Keçid linkləri

2025, 01 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:43

'Camaatı qulaq asmağa qoymurdular. Mən elə xırıldaya-xırıldaya qulaq asırdım'


40 il AzadlıqRadiosu qısa dalğada yayımlanıb
40 il AzadlıqRadiosu qısa dalğada yayımlanıb

Bu həftə AzadlıqRadiosunun maliyyəsinin kəsilməsi və mümkün bərpası ətrafında baş verənlərə sosial şəbəkələrdəki reaksiyadan, radionun hansı xəbərlərinin hakimiyyət trollarının hücumuna məruz qalmasından danışırıq.

"O vaxt Hökumət Evinin zirzəmisində radio dalğalarını vuran qurğular quraşdırmışdılar, camaatı qulaq asmağa qoymurdular. Ona görə də efir xırıldayırdı. Amma mən elə xırıldaya-xırıldaya qulaq asırdım. Yəni, 40 il "Azadlıq" qısa dalğada yayımlanıb, amma camaat bu radioya qulaq asıb". Bunu 2008-ci ildə AzadlıqRadiosunun "Can Bakı" proqramına tanınmış mətbuat araşdırıcısı, professor Şirməmməd Hüseynov deyirdi.

2009-cu il yanvarın 1-dən AzadlıqRadiosunun FM tezliyində yayımı dayandırıldı. 2014-cü ildə isə radionun Bakı bürosunda reyd keçirildi və ofisi qapadıldı. Son 15 ildə radio ölkəiçi və xarici gündəmi balanslı, obyektiv işıqlandırmağa davam etdi, bir sıra korrupsiya araşdırmaları hazırladı.

Bu il martın 14-də isə ABŞ-nin Qlobal Media Agentliyi (USAