərinin cəsur əsgəri olan Əfsunun haqsız həbsinə dözməyən İmdad indi Bakıda ruhi xəstəxanadadır. Erməni Bakıda öz növbəsini gözləməkdə olsun, bu yandan da Əfsunun ölmüş atasının dostu, kitab boyu müdrik ağsaqqal obrazı yaradılan Zülfi müəllim başqa bir ölmüş dostunun qızı Mehriylə onu evləndirir. İndi bu keçmiş döyüşçü Əfsuna yaşamaq üçün Qaraqovaq çölündə bir ev tikmək lazımdır.

Qaraqovaq çöllərində bir pay torpaq icazəsi almaqdan ötrü məmurların qapılarında usandırıcı get-gəllərə düşən Əfsun təngə gəlir. “Dövlət başçısı, fərman, sosial müdafiə, vəzifə borcu, bələdiyyə, ünvanlı sosial yardım, mülkiyyət, aidiyyəti orqanlar… Hər şeydən söhbət gedir, torpaqdan başqa! Sonra da onu-bunu qınayın ki, şəhərlərə axışırlar.”

Sonda Əfsun iri, narıncı buldozerə oturub bələdiyyənin ikimərtəbəli binasının altını üstünə çevirir. Buldozeri rayon prokurorluğunun qabağına sürüb əlindəki qumbaranı binadan hay-harayla çıxıb canını qurtarmağa çalışanların dalınca tullayıb deyir: “Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum torpaqda da ev tikməyə qoymadınız! Alçaqlar! cəlladlar! Qaniçənlər! Bu, İmdadın qisası! Bu, Əfruzun intiqamı! Bu, yerlə yeksan elədiyiniz evimin əvəzi!…” Sonra da özünü öldürür. İki həftədən sonra əsirlər dəyişdirilir, bacısı kəndə qayıdır. Əsər bacısını qarşılamağa çıxan kənd camaatı səhnəsilə tamamlanır.

Qarabağ haqda yazılmış əsərlərin boz çoxluğunda seçilən bir süjetdir. Əfsun həm ermənilərlə, həm də öz dövlətilə düşmən ruhi vəziyyətindədir.

Bir zaman Qarabağda vuruşmuş əksər döyüşçülərdə bu gün anti-erməni əhvalı ilə anti-dövlət əhvalı bir-birinə qarışıb. Bu əhvala artıq ədəbiyyatda rast gəlirik. Dövlət idarələrinə bomba atan bu cür üsyankar vətəndaş bizim sakit ədəbiyyatımızda nadir bir qəhrəmandır. Özümüzü “Necə olub ki, Qarabağdan yaralanmayıb qayıtmısan?” eşidən keçmiş döyüşçülərin yerinə qoysaq, “Qaraqovaq çölləri” adlı bu milli roman(tika)nın onlar üçün necə bir sevinc olduğunu görərik. Onlara, əksər oxucular kimi, süjet lazımdır. Aşağıda yazacaqlarım isə onlar üçün çətin, maraqlı ola.

Süjet və sıralama haqda bir qeyd

Romanı səhifələrə çevirib masa üstünə sərsək və bu mənzərəyə yuxarıdan nəzər salsaq, sadə birxətli süjeti var, kosmosu geniş deyil. Üç bacı-qardaşın həyatını müharibə korlayıb, biz nə bacını, nə də o biri qardaşı görüb-eşidirik, Əfsun əyani, onlarsa qiyabi qəhrəmanlardır.

Əfsundan sonra ikinci ən çox adı hallanan qəhrəmanın adı Zülfi müəllimdir. Əfsunun ataəvəzi saydığı Zülfi müəllim çox ehtiyatlıdır, ona ölkədən çıxıb getməyini, başını dinc saxlamasını məsləhət görür, amma elə ki, Əfsun başını dinc saxlamadı, onun nadincliyini müdafiə edir.

Bir də Zülfi müəllimin antipodu rolu oyanayn dövlət adamı obrazı var. Dövlət adamı obrazı bir qəlibdir, onun içinə gah prokuror, gah hakim, gah adi polis zabiti girir və onların hamısı Əfsunun dikbaşlığını hədələyən, dövlətin mütləq mövqeyindən danışan adamlar olur.

Bir neçə dəfə Səfurə müəllimə, Güləsər, Qəflət kimi adlar çəkilir, onlar Əfsunun kənddəki kiçik müdafiəçiləri, romanın xırda enerji topları rolunu oynayırlar.
Uzun və zəngin bir roman deyil. Kompozisiya sadədir, amma səliqəli deyil. Əfsun ermənini böyük çətinliklə götürüb sərhədi keçəndən, kəndə çatandan, camaatla dilləşəndən, əsgərlər kəndə gəlib Əfsunla Arşakı aparandan sonra, hətta Əfsun arxaya “Səfurə müəllimə, narahat olmayın, onlar mənə heç nə edə bilməzlər. Bəlkə də, bir-iki saata ötürdülər gəldim. Ürəyinizi buz kimi saxlayın” – qışqırandan sonra, təxminən 22-ci səhifədə Əfsun Arşakla sərhədi keçib gəlməsi məsələsini nədənsə bir daha nəql etməyə başlayır, bu dəfə yeni-yeni detallarla, aralarında yeni dialoqlarla.

Bu dəfə eyni hadisənin – ermənini böyük çətinliklə Uzdan götürüb Qaraqovağa gətirmək məsələsinin sonu bir az başqa cür bitir – əsgərlərin arxadan atdığı güllə erməninin qolunu yaralayır. Halbuki, eyni hadisənin əvvəlki təsvirində Əfsun Arşakla Qaraqovaq camaatının qabağında dayanmış, onlarla dilləşirdi və erməninin qolunun sərhədçilərin gülləsinə tuş gəlmiş olması söhbəti yox idi.

Xarakterlər və dialoqlar

Dialoqlarda danışan adamların adlarını silsək, ortada onların hamısının yalnız danışıqları qalsa, hamısının eyni tərzdə, eyni üslubda danışdığını görərik. Bircə erməni Arşak müəllim hər danışanda özünün “Ara” xitabı ilə seçilir. Qalanlarının nitqində özünəməxsusluq yoxdur.

Xarakterlərin danışıqlarının dil-üslub eynilikləri bir tərəfə, onların hamısının nitqləri elə ana təhkiyənin üslubundadır. Təhkiyəçinin özünün dil üslubu ilə xarakterlərin dialoqlarda danışdıqları üslub tamamilə eynidir. Kitabın ixtiyari yerlərindən üç misal:

1.

- Mənim bilmək istədiyim başqa şeydi. Görüm axı niyə bu cavanların gözünü qırırlar? Niyə qoymurlar, onlar comərdlik haqda düşünsünlər? Gərək kimsə mətləq bunları idarə eləyə?-o söyləyir və vaxtilə dərs dediyi oğlanın gözlərində bir gəncin mübarizə eşqilə yanan sönməz istəklərini görürdü,-get, oğul, allah yolunu açıq eləsin. Bil ki, sənin taleyinə ağır əzablara sinə gərmək yazılıb. Bunu heç vaxt unutma. Onu da bil ki, hamımız axıracan səninləyik! Səni darda qoymayacağıq. Sən ki, tək bacı yox, bir Azərbaycan qadını üçün gözünü qırpmadan özünü odlara atmısan, allah da əvəzini
Əlabbas
Əlabbas
yetirər... Sən bütün ağrı və məşəqqətlərə, çətinlik və əzablara içindəki sonsuz vətən sevgisi və dönməz inadınla qalib gəlmisən. Hər bir yaşıdın bu cür fədakarlıq göstərsəydi, nə dünya qarşısında xar olar, nə də əsirlikdə bir başıyaylıqlımız qalardı. Sənin kimilərin qiymətini o-bu yox, zaman özü verəcək! Arxayın ol, mənim balam!… O əllərə qandal yox, öpüş yaraşır.

2.

- Gördüm, beyni çönüb yazığın. Ay bala, etmə, eləmə, bu, səninçün oyun-oyuncaq deyil. Bil ki, hökumət haqda danışırsan. Heç belə sözü də dilə gətirmək olar? Yalvar-yaxar elədim ki, bir az hövsələli olsun. Gec-tez bu, dövlət əleyhinə təbliğat aparmaq kimi qələmə veriləcək. Düz də eləyəcəklər. Bilsin ki, bu cür danışıqla yalnız özünə quyu qazır. Onda da başladı ki, elə sizin kimilərdi bu xalqı səbrə dəvət eləyib evini yıxanlar. İş qara camaatın özünə qalsaydı, çoxdan başının çarəsini qılardı. Onun-bunun əlində alətə çevrilən sizlər qoymadınız bu millət vaxtında özünə gün ağlaya. Bəsdirin daha!… Adını ziyalı qoyan sizləri hara qədər lazımdı, düz ora qədər qorxuzublar. Bu cür bədbin fikirlərlə milləti təslimçiliyə hazırladığınız yetər artıq. Zəngin tarixi keçmişə, ulu ənənələrə malik böyük və qədim xalqı iki cüt bir tək dılğır erməninin əlində qoyublar. Bilin ki, qalib qalib gələn yox, təslim olmayandı!

3.

- Nə deyim sənə, Mehri?-o bu adı bir ayrı ahəng və məhrəm səslə dedi,-özün hər şeyi məndən yaxşı bilirsən. Dedin-demədin, göz önündədi. Könül xoşluğu olmayan, mənasız, dadsız-tamsız bir ömür yaşadıq. Sənli-mənli. Bu ona oxşayır ki, olmayan yerdə şora da yavanlıq deyəsən. Sənə bu məqam üçün lazım olan sözləri tapıb deyə bilmir, ya onu bacarmıramsa, günah məndə deyil, həyat öz işini görüb. Bir də,-o dərindən köks ötürüb qəmli-qəmli gülümsündü,-dava illərinin elə belə də sevgisi olar… Niyə gizlədim axı? Bu qədər dərd-sərin, sağalmaz yaraların girdabında sənə yeganə xilaskarım kimi baxıram. Amma bir məqam var ki, onu düşünəndə, açığı, sənin halına özümdən də çox yanıram. Çünki mən xarakterli insanların taleyinin nəylə bitəcəyini bilməkdən yana çox da baş sındırmaq gərək deyil,-sussa da, gözlədiyi kimi, qız onu kirimişcə dinləməkdə davam edirdi,-hər şey şəhərdən necə dönməyimə bağlıdı. Zülfü müəllimə də demişəm. İş elə gətirər ki, ola bilsin, ümumiyyətlə, qayıtmayım. Amma o sonranın işidi. Bu qədər, Mehri.
_

Bunlar bir adamın dil üslubu yox, müvafiq olaraq, Səfurə, Zülfi müəllim və Əfsunun danışıqlarıdır. Romandan dialoqları bura köçürərkən, arada onların nitqlərinə şərh verən təhkiyəçi cümlələrini də qəsdən silmədim.

Roman dövlət dilində qələmə alınıb. Dövlət dili deyəndə mən Azərbaycan dövlət adamlarının işlətdiyi rəsmi-publisistik dili nəzərdə tuturam. Əfsun dövlətlə üz-üzə, burun-buruna çıxır. Amma dövlətə etibarsızlıq ifadə edən roman qəhrəmanları körpülərin üstündəki prezident cümlələrinin dilində danışırlar. Fikrimi əyaniləşdirmək üçün, yenə romanın ixtiyari yerlərindən bir neçə cümlə:

“Bəlkə, bu söhbəti münasib bir vaxta saxlamaq daha yaxşı olardı?”

“Bundan sonrakı suallarsa həyati əhəmiyyət daşıyar və məktəbdə olduğu kimi, bu məqamlarda özünü evdə də ciddi aparan ata bəri başdan təntənəli şəkildə bəyan edərdi ki, diqqətli olsunlar və cavab verməyə tələsməsinlər, çünki onların kimliyini təyin etməyə o daha çox bu suallara münasibətdə cavab tapacaq. Beləliklə, ilk sual: sizlərdən hansınız suya düşüb boğulan dostunu xilas üçün canını fəda edər? Yaxud alışıb-yanan evdə qalmış ata-ananı qurtarmaq üçün köməyə gedən olarmı, bilə-bilə ki, onu da labüd ölüm gözləyir”.

“Bu yerdə qardaş-bacıların təəssüf və təəccübünə açıq-aşkar bir sevinc duyğusu da qovuşar, onların deməyə daha sözləri qalmazdı”.

“Bununla belə, bu, sadəcə bir qorxu və məsuliyyət hissi deyildi. Yox, yox, yenə də yox! Ortada iki qonşu kəndin adından da çox, millət və şərəf söhbəti vardısa, daha necə rahat olasan?”

“Əlimlə yazdığım bu məktubun yalnız sağ qalacağım halda, məni istəyənlər üçün qiymətli ola biləcəyi, əks halda isə öz əleyhimə çevriləcəyi indi hansısa bir məna kəsb etmir. Əgər gec-tez torpağıqsa, bunun indidən olmağı, həyatı şərəfsizcəsinə başa vurmağımın, onun-bunun yanında gözükölgəli gəzməyimin yalnız və yalnız qarşısını ala bilər.”

“- O yerdə ki, millət adından çıxış eləyirsiniz, bütün şəxsi hissləri bir tərəfə qoyun və bilin ki, hər şeydən uca bir ad var: milli şərəf və heysiyyət!”

İşğal edilmiş Şuşa
İşğal edilmiş Şuşa
“Tərs kimi hər şey gözlənilmədən alt-üst oldu və bununla da alovlu istəklərə nöqtə qoyuldu.”

Müəllifin hadisələrə müdaxiləsi

Təhkiyəçi (ön sözdəki qeydlərdən görünür ki, təhkiyəçinin elə müəllifin özü olduğu yazı oyunu olsun deyə də gizlədilmir) məsələlərə qarışır, şərh verir. Oxucu üçün yer saxlamır, tezcə özü hər şeyin qiymətini verir, hansı qəhrəmana münasibəti nə cürdürsə göstərir. Əlbəttə, 9 kitab müəllifi olan məndən qat-qat təcrübəli bir yazıçının özünü neytral saxlamaq kimi qaydaları bildiyinə şübhə ola bilməz, amma...

Nə edəsən, türk demişkən, anlatıcı məsafəli dayanmır, qəhrəmanlarının əxlaqi dərdlərini çox yaxından çəkir. Bütün romanlarda olduğu kimi, bu qədər qəhrəman ona görə ortalığa çıxarılıb ki, yazıçı öz ideyasını onlar vasitəsilə nəsrləşdirsin. Fəqət eynilə, romana yazdığı ön sözdə, “Üç zəruri qeyd”-də “Qayıdıb Vətənin qulağısırğalı və xınabaş «kişilərin» ümidinə qaldığını görsəydi, vuruşduğuna, aldadıldığını vaxtında başa düşmədiyinə görə təəssüflənməzdi ki?” dediyi kimi, romanın içində də aşağıdakı kimi cümlələr dilə gətirərək, qəhrəmanlarını təhkiyəçi dililə alqışlayır:

“Tərəddüdsüz danışıq və heç nəyi gizlətməmək oğlanın qətiyyətindən xəbər verirdi”.
“O bunu elərdi, özü də gözünü qırpmadan… Hər halda qaçmaq da bir iş idi, hərçənd böyük əksəriyyətdən fərqli olaraq o bunu heç vaxt igidlik sanmamışdı… Bu, heç qorxduğuna görə də deyildi. Neçə il əvvəl gözünün altına minlərlə ağac yolun hər saniyə və addımında girə keçmək təhlükəsini alıb da aradan çıxan adam indi nədən çəkinəsi idi?… Zəhrimara qalmış əmma başqa şeydə idi: hiss eləmişdi ki, müxənnət əlinə düşüb, aydan arı, sudan duru olsa belə, bada gedəcək. Ona da şübhəsi yox idi ki, bu qaçışla üstünə ayaq almaq istəyənlərə fürsət vermiş olacaq, özü də necə.”
Təhkiyəçinin qəhrəmanlararası səsinin aktivliyi, obrazların üslubu ilə təhkiyəçinin dil üslubunun fərqlənməməsi, müsbət obrazların dilindən daha cani-dildən danışması və s. nəticəsində belə təəssürat yaranır:

Kukla teatrının aktyoru əllərinə cürbəcür kuklaları taxıb onların dilindən səsini gah nazildərək, gah qalınladaraq danışdığı kimi, burada da təhkiyəçi sözü Zülfi müəllimə verəndə onun içinə girib danışır, sözü Əfsuna verəndə onun dilindən danışır, hər zaman da bunların arxasında duranın eyni bir adamın səsi olduğu açıq-aşkar hiss edilir.

Romanda təbiət

Romanda təbiət insan əhvalına tabedir. Çox nümunələr gətirmədən elə romanın sonuncu cümləsinə baxaq: “Orda, arxada, lap uzaqlarda qalan və para saat, bir saat əvvələdək dünyanın, bəlkə də, ən möhtəşəm zirvəsi tək vüqarla yüksələn Qaraqovaq dağları da o gün o səsdə heç vaxt olmadığı qədər tutqun, bürkülü və balaca görünürdü.“
Filosof və ədəbiyyat tənqidçisi Gyorgy Lukacz “Nağıl etmək, yoxsa təsvir etmək?” (Narrate or Describe?) adlı məqaləsində Emil Zolyanın “Nana”sı ilə Tolstoyun “Anna Karenina”sındakı at yarışı səhnələrini üz-üzə qoyur.

Tolstoy atları yarışda insanların ruhi vəziyyətinə uyğun “qaçırır”, atlara Annanın və Vronskinin psixoloji hallarına uyğun mənalar qataraq nəql edir.

Zolya isə at yarışını insan şüurundan asılılığa məruz qalmayan müstəqil bir hadisə kimi təsvir edir, atların öz rənglərini saxlayır. Həmin kontekstdə Lukacz bir cümlə işlədir “O, təbiəti insanların ruhi vəziyyətlərinə uyğun payıza və ya yaza çəkmir”. Romanlarda ağacların, heyvanların, təbiətin insanın işlərinə uyğun olaraq haldan-hala salınması, atların poetikləşdirilməsi ətrafında bu filosof və ədəbiyyat tənqidçisi elə bir problematika qaldırır ki, “Mən yazıçı olsam, belə etmərəm” – deyirsən, narrativliyi deyil, təsvirçiliyi seçirsən.

Sonda yenidən romanın məzmun məsələlərinə dönsək, qəhrəmanlar erməni düşmənçiliyindən artıq Azərbaycan dövlətinin əlindən təngə gəliblər. Əfsunun qardaşı İmdad: “Amma indi deyirəm: qoy kim məni qınayacaq, qınasın, mən azərbaycanlı olmağımla fəxr eləmirəm, a millət, bilin, açın qulağınızı eşidin, eləmirəm fəxr!” deyir və bununla “Qaraqovaq çölləri” ciddi mesaj verir.

“Roman müzakirələri” çərçivəsində yazılara başlayanda gənc yazıçıları, ən yeni əsərləri o zaman yazıçılara qarşı çox militarist köklənmiş tənqidçilərdən qorumaq, səlahiyyətləri məhdudlaşdırılmış bir tənqid önə sürmək üçün yazırdım. Roman müzakirələri çərçivəsində son yazımı da həmin prinsiplə tamamlayıram. Yuxarıdakı qeydlərim “Qaraqovaq çölləri”nin öz janrının tələblərini bu romanda axtarmaq idi.

Həmçinin oxu
İradə Musayeva. Qarabağdan yazmayaq
Əlabbas "Qaraqovaq çölləri" (Romandan parça)
XS
SM
MD
LG