Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:09

Qızlıq vəsiqəsi… (Rüqəyyə Kəbiridən yeni hekayə)


Rüqəyya Kəbiri
Rüqəyya Kəbiri
-

"Görəsən bu uşaqlar bizim yaşımıza yetişəndə, onlardan da qızlıq vəsiqəsi istəyəcəklər?"


“Ədəbi Azadlıq-2012” müsabiqəsinin qalibi, Təbrizdə yaşayan yazar Rüqəyyə Kəbiridən yeni hekayə


Rüqəyyə Kəbiri


GƏLİN BACI


Hələ növbəmizə qalır. Miz arxasında oturan qarabuğdayı saçlı, orta yaşlı nömrəverən kişiyə baxmaqdan utanıram. Yəqin o da bilir biz niyə gəlmişik. Gözüm duvardakı, ağ örpəkli göyçək uşağın “sus” deyə, barmağını dodağında saxlayan şəklində qalıb.

Aşpazxananın səkkisinə söykənib, dedim: «Getməyəcəyəm!»

Gəlin bacı ağ yaylığını buxağının altında sancaqladı. Qara çərçivəli girdə gözlüyünün üstündən mənə baxdı: «Anan bir şey bilir daa, deyir get!..»

Birdən dilimə gəldi deyim ki, «axı sənə nə dəxli var, gəlin bacı!». İstəmədim gəlin bacını incidim. Televiziyanı açıb, gözlərimi ekrandakı uçan quşlara zillədim.

Anam, qaşıq əlində aşpazxananın səkkisinə dirsəkləndi: «Əlimizdə kağaz olsa, bir söz deyəndə təpərik gözlərinə.»

Gəlin bacı anamın sözünü kəsdi: «Görmədin, anası zəhər tuluğuydu?!»

“Verməzdiz daa” - dedim.

Anamın əlindəki qaşıq səkkinin üstünə damcıladı. «Genə başlama!» - dedi. - «Tək sən deyil sən haaa... Səndən sonra evdə iki qız da var.»

Dinmədim. Gözüm ekrandakı quşlarda qalmışdı. Tədqiqatçılar nişan qoymaq üçün halqaları quşların ayaqlarına bərkidib, buraxırdılar.

«Nə eyləyim. Elçilər qapını yerindən çıxardır axı...» Anam idi yenə aşpazxanadan səsləndi.

Gözüm ekranda- «bir dəfə de əlimdə qalmışdın daa...» - dedim.

Gəlin bacı yenə gözlüyünün üstündən mənə baxanda elə bildim cizgi filmlərindəki gözlüklü bütöv aydı. Gümüşü saçlarını ağ yaylığının altında gizlədib. «Qismət qızım, qisməti nə görmüsən!» - dedi.

«Mən özümə güvənirəm. Kağaz nəyə lazımdı?»

Gözləmə otağında, duvardakı “sus” deyən qız, başqa oturanlara baxmır. Gözünü, ancaq mənim üzümə tikib. Nömrəverən hərdən–hərdən mənə, bir də yanımdakı qumral saçlı qıza baxır. Elə bil bizdən sonra, burda başqa bir adam yoxdur.

Anam bir mənə baxdı, bir də gəlin bacıya. Qaşığı ocaq üstündəki buğlayan qablamanın qırağına vurub, «qorxuram gəlin bacıya çəkəsən» - dedi.

Qaşığı qablamanın üstünə qoyub, ocağı söndürdü. Sürütmələrini sürütləyə-sürütləyə tənəbiyə gəldi. Əlimdən yapışıb, gəlin bacının yanında oturdub, dedi: «Sən bir söz de, gəlin bacı! Bu qız könəzdi».

Gəlin bacı ayaqların uzaldıb güldü. Saxta dişləri, mirvarı dənələri kimi ağapbağ idi. «Qızım! Bəlkə bizim zamanımız kimi yengə-muşata qapının dalısında keşik çəkə!».

«İndi o zaman deyil!» - dedim. «biz danişgah görmüşük. Hər şeyi bilirik.»

Anam da gəlin bacının yanında muxəddənin qabağında yerə oturdu. «Könəzlik eləmə. Gəlin bacının toy gecəsindən bəri el-tayfanın gözü qorxub, əlimizdə kağaz olsa, dilimiz uzun olar.»

Gəlin bacı, sağ yanağından axan gilələri yaylığının ucuyla sildi. Yaylığı sürmə rənginə boyandı. Gözlüyünün altında, sol gözünün çuxurunda bir gilə qaldı..

Televiziya kontrolunu yerə çırpıb anama bağırdım: «Getməyəcəyəm... Bildiz... Getməyəcəyəm!» dedim, amma gəldim. Üstəlik yanıma bir yengə də qoşdular. Adaxlımdan əlavə, bacısı da bizimlə gəldi. Keşkə onun yerinə gəlin bacı gəlirdi.

Gözləmə otağının ağ, çirkəsov çarpayısı yançaqlarıma batır, mıxdı sanki.

Adaxlım yerində qaynaşır. Sanki onun qızlığının möhürünü kağaza basacaqlar. Yanımda oturan qumral saçlı qızın ətir qoxusu burnumu acışdırır.

Qız mənə baxıb, duvardakı şəklin altında əyləşən qadını göstərir. O da qumral saçlıdır. Qırmızı dırnaqları ağapbağ əllərini qat-qat gözəl göstərir. Ayaqlarını bir-birinin üstünə aşırıb. Başmaqlarının uca dabanlarına baxıram. Qız «mamam!» deyir. - «Yanımdakı da adaxlım». Adaxlısına baxmıram.

Maması, matikli dodaqlarıyla üzümə gülümsəyir. Matiki dırnaqlarının lakı rəngindədir. «Siz də maynaya gəlibsiniz?» Adaxlımın bacısı məndən qabaq ortaya atılır: «bəli, bu cümə toylarıdı!» deyir. Canımı qızışma basır. Adaxlım yavaşca qolumu dümsükləyib, gülür.

Ürəyimdə bir şey qaynaşır. Sanki damarlarımı sıxır. Az qalıram durum nömrəverən kişinin mizinin üstündəki kağazdələni adaxlımın başına çırpım. Ağ rəngli, kürəkən kot-şalvarı gözümə çirkəsov gəlir. Gözümü, duvardakı “sus” deyən qızın dodaqlarına tikirəm. Qız dodaqların büzüb, adaxlıma baxır.

Gəlin bacının göz çuxurundakı yaş giləsi hələ qurumamışdı. «Mən yazılmamış ağapbağ kağaz kimi idim» - dedi. Yaylığını başından açıb, bir də sancaqladı. «O zaman həkim-qabilə yox idi ki qızım!» Sonra bağdaş qurub, bir də dedi: «Muşatanın sözü höküm idi.»

Anam: «Gəlin bacı! Hələ tayfa davalarından de baa...»

Gəlin bacı dedi: «Hələ öz əmoğlum idi haa... Özgə deyildi ki!..»

Gözucu adaxlıma baxıram. Mayna sözünə gülüb, qolumu dümsükləyəndə, bilmirəm nədən öz yanımda dedim: “bəlkə özgədi yanımda oturub”. Taksılarda özlərini qadınlara sürtən kişilər yadıma düşdü. Bir an dedim bəs, ondan zəhləm gedir.

Miz arxasındakı nömrəverən kişi pul sayır. Yanımdakı ətirli qız mənə sarı əyilir. Əlini qulağıma tərəf gətirəndə, uzun, mavı manikorlu dırnaqları yanağıma batır.

«Sən də qorxusan?»

«Bir az».

Dırnaqları yanağımı incidir.

«Deyirlər bu qabilə öz işində bacarıqlıdır. Tərmimi də yaxşı bilir, hən?..»

«Tərmim nədi?».

«Heç zad baba, qızlığı tikirlər daa...».

«Nə bilim. Birinci dəfəmdi gəlirəm».

Qızın isti nəfəsi yanağımdan uzaqlaşır. Dodaqları parıldayır. Duvardakı qız, gözlərini mizin üstəki dərgilərə zilləyib. Dərgilərin üzərindəki uşaq şəkilləri “sus” deyən qıza oxşamırlar. Hamısının dodaqları matikli, gözləri sürməlidir. Şəkillərin birini qumral saçlıya göstərirəm «görəsən bu uşaqlar, bizim yaşımıza yetişəndə, onlardan da qızlıq vəsiqəsi istəyəcəklər?»

Qumral saçlı şəkilə baxıb gülümsəyəndə mayna otağının qapısı açıldı. Qızın gülüşü dodaqlarında dondu. Üç nəfər eşiyə çıxdılar.

Gənc qız ilə adaxlısı gülə-gülə qapıya sarı getdilər. Onların arxasından gələn qadının əlində, uzun, ensiz bir pakat var idi. Nömrəverən kişi, qumral saçlıya göz ucu işarə eləyib «sizin növbəzdi» dedi. Qumral saçlının gözü önümüzdən keçən qadının əlindəki pakatda qalmışdı.

Anam aşpazxanadan gəlin bacıya göz elədi, öz yanında, dedi bəs görmədim. «Hələ sultan əmmə qızını deə baa...»

Gəlin bacı ayaqlarını uzaldanda, ağ donundakı sarı kəpənəklər sanki ətəyindən yuxarıya uçdular. «Yazıq sultan əmmə qızı...» dedi.

İstədim deyim: «Gəlin bacı! Mənə gecə nağılı danışma.» Gəlin bacı, gözlüyünün şüşələrini hovlayıb, yaylığının ucuyla sildi «onun günahı yox idi ki! Bibi oğluyla düşmançılıqları var idi, acığını ondan açmışdılar. Qızlığını pozmuşdular.»

Dilimin ucundaydı, az qalmışdı deyim: «Axı sultan əmmə qızıdan, mənə nə var?»

Gəlin bacı udqundu «toy gecəsi- əmmə xanım, muşatanın ovcuna pul basmışdı, kimsənin daban qanını şüşəyə doldurub, dəsmalın üzərinə tökməyini muşataya tapşırmışdı. Demə bəs qan quruyub. Hara çatacaq! Muşata, ha şüşəni çalxamışdı, bir damla qan belə dəsmala tökülməmişdi. O gecə, həm muşata, həm də sultan əmmə qızını öldüsünə döymüşdülər.»

Anam aşpazxanadan səslənir: «Hələ deyirlər sultan əmmə qızı, bir il yatalıq yatdı.»

Gəlin bacının gözündən yenə də yaş axdı. «Bunların heç biri, xala qızının qızı kimi nisgilli deyildi. Onun qızlığın pozandan sonra, kəbinini bir qutu şirni ilə evlərinə göndərmişdilər. Yazıq xala qızı, iki ay çəkmədi qızın qussəsindən ficcələdi. Ölənə qədər qızının qəbrini belə görmədi».

Nömrəverən kişi mizin sürgüsündən televiziyanın kontrolunu alıb, duvarda paya üzərindəki televiziyanı açdı. Yenə dünənki quşların filiminin təkrarını göstərirdi. Quşların ayağına metal həlqə vurdular.

Qumral saçlıdan sonra, sıra bizə çatacaq idi. Ürəyim gup-gup gupbuldayır. Deyirəm bəs adaxlım da bu ürək döyüntülərimi eşidir. Ancaq onun gözü televiziyadakı quşlardan yayınmır.

Bacısı təbəssümlə əyilib, «indi bizim növbəmizdi» deyir. Mənim dodağım qaçır. Duvardakı qıza «bu zəhləm getmiş gəlməsəydi, olmazdı haa...» deyirəm. Qızın barmaqlarının altında, dodaqları gülümsəyir.

Mətəbbin qapısı hüjmünən açılanda duvardakı qız diskindi. Gülüşü dodaqlarında qurudu. Mən də diskindim. İki qadın, gənc bir qızın qolundan yapışıb içəri girdilər. Qızın ayaqları yerdə sürünür. Rimellərinin qarası qıpıqlarına yayılıb, yanağından çənəsinə axınıb. Örpəyinin altından yayınıb eşiyə çıxan tellərindəki gül almas kimi parıldayır. Matiksiz dodaqları cadar-cadardı.

Onların arxasınca, otuz yaşlı bir kişi ilə iki çarşablı qadın içəri girib, nömrəverən kişinin önündə dayanırlar. Qadınlar, qızdan bir az aralıda, çirkəsov səndəllərin üstündə oturublar, kişi isə nömrəverənlə danışır. Qara kotunun kürək hissəsi qırışıqdır. Enli kürəyi, nömrəverən kişini görməyimə mane olur. Yalnız səsini eşidirəm. «Növbəsiz olmaz!» deyir. Kişinin əlində gizlətdiyi siqaret, tüstüləyir. Nömrəverən «siqareti eşikdə çəkin.» deyir. Şəkildəki qız, əli ağzında ösgürür. Kişi, əlindəki siqaretini çarşablı qadınlara göstərib «mən eşikdəyəm!» deyir. Rimeli yayılan qızın gözü, onun qırışıq kotunda qalıb.

Baldızım, qızın yanındakı qadınlara əyilir: «Siz nə üçün gəlibsiniz?»

Qadın: «Dünən gecə toyları idi.» deyib əlindəki kağazı göstərir «əlimizdə kağaz da var, elə bu xanım döktür verib» - deyir.

