Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

'Xəzər dənizinə turist cəlb etmək çətindir'- Ekspert


►Turizm sektorunda qonşu ölkələrə niyə uduzuruq?

Gürcüstan, Türkiyə turistlərlə dolub-daşır, Azərbaycan yerində sayır

Qonşu Gürcüstan 2015-cü ildə turizmdən 2 milyard dollardan çox gəlir əldə edib. Gürcüstan Milli Turizm Adminstrasiyasının açıqlamasına görə, bu ölkəyə gələn əcnəbilərin içində Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları üstünlük təşkil edib. 2015-cü ildə istirahətini bu ölkədə keçirmək istəyən azərbaycanlıların sayı 8 faizdən çox artıb. Ötən ilin ilk 9 ayının məlumatına görə, Gürcüstana 1 milyondan çox Azərbaycan vətəndaşı gedib.

Gürcüstanda turistlərin hərəkət coğrafiyası təkcə Qara dəniz sahilləri ilə yekunlaşmır, ölkənin dağlıq ərazilərdə yerləşən bir çox şəhər və rayonu turistləri cəlb edir.

“Kənddə bir toz-torpaq var ki”

Azərbaycan nəinki Türkiyə ilə, heç Gürcüstanla da ayaqlaşa bilməz.

Bunu gəncəli müəllimə Zülfiyyə Muxtarova bizimlə söhbətdə deyir. O, bir neçə ildir ki, ailəsi ilə Göygölün yaxınlığında yerləşən Toğanada istirahət edir. İki otaqlı evi gecəsi 25 manatdan götürüb.

Deyir ki, yay gələndə əksər Gəncə sakinləri ya Hacıkənd, Toğanaya, ya da Daşkəsəndə Xaçbulağa gedir.

“Bircə gecələr sərin yerdə yatırıq, qalanına istirahət demək olar, olmaz, bilmirəm. Qaldığımız evdə minimum şərait var. Uşaqların oynamağa yeri yoxdur. Kəndin yolu toz-torpaqdır. Hər qapıdan keçən maşın bir tozanaq qoparır ki”.

Zülfiyyə Kürək çayının şırıltısından zövq alsa da, çayda çimməyə risk etmir, deyir, su özüylə o qədər zibil gətirir ki, heç ayağını da çaya salmaq istəmir: “Kənddə turizm üçün hər şey var, çay, meşə, bulaq suyu, hər səhər təzə-təzə kənd yeməkləri… Üstəlik, Göygöl kimi bir möcüzə. Amma burax xaricini, heç özümüzünkülər də gəlmir ki, “orda neyləyəcəyik bütün günü?” Bilirsiz, uşaqlıqdan Toğanaya gəlib yay boyu qalmışıq, amma indi istirahətə baxış dəyişib. Adam həm də əylənmək, nə iləsə məşğul olmaq istəyir. Nə qədər yeyib içib yatmaq olar? Biz 20-30 gün qalacağıq, amma Antalyaya, Urekiyə 1 həftəlik gedən, bizdən daha az pul xərcləyən iş yoldaşlarım, yəqin, daha maraqlı istirahət edəcəklər”, deyə o, söhbətini bitirir.

“İki gün yatıb-dincəldik, sonra?”

“Türkiyədə hər şey daxil olan otelə yerləşirsən, deyirsən ki, 10 gün qalacam. Sənə bu 10 günü maraqli keçirməyə müxtəlif turlar təklif edirlər. Məsələn, tarixi, maraqlı yerlərə paraşütlə tullanmaq, motosiklet sürmək və s. Azərbaycanda isə gedirsən, tutaq ki, Şamaxıdakı 5 ulduzlu otellərdən birinə. Bir-iki gün yatıb dincəlirsən, sonra maraqlanırsan ki, otel sənə nə təklif edir? Məlum olur ki, velosipedi sınıb, nə bilim, heç bir ekskursiyası yoxdur”.

____________________________________________________________

Bunlara da bax:
Löw: «Fransa Portuqaliyanı da yenəcək»
Gülər Əhmədova: «Talassemiya daşıyıcıyam» (Yenilənib)

____________________________________________________________

Bunu Avropa ölkələrini turist kimi gəzən, hər il yay tətilini Türkiyədə dəniz sahillərində keçirən Firuzə Məmmədova deyir. İllik gəlirinin ailəsiylə normal istirahətə yetdiyini deyən Firuzə Məmmədova Xəzər dənizini çimməyə əlverişli saymır. Onun sözlərinə görə, Bakıda qiyməti baha olan otellərə getsə də, dənizə girməyə cəsarət etmir:

“Su çirklidir. Bir dəfə tanışlardan biri Novxanı çimərliyində suda nəcis axdığını görmüşdü”.

Firuzə Məmmədova Azərbaycanda otellərin, iaşə obyektlərinin qiymətlərdə və xidmətin keyfiyyətində də Türkiyəyə və Gürcüstana uduzduğunu düşünür: “Türkiyədə baş verən terrorlar da gözümüzü qorxutmayıb. Bir neçə həftədən sonra Bodruma istirahətə gedəcəyik, Batumiyə də baş çəkmək niyyətindəyik. Son illər Batumi sanki nağıllar şəhərinə dönüb”, müsahibimiz deyir.

“Xəzərlə turist cəlb etmək olmaz”

“Xəzər dənizi ilə turist cəlb etmək çətindir”, iqtisadçı Natiq Cəfərli belə deyir.

“Xəzər dənizi ilə turist cəlb etmək çətindir”, iqtisadçı Natiq Cəfərli belə deyir
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

Natiq Cəfərli
Natiq Cəfərli

Onun sözlərinə görə, Xəzər ekoloji cəhətdən çirklənib, “heç rəsmilər də bunu inkar etmir, hansı sahillərin çimərliyə yararsız olduğunu özləri söyləyirlər”. Müsahibimizin fikrincə, Azərbaycanın qonşu Gürcüstan və Türkiyəyə uduzmasının səbəbləri çoxdur.

“Viza, yüksək qiymət, keyfiyyətsiz xidmət, maraqlı marşrutların olmaması”, deyə o, bir nəfəsə sadalayır.

Natiq Cəfərli əlavə edir ki, Azərbaycanın bu qədər turizm potensialı ola-ola qonşu ölkələrdən geri qalmasının başlıca səbəbi bu sektorda rəqabətin olmamasıdır:

“Bir tərəfdən də Azərbaycan hökuməti turizmə də özü investisiya qoymağa çalışır”.

İqtisadçı hesab edir ki, Azərbaycan ölkəyə turizm cəlb etmək və daxili turizmi gücləndirməkdə vaxt baxımından artıq geri qalıb. Onun sözlərinə görə, Türkiyəyə, Gürcüstana rəqib olmaqdan ötrü illər və “doğru-dürüst idarəçilik lazım olacaq”.

“Xəzər çimərlikləri təhlükəsizdir”

Xəzərin təmizliyi məsələsinə gəlincə, Respublika Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, onlar hər 15 gündən bir dənizdən nümunələr götürürlər.

“Bildirmişik ki, yalnız Şıx və Sahil çimərlikləri çimməyə yararsızdır. Qalan çimərliklərdə təhlükə mənbəyi tapmamışıq”, Ziyəddin Kazımov bildirir.

“Azərbaycanda yataq imkanları azdır”

Turizm və Menecment İnstitutunun keçmiş rektoru Cəfər Cəfərov AzadlıqRadiosuna söyləyir ki, turizmin ayrı-ayrı seqmentləri var və hansındasa Azərbaycan, hansındasa qonşu ölkələr irəlidə ola bilər. Onun sözlərinə görə, Azərbaycanda günlük yataq imkanı 35 mindir:

Cəfər Cəfərov: Turizmin ayrı-ayrı seqmentləri var və hansındasa Azərbaycan, hansındasa qonşu ölkələr irəlidə ola bilər
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

“Əlbəttə, bu çox azdır, günlük yataq imkanının artırılmasına ehtiyac var. Bu yaxınlarda Dünya Turizm Təşkilatının keçmiş rəhbəri ilə görüşümüz oldu. O deyirdi ki, olduğu 12 minlik kiçik şəhərin 50-60 minlik yataq imkanı var”.

Cəfər Cəfərov əlavə edir ki, Azərbaycanda ötən illərlə müqayisədə turizm inkişaf edib, “proses gedir, özəl biznesin, kənd evlərinin də turizmə cəlb edilməsi ilə bu sahə irəliləyir”, müsahibimiz vurğulayır.

XS
SM
MD
LG