ABŞ-nin sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib. Onun prezidentlik dönəmində ABŞ vətəndaşları İranda 444 gün girov qalmışdı. Karter dönəminin ən yaddaqalan olayı da bu idi.
2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülən ABŞ-nin 39-cu prezidenti C.Karter dekabrın 29-da doğma Corcıya ştatının Pleyns şəhərindəki evində, ailə üzvlərinin yanında dünyasını dəyişib.
Prezidenti Co Bayden "ABŞ və dünya görkəmli lider, dövlət xadimi və humanist bir şəxsi itirdi", - deyərək Karterin dövlət səviyyəsində dəfn mərasiminin keçirilməsinə göstəriş verib.
"Hamımız ona minnətdar olmalıyıq"
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsi paylaşımında deyib ki, "prezident olarkən Karterin üzləşdiyi problemlər ölkəmizin taleyüklü anlarına təsadüf edib və o, amerikalıların həyatını yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəməyib" və sözünü belə bitirib: "Buna görə hamımız ona minnətdar olmalıyıq".
"Human Rights Watch" öz bəyanatında bildirib ki, "siyasətində insan haqlarına öncəlik verən Karter dünya liderlərinə örnək olub və o, vəzifəsini tərk edəndən sonra da insan haqları uğrunda mübarizəsini sürdürüb".
Nyu-Yorkdakı "Empire State Building" göydələni onun xatirəsinə qırmızı, ağ və göy rənglərə boyanıb.
Bir dönəm ABŞ prezidenti olmuş Karter humanitar fəaliyyətinə və beynəlxalq münaqişələrin sülh yoluyla çözümündəki səylərinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
1977-1981 illərdə ABŞ vətəndaşların İranda girov saxlanması onun prezidentlik taleyini həll edib.
1979-cu ildə İranda hakimiyyətə Ruhulla Xomeyninin başçılığıyla ruhanilər gələndən sonra Karter devrilən və xəstə İran şahına - Məhəmməd Rza Pəhləviyə siyasi sığınacaq vermiş və bir çox iranlının nifrətini qazanmışdı.
O vaxt bir qrup tələbə Tehrandakı ABŞ səfirliyinə basqın edərək 52 ABŞ diplomatını və vətəndaşını girov götürmüşdü. Onlar şahın geri qaytarılmasını və ABŞ-nin həmin zamanadək İranda törətdiyi əməllərə görə üzr istəməsini istəmişdilər.
ABŞ-nin girovları yalnız qoymayacağını deyən Karter olaya belə reaksiya vermişdi: "Heç kəs ABŞ hökumətinin və amerikalıların bu məsələdə qəti mövqeyinə barmaqarası yanaşmamalıdır". Böhran bir ildən çox sürmüşdü.
Danışıqlar uğursuz nəticələndiyindən o, 1980-ci ildə ABŞ xüsusi təyinatlılarına girovları qurtarmağı əmr etmişdi. Uğursuz xilasedici missiyada səkkiz amerikalı hərbçi həlak olmuşdu.
İrandakı "Girovlar böhranı" və Karterın onu çözməməsi prezident seçkilərinin keçirildiyi 1980-ci ildə ABŞ-də əsas xəbər başlıqlarında əksini tapmışdı. Həmin seçkilərdə keçmiş aktyor Ronald Reyqan xarici görünüşü və iqtisadiyyatla bağlı təklifləriylə Karteri asanlıqla məğlub etmişdi.
Karter Ağ evi tərk edincə, İran girovları sərbəst buraxmışdı
Karterın prezident kimi ilk məqsədlərindən biri ABŞ və Sovet İttifaqı arasında "SALT II" kimi tanınan nüvə silahı daşıya biləcək strateji raketlərin istehsalını azaltmağa yönəlmiş müqavilə üzərində işləmək idi.
Rəsmi Moskvanı insan haqlarının pozulmasına görə daim tənqid etdiyi üçün Leonid Brejnevlə sözügedən danışıqlar çətin olsa da, 1979-cu ildə iki lider "SALT II" müqaviləsini imzaladılar. SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra ABŞ Senatı sazişi təsdiqləməsə də, hər iki tərəf onun şərtlərinə yenə əməl etdi.
Sovetlərin Əfqanıstana hərbi müdaxiləsinə cavab olaraq, sonradan "Karter doktrinası" kimi tanınan siyasət elan edildi. Bu doktrinaya görə, ABŞ İran körfəzindəki maraqlarını, gərəkərsə, hərbi güclə qoruyacaqdı. Üstəlik, ABŞ 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarını da boykot etdi.
Karterin yaddaqalan beş uğuru
Prezidentliyi uğursuz sayılsa da, Karter bir neçə uğuruyla da yadda qalıb.
O, səmərəli milli enerji siyasətinin, 8 milyon yeni iş yerinin açılmasının müəllifi oldu və adı tarixə düşdü. Dövlət qulluğunda islahat apardı, ABŞ federal hökumətinin fəaliyyətini yaxşılaşdırdı.
Ancaq prezident kimi ən böyük uğuru 1978-ci ildə onun vasitəçiliyi ilə Misirlə İsrail arasında Kemp Devid sülh sazişinin imzalanması oldu. Misir prezidenti Ənvər Sadat və İsrail baş naziri Menaxem Beqin də səylərinə görə Nobel Sülh Mükafatına layiq görüldülər.
Karterin xanımı Rozalin ötən ilin noyabrında 96 yaşında vəfat edib.