Gəlin bacının gözünün çuxurundakı yaş gözümdə parıldayır. Utanıram qızın yayılan rimellərinə baxım.

Gözüm mayna otağının qapısında qalıb. Qumral saçlı bayıra çıxır. Adaxlısı, qolundan tutub. Maması arxasından gəlib. Pakatı kifinə qoyur. Qız üzümə gülümsəyir.

Adaxlısından ayrılıb, mənə sarı gəlir. Əyilib qulağıma «Qorxma! Çətin deyil» - deyib adaxlısının əlindən yapışıb, gedir. Mamasının dik dabanlarının səsi get-gedə uzaqlaşır.

Nömrəverən kişi, mənə işarə elədi. Adaxlımla baldızım mənimlə birlikdə qalxdılar.

Adaxlımı baldızıma göstərib, dedim: «Olar bu gəlməsin?». O isə yenə dişlərini ağartdı. «Əslikar odu daa...» - dedi.

Üzünə gülməyim gəlmədi: «Zəhləm getmiş güləndə, necə də duzsuz olur!» duvardakı şəkilə dedim.

Onlardan qabaq içəri girirəm. Qabilə xanım üzümə gülür. Ondan xoşum gəlir. Gəlin bacı kimi gözlüyünə bağladığı zəncir, üzünün iki tərəfindən sallanıb. Oturduğu səndələ yaraşır. Mavi çərqədinin altından qara telləri qaşqasına tökülüb. Mantosunun bir düyməsi qırıqdı. Qırmızı buluzu görünür. Üzümə gülür, «Pərdənin arxasına keçin!» - deyir.

Pərdənin arxasında “sus” deyən uşağın əkiz bacısı duvardan mənə baxır. Otaqda, nabələd təxtə oxşar bir şey var. Mərizxanaların təxtləri kimi deyil. Keçmişdə apandis əməliyatı üçün mərizxanada yatmışam. Qabilə xanımın səsi gəlir: «Şalvarını soyun! Qalx uzan mayna təxtinə, gəldim.»

Adaxlımdan adını, şöhrətini soruşur. Mənim qızlığımdan onun adına nə dəxli var, bilmirəm.

Mayna təxtinə necə çıxacağıma məəttəl qalmışam; ucalığı mənim sinəməcəndir. Ortasında girdə bir deşik, altınd isə istil bir qab var. İki tərəfində ayaqlıq kimi uca paya görünür.

Qabilə xanım, əllərində tibbi əlcək, pərdənin dalına gəlir: «Bəs belə niyə? Şalvarını çıxar, uzan təxt üstə!».

Baldızım pərdə arxasından səslənir- «Köməyə gəlimmi?»

Qabilə xanım «istəməz» deyir.

Nə yaxşı ki, «istəməz» dedi. O zəhləm getmiş gəlsəydi, çıxıb qaçacağdım.

Şalvarımı çıxara-çıxara şəkildəki “sus” deyən qızdan nəsə utanıram. Qabilə çarpayanı ayağımın altına itələyir. Gücən-billah mayna təxtinə çıxıb, uzanıram.
Qabilə «ayaqlarını, ayaqlıqların üstünə qoy! Can köynəyini bir az yuxarı qaldır» deyir.

Duvardakı şəkil mənə baxır. Məni görməsin deyə, gözlərimi yumuram.

Gəlin bacı gözlüyünü çıxarıb, muxəddəyə dayandı. Gözünün çuxurundakı yaş qurumuşdu. Dedim: «sonra nə oldu, gəlin bacı?» Susdu; elə bil sözümü eşitmədi.

Bilmirəm gözlərimdən qulaqlarıma axan nədir. Rimeli yayılan qız kipriklərimin arasından gözlərimə gırır. Gəlin bacı yerindən qalxıb, pəncərəyə sarı gedir. Nömrəverən kişi saatına baxıb, oturanları sayır. Sultan əmmə qızı yatalıq yatıb. Xala qızının qapısını döyüb, şirni qutusu üstündəki pakat içində qızının kəbinini verirlər...

Qabilə xanım «qalxa bilrsən» deyir. Gözlərimi açıram. Şəkildəki qız gözlərin yumub.

Qabilə xanım əlcəklərini çıxara-çıxara «bütöv qalacaq, qızlığın girdədi» - deyir.

Adaxlım barmağını istampa batırıb kağızın üzərinə basdıqdan sonra barmağını şalvarına sürtür. Ağ şalvarında cövhər ləkəsi qalır....

Fərvərdin - 90
XS
SM
MD
LG