Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:24

«Murad Ədilov özü cinayətin qurbanıdır»


Murad Ədilov
Murad Ədilov

-

«Murad Ədilov heç bir cinayət törətməyib, əksinə, özü cinayətin qurbanıdır. Sabirabad Rayon Polis Şöbəsində polis rəisi də ona deyib ki, qardaşının siyasi və jurnalist fəaliyyətinə, xüsusən hökumətin ünvanına tənqidlərinə görə cəzalandırılır. Muradın həbsindən əvvəl bir neçə gün ərzində hökumətyönlü mediada, o cümlədən «Lider» telekanalında Natiq Ədilov və ailəsi haqqında qarayaxma xarakterli materiallar yayımlanıb».

Bunu AXCP fəalı Murad Ədilovun vəkili Yalçın İmanov aprelin 22-də Ali Məhkəmədə çıxışında deyib.

«AXTARDIĞIMIZI TAPMIŞDIQ»

Müdafiəçi bildirib ki, Murad Ədilova verilən narkotik ittihamı tamamilə əsassızdır, istinad olunan sübutlar da qanunsuz yollarla əldə edilib.

«Muradı saxlayandan sonra polis maşınına oturdub, təxminən iki kilometr aparıblar. Bu müddətdə onun sağ və sol tərəfində polislər oturub. Elə həmin vaxt da cibinə narkotik atılıb. Onu Sabirabad Rayon Polis Şöbəsinə aparıb bir saata yaxın işgəncə veriblər ki, narkotikin ona məxsus olduğunu desin, amma Murad möhkəm çıxıb və belə ifadə verməyib. Onda deyiblər ki, «eybi yox, gedib evindən çıxararıq». Evə gedib, dörd otaq, aynabənd və həyətyanı sahədən yalnız bir otağa baxış keçirilib. Məhkəmədə polis əməkdaşından soruşdum ki, «niyə başqa otaqlara, həyətə baxış keçirməmisiniz?» Cavab verdi ki, «axtardığımızı tapmışdıq, ona görə». Murad da dedi ki, özləri qoyub, özləri də götürüblər», - Yalçın İmanov çıxışında bildirib.

Yalçın İmanov
Yalçın İmanov

Vəkil qeyd edib ki, Murad Ədilovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı, ona işgəncə verildiyi, Kürdəxanı təcridxanasına aparılarkən üzərində qançırlar olduğu iş materiallarındakı sənədlərlə də sübut olunub. Amma məhkəmələr işgəncə faktına qiymət verməyib.

«MƏHKƏMƏYƏ HÖRMƏT GƏTİRƏR»

Digər vəkil Fəxrəddin Mehdiyev də Murad Ədilovun günahsız olduğunu və qanunsuzluğun girovuna çevrildiyini vurğulayıb: «Bu cinayət işi polis təxribatının məhsuludur. Xahiş edirəm, Murad Ədilov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verəsiniz. Belə qərar məhkəmə sisteminə hörmət gətirər».

Lakin İlham Cəfərovun sədrlik etdiyi hakimlər kollegiyası kassasiya şikayətini təmin etməyib.

Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət olunacaq: «Murad Ədilovun işi üzrə Avropa Məhkəməsinə artıq iki şikayət göndərmişik - biri onun barəsində həbs-qətimkan tədbirinin qanunsuzluğu, digəri isə ona işgəncə verilməsi ilə bağlıdır. Hökmdən şikayəti də yaxın vaxtlarda hazırlayıb göndərəcəyik».

Murad Ədilov 2014-cü il avqustun 11-də həbs olunub. O, CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə suçlanır. Murad Ədilov özünü təqsirli bilmir və həm özünün AXCP üzvü olması, həm də qardaşı Natiqin tənqidçi jurnalist fəaliyyətinə görə şərləndiyini bildirir.

Murad Ədilov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Natiq Ədilov AXCP mətbuat xidmətinin rəhbəri olmaqla yanaşı, həm də hökumətin sərt tənqid olunduğu «Azərbaycan saatı» televiziya proqramının müəlliflərindən biridir.

XS
SM
MD
LG