Onun sözlərinə görə, Palata bununla bağlı bir sıra hesablamalar aparıb və məlum olub ki, gələn il neftin qiyməti 50 dollara qədər ucuzlaşsa da, bu, büdcənin icrasına problem yaratmayacaq.
H.Əsədov fikrinin konkret izahını da verir. Onun sözlərinə görə, əgər neftin qiymətinin ucuzlaşması davam edərsə, bazarda da qiymətlər aşağı düşəcək. Nəticədə dövlət büdcəsi layihəsində nəzərdə tutulan infrastruktur layihələrinin də dəyəri azalacaq. Yəni tikinti işlərinin aparılması üçün alınacaq avadanlıqlar və texnologiyalar ucuzlaşacaq. Bu da həmin layihələrin büdcələrində azalma ilə müşahidə ediləcək.
H.Əsədov bildirir ki, neftin ucuzlaşmasının büdcənin icrasına problem yaratmayacağına əsas yaradan ikinci səbəb gələn ilin büdcəsində gəlirlərin formalaşdırılacağı sahələrin neftdən asılı olmamasıdır. Yəni vergilər, özəlləşdirmədən gələn gəlirlər, gömrük rüsumları əvvəlcədən nəzərdə tutulduğu qaydada toplanacaq. Onların həcminə neftin qiyməti heç bir təsir etməyəcək. Digər vəsaitlər isə xeyli ehtiyatları olan Dövlət Neft Fondundan ayrılacaq.
Daha bir səbəb kimi cənab Əsədov büdcə xərclərinin heç vaxt 100 faiz icra olunmamasını göstərib. O deyir ki, hər il ən yaxşı halda büdcə xərcləri 98 faiz icra edilə bilir. 2008-ci ilin dövlət büdcəsindən də minimum 300-500 milyon manat xəzinə qalığı qalacaq. Bu qalıq gələn ilin büdcə gəlirlərinə əlavə olunarsa, üstəlik, gələn ilin də xəzinə qalığı nəzərə alınarsa, hökumətin əlində xeyli vəsait olacaq. Bütün bunlar neftin ucuzlaşmasının büdcənin reallaşmasına mənfi təsir etməsinə imkan verməyəcək.
Hesablama Palatasının sədrinin fikrincə, hətta əgər neftin qiyməti kəskin ucuzlaşarsa, hökumət ilin sonunda investisiya layihələrinə vəsait ödəmələrinə yenidən baxa bilər. Çünki bu proses birdəfəlik yox, il boyu dörd mərhələdə həyata keçirilir. Bu da haqqında danışılan ziyanın qarşısını alar. Bir sözlə, gələn ilin dövlət büdcəsində neftin 1 barelinin 70 dollardan götürülməsindən heç kim narahat olmasın.
Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə də hesab edir ki, hətta neftin 1 barelinin qiyməti dünya bazarında 45 dollar olsa da, nəzərdə tutulan investisiya layihələrini xətər gözləmir.
Deputat Pənah Hüseyn isə deyir ki, əgər belə arxayınçılıq varsa, onda niyə büdcə zərfinə bu və növbəti il üçün nəzərdə tutulan investisiya layihələrinin proqramını özündə əks etdirən sənəd əlavə olunmayıb. O ki qaldı dünyadakı iqtisadi böhrana, onun Azərbaycana ciddi təsir etməyəcəyini düşünənlər yanılırlar:
«İqtisadi böhran barədə optimist danışmağa ehtiyac yoxdur. Təsir etmirsə, onda deyək ki, niyə «Mərdəkan broyler» bağlandı. Neft, maşınqayırma sahəsində işçilərin sayı iki dəfə azaldıldı və sair. Bu, çox ciddi məsələdir».
İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, neftin qiymətinin aşağı düşməsi tendensiyası ilə dünya bazarlarında digər qiymətlərin enməsi səviyyəsi eyni deyil. Belə ki, əgər iyun ayında neftin qiyməti 2,6 faiz aşağı düşübsə, həmin ay digər qiymətlər barədə bunu demək mümkün deyil. Ona görə də 2009-cu ilin büdcəsində neftin qiymətinin 70 dollar götürülməsi kifayət qədər risklidir.
V.Bayramov deyir ki, dövlət büdcəsinin neft sektorundan asılı olmadığını deyənlərlə də razılaşmaq olmaz. 2008-ci ilin dövlət büdcəsinin 70 faizini neft sektoru verib. Büdcənin formalaşmasında hökumət əsas vasitə kimi Dövlət Neft Fondunun gəlirlərini götürsə, onda büdcənin gəlirlər hissəsinin qeyri-neft sektorunun hesabına kompensasiya ediləcəyi iddiası anlaşılan deyil.
Dövlət Statistika Komitəsinin və Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərdən də aydın görünür ki, büdcənin formalaşmasında əsas neft sektorudur. O ki qaldı kəsirləri kompensasiya etmək yollarından biri kimi Hesablama Palatası sədrinin büdcənin bu ilki qalığı ilə gələn ilki qalığını göstərməsi, bu, artıq ciddi rəqəmlər deyil.