Keçid linkləri

2025, 09 Yanvar, Cümə axşamı, Bakı vaxtı 23:00

145 milyonluq yeyintiyə görə şərti cəza. 'Hərbi toqquşma riski aktuallaşa bilər'


İlham Əliyevin yerli telekanallara müsahibəsi
İlham Əliyevin yerli telekanallara müsahibəsi

Bu həftə prezident İlham Əliyevin 20 gün ərzində üçüncü müsahibəsinin mesajlarından, Naxçıvanda 145 milyonluq büdcə vəsaitinin mənimsənilməsinə görə kəsilən şərti cəzadan danışırıq.

Yanvarın 7-də Azərbaycan prezidenti İlham Əliyev hakimiyyətin nəzarətində olan yerli telekanallara təxminən 3 saatlıq müsahibə verdi. Bu, prezidentin dekabrın 18-dən bəri üçüncü müsahibəsi idi. Rusiya mediasına müsahibədə Moskva "strateji tərəfdaş" adlandırılmışdı. Dekabrın 29-da AZTV-yə müsahibədə isə prezident Qroznı yaxınlığında vurulan sərnişin təyyarəsinə görə Rusiyadan üzrxahlıq, kompensasiya tələb etmişdi. O, hadisə zamanı Azərbaycan vətəndaşlarının ölümünə görə Rusiya Federasiyası təmsilçilərinin məsuliyyət daşıdığını da bu həftə bildirib.

Sonuncu müsahibədə isə dövlət başçısı daha çox Qərbə səsləndi. Bu dəfə prezident ABŞ-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra biləcəklərini, "Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur", - dedi. Elə həmin gün ABŞ-də media təmsilçiləri ilə görüşən yeni seçilmiş prezident Donald Tramp da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb, ona sayqı göstərdiyini deyib.

Zahid Oruc
Zahid Oruc

Deputat Zahid Oruc da "Turan"a müsahibəsində prezidentin Qərblə bağlı ümumilikdə müsbət mesajlar verməsinə, eyni zamanda tənqidlərini də səsləndirməsinə diqqət çəkir: "Suriya ilə Kanadanın anti-Azərbaycan mövqeyinin dəyərləndirilməsi düzgün mövqe idi. Yaxud Fransa ilə bağlı "biz o qədər güclənmişik ki, onların daxili işlərinə qarışırıq" tipli açıqlamalar önəmli idi".

Prezident müsahibəsində düz 35 dəfə "Fransa" sözünü işlədib, "görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir" deyib. Prezident Emmanuel Makron bir gün əvvəl bir tədbirdə Azərbaycanı onun ölkəsinin daxili işlərinə qarışmaqda ittiham etmişdi.

Siyasi şərhçi Nəsimi Məmmədli deyir ki, Qərblə Rusiya arasında kəskin qarşıdurmaya baxmayaraq, Cənubi Qafqazda Qərbin geosiyasi mövqeləri zəifdir və Rusiya ilə açıq rəqabətə tələsmirlər: "Azərbaycan da belə bir məqamda qarşı duran tərəflərdən biri ilə tam yaxınlaşmaq istəmir, çünki bu zaman böyük risklər yaranacaq. Odur ki NATO üzvü, Rusiya ilə normal münasibətləri olan Türkiyə ilə sinxron xarici siyasət yürütməyi ən optimal yol sayır".

İlham Əliyevin yerli telekanallara müsahibəsi
İlham Əliyevin yerli telekanallara müsahibəsi

Hərə öz daxili işi ilə məşğul olarsa...

Prezidentin müsahibəsində diqqətçəkən mesajlardan biri yeni dünya düzəni ilə bağlı dedikləridir. "Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın... Biz buna nail ola bilmişik. Bizim işimizə heç kim qarışa bilməz", - prezident deyib. Onun fikrincə, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində: "Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz".

Bu məqamda Əliyevin İranla münasibətlərdəki əvvəlki pisləşmələrdən danışarkən İranın ali dini liderinin nümayəndəsinin təhqiramiz ifadələrinə görə üzrxahlıq istəməsi də qeyd olunmalıdır.

Beləliklə, İ.Əliyev ölkənin geosiyasi mövqeyini qabardaraq fundamental azadlıqlarla bağlı tənqidlərin qarşısına sipər çəkmək, özünü dünyaya olduğu kimi həzm etdirməkmi istəyir? Axı, Azərbaycan təməl azadlıqlar, korrupsiyanın durumuna görə beynəlxalq indekslərdə aşağı yerlərdə qərarlaşır. Hazırda ölkədə azı 300 siyasi məhbusun olduğu bildirilir. Beynəlxalq insan haqları təşkilatları, ABŞ rəsmiləri hökuməti haqsız tutulanları azad etməyə çağırır. Ölkə rəsmiləri isə deyirlər ki, bu, ölkənin daxili işlərinə, məhkəmə sisteminə qarışmaqdır.

Siyasi şərhçi N.Məmmədli Azərbaycanın təməl hüquq və azadlıqlarla bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərin heç birinin ölkənin daxili məsələsi olmadığını vurğulayır. Təhlilçi, eyni zamanda, hazırkı geosiyasi şərtlərin çox dəyişkən, kövrək və ziddiyyətli olmasına diqqət çəkir: "Prezident Əliyev də anlayır ki, indiki qeyri-müəyyənlik şəraitində sərgilədiyi ritorikaya, ortaya qoyduğu mövqeyə görə kimsə onu hədəfə almayacaq. Münasibətlərin aydınlaşması zamanı yetişəndə daşlar yerinə oturacaq".

Atəşkəsin pozulması xəbərləri və... "Zəngəzur dəhlizi açılacaq"

Bu həftə Azərbaycan Müdafiə Nazirliyi iki dəfə atəşkəsin pozulması xəbərini yaysa da, Ermənistan bunu təkzib etdi, "dezinformasiya" adlandırdı. Ermənistan MN onu da bildirdi ki, Yerevan Bakıya atəşkəs halları, yaxud onlar barədə informasiyaların araşdırılması üçün birgə mexanizm yaratmağı təklif etsə də, Azərbaycan buna reaksiya verməyib.

Prezident Əliyev müsahibəsində onu da deyib ki, "Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik". O, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan quru yolun – "Zəngəzur dəhlizi"nin açılacağını da vurğulayıb. Baxmayaraq ki, ötən il nəqliyyat xətlərinin sülh sazişi layihəsindən çıxarıldığı açıqlanmışdı. İndi Zəngəzur söhbətinin yenidən belə qətiyyətlə gündəmə gətirilməsində niyyət nədir?

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Təhlilçi N.Məmmədlinin fikrincə, sülh sazişinin əsasən razılaşdırılmasına baxmayaraq, imzalanması yubanacaq, çünki Ermənistan tezliklə konstitusiyasına dəyişikliklər etmək istəmir, Azərbaycan isə bunu əsas şərt kimi irəli sürür. Digər yandan, hər iki tərəf yenidən sürətlə silahlanmaya meyllənir: "Proses belə davam etsə, yenidən hərbi toqquşma riski aktuallaşacaq. İran və Rusiyanın üzləşəcəyi hərbi-siyasi aqibətə uyğun olaraq Azərbaycanın Zəngəzur məsələsinə yanaşması da aydınlaşacaq. Rəsmi Bakı Naxçıvanla maneəsiz əlaqənin qurulmasını gündəliyində aktual məsələ kimi saxlayır. Bunu ya hərb, ya siyasi yolla həyata keçirməyə çalışacaq".

Ermənistanın baş naziri Nikol Paşinyan isə İ.Əliyevin son açıqlamalarına cavabında bir daha "Sülh qovşağı" layihəsini göstərib. Bu layihə iki ölkə arasında adi nəqliyyat xətlərinin açılmasına çağırır. Onun dediyinə görə, Yerevan hələ də Bakının bu "konkret" təklifə cavabını gözləyir.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleksin tikintisində.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleksin tikintisində.

Gömrükdən rəhbərliyə gedən milyonlar

Bu həftə AzadlıqRadiosu Naxçıvanın keçmiş maliyyə naziri Rəfael Əliyevə 145 milyonluq yeyinti işi üzrə şərti cəza verilməsi xəbərini işıqlandırdı. R.Əliyev məhkəmədə deyib ki, ittihamda onun nazir olduğu dövrdə 3 milyon 120 min manat mənimsədiyi göstərilib, ancaq bu pulu özü götürməyib, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbova verib.

Ötən il keçmiş nazir Səlim Müslümova 27 milyon manatlıq mənimsəməyə görə oxşar cəza kəsilmişdi.

Müxalifətdə olan AXCP-nin sədri Əli Kərimli sosial şəbəkə hesabında bu işi müxalifətçilər, ictimai fəallara qarşı ittihamlarla müqayisə edir. "3 min, 57 min, 60 min manatın mənimsənilməsində ittiham olunan müxalifətçilərə ən sərt cəzalar verən rejim sadəcə bir epizodda 500 milyon manatı mənimsəyənləri şərti olaraq cəzalandırır", - müxalifət lideri yazır.

Naxçıvan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli isə gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib. Gömrük generalının ifadəsində dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış.

XS
SM
MD
LG