Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 22:04

Tofiq Yaqublu aksiyanın 40-cı günündə aclığı dayandırıb


Milli Şuranın üzvü Tofiq Yaqublu
Milli Şuranın üzvü Tofiq Yaqublu

40 gündür həbsinə etiraz olaraq qida qəbul etməyən Tofiq Yaqublu bu gün, mayın 10-da bu aksiyanı dayandırıb.

Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. Qızının vurğulamasına görə, atası aksiyanı onun xahişi ilə dayandırıb: "İndicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın... O da bununla razılaşdı və aclığı dayandırdı".

Qızının qeyd etməsinə görə, artıq həkim Adil Qeybulla da müayinə etmək üçün T.Yaqublunun yanına buraxılıb.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

T.Yaqublu həbsinə etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlamışdı. O, aksiyaya başladıqdan bir müddət sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.

T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o ittihamları qurama sayır. O bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.

7 may

"Tofiq Yaqublu artıq su da qəbul edə bilmir"

Mayın 7-də vəkil Fəxrəddin Mehdiyev Ədliyyə Nazirliyinin müalicə müəssisəsində həbsdə artıq 37 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublu ilə görüşüb: "Tofiq Yaqublu artıq su da qəbul edə bilmir. Deməsinə görə, içdiyi suyu qaytarır. Özü, demək olar, hərəkət edə bilmir. Danışığı ləngiyib. Gözlərində zəiflik var. Mədə ağrılarından çox şikayət edir. Baş gicəllənmələrindən şikayət edir. Çəkisində sürətli itki var, 76 kiloqram 200 qrama düşüb". (aclığa başlayanda 95.6 kq açıqlanmışdı).

Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə baxılmasının uzadılması, mayın 20-nə saxlanması ona çox pis təsir edib.

F.Mehdiyev düşünür ki, həkim hökmən müdaxilə etməlidir: "Yaxşı olardı ki, həkim Adil Qeybulla yenə ona baş çəksin. Mən vəziyyətin ağırlığına görə ondan xahiş etdim ki, aclıq aksiyasını dayandırsın, amma qəti şəkildə bildirdi ki, aclığı davam etdirəcək... Ağır təəssüratlardır, mənimlə vidalaşanda dedi ki, "ölümün səslərini eşidirəm"...".

Vəkilin açıqlamasına, hələlik, rəsmi qurumların münasibəti bəlli deyil.

Tofiq Yaqublu həbsdən buraxılmadı
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00
6 may

Tofiq Yaqublu həbsdən buraxılmadı

Milli Şuranın və Müsavat Partiyasının üzvü, 36 gündür aclıq edən Tofiq Yaqublu hərəkət etməkdə çətinlik çəkdiyindən mayın 6-da məhkəmə zalına Penitensiar Xidmətin əməkdaşları qollarından tutub gətiriblər. Siyasətçi məhkəmə boyunca ayağa qalxa bilməyib.

Bakı Apellyasiya Məhkəməsində T.Yaqubluya 9 il həbs cəzası kəsilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş şikayət üzrə ilkin iclas keçirilib. Siyasətçinin vəkilləri onun haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıblar.

"İnsanın məhkəmə prosesində fiziki və psixoloji baxımdan sağlam şəkildə iştirakı vacibdir. Tofiq Yaqublu isə ədalətə nail olmaq üçün canından keçməyə vadar olub. Hazırda yaşananları təkcə hüquqi yox, həm də insani baxımdan nəzərə almaq lazımdır. Qarabağ uğrunda döyüşmüş bir siyasətçinin belə bir vəziyyətdə olması təəssüf doğurur", - vəkil Aqil Layıc belə deyib.

Müdafiəçi Fəxrəddin Mehdiyev bildirib ki, T.Yaqublu özünə qarşı ədalətsizlik üzündən aclıq edir. Onun sözlərinə görə, bir insanı buna vadar etmək qeyri-insani davranışdır.

"O vaxta Tofiq Yaqublu həyatda olmayacaq"

Prokuror T.Yaqublunun həbsdən buraxılmasına etiraz edib. Zamin İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası da eyni mövqedə olub və aprelin 1-dən aclıq edən siyasətçinin həbsdə qalmasına qərar verilib.

Onun apellyasiya şikayəti məhkəmə baxışına verilib. Məhkəmə baxışı istintaq keçirilmədən (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan) aparılacaq.

T.Yaqublunun işi üzrə məhkəmə iclası mayın 20-nə təyin edilib.

T.Yaqublunun ailə üzvləri bu qərarı onun ölümünə verilmiş fərman kimi qiymətləndiriblər. Qızı Nigar Yaqublunun fikrincə, hakim Z.İbrahimovun elan etdiyi qərar, əslində, Prezident Administrasiyasından göndərilib: "İlham Əliyev Tofiq Yaqublunu öldürmək qərarı verib. Zamin İbrahimov o qərarı, sadəcə, burada elan edəndir. Mayın 20-nə məhkəmə təyin olundu, amma o vaxta Tofiq Yaqublu həyatda olmayacaq. Hamı bu gün zalda onun durumunu gördü".

Tofiq Yaqublunun həbsxanada başlatdığı aclıq aksiyasına dəstək
Tofiq Yaqublunun həbsxanada başlatdığı aclıq aksiyasına dəstək
29 aprel

7 müxalif fəal Tofiq Yaqublu ilə həmrəyliyini bildirdi

Aprelin 29-da 7 müxalif fəal həbsdə aclıq aksiyası keçirən Milli Şura üzvü Tofiq Yaqublu ilə həmrəylik aksiyasına başladıqlarını açıqlayıblar.

Müsavat Partiyasının Bakıdakı qərargahında aclığa başladıqlarını vurğulayan həmin müxaliflər T.Yaqublu və digər siyasi məhbus sayılan şəxslərə azadlıq tələb edirlər. Onlar Müsavat Partiyasından Natiq İsrafil, Azərbaycan Demokratik Rifah Partiyasından Hüseyn Məlik, Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) isə Ceyhun Novruzov, Zəkərulla Nağıyev, Təvəkkül Həsənov, İsmayəddin Qasımov Rövşən Səfərovdur.

Hələlik, məsələyə rəsmi qurumların münasibəti bəlli deyil. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.

26 aprel

Tofiq Yaqublu müalicə müəssəsinə köçürülüb

Həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublu aprelin 26-da müalicə müəssisəsinə köçürülüb. Bu barədə onun qızı Nigar Həzi Məlumat verib.

Həkim Adil Qeybulla da vurğulayıb ki, aprelin 26-da, saat 13.00-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təcridxanasında T.Yaqublunu növbəti dəfə müayinə ediblər. (bundan əvvəl də o, təcridxanada T.Yaqublunu müayinə etmişdi) Onun sözlərinə görə, müayinə prosesində Penitensiar Xidmətin rəhbərliyi və Ədliyyə Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdilər: "Aclığa bağlı çəki itkisi davam edir. Ümumi durumu keçirdiyi aclıq aksiyasına uyğundur, halsızlıq, ümumi zəiflik, yuxu pozuntusundan şikayət edir. Huşu aydındır. Su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparıldı. Aclığın 26-cı gününü, yaşını, yanaşı xəstəliklərini nəzərə alaraq ətraflı müayinələr aparmaq üçün Tofiq Yaqublunu Penitensiar Xidmətinin müalicə müəssisəsinə keçirilməsi məsləhət görüldü. Hal-hazırda müalicə müəssisəsinə yerləşdirilib".

Tofiq Yaqublu
Tofiq Yaqublu
25 aprel

Norveç Helsinki Komitəsi Tofiq Yaqublunu azad etməyə çağırır

Norveç Helsinki Komitəsi Azərbaycan hökumətini həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublunu dərhal buraxmağa və tez bir zamanda ona adekvat, müstəqil tibbi yardımı təmin etməyə çağırır.

Bu barədə beynəlxalq insan haqları təşkilatının "Facebook" hesabında bildirilib.

Bəyanatda vurğulanır ki, Yaqublunun səhhəti, yaşı və onilliklər boyu fəaliyyətinin qeyri-zorakı xarakterini nəzərə alaraq, onun azad olunması həm əhəmiyyətli humanitar jest olar, həm də mümkün faciəni önləyə bilər: "Aclıq aksiyasındakı hər gün onu geri dönüşü olmayan sağlamlıq problemlərinə bir addım da yaxınlaşdırır – onun sağlamlığı təhlükə altındadır".

1 aprel

Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aprelin 1-dən aclıq aksiyasına başladığı bildirilir.

Onun qızı Nigar Həzinin sözlərinə görə, atası aclıq aksiyasına başladığını saxlanıldığı təcridxananın rəhbərliyinə yazılı şəkildə çatdırıb: "Bir az əvvəl isə mən atamla danışdım. Bildirdi ki, aclıq etdiyi üçün bu gün onu təcridxananın tibb məntəqəsinə köçürəcəklər".

T.Yaqublunun vəkili Aqil Layıc isə aprelin 1-də onunla təcridxanada görüşdüyün deyib: "Bildirdi ki, məhkəmə sistemində ədalət olmadığı bir durumda ona başqa yol buraxmadılar. Ona görə də aclıq etmək qərarı verdi".

Bütün bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o ittihamları qurama sayır. T.Yaqublu elə məhkəməsindəcə ədalətsiz hökm veriləcəyi təqdirdə aprelin 1-də aclıq aksiyasına başlayacağını bəyan etmişdi. O bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.

Xatırlatma

Bu, T.Yaqublunun həbsdə ilk aclıq aksiyası açıqlaması deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Müxalifətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apellyasiya Məhkəməsinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra 17 gündür keçirdiyi aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.

T.Yaqublu daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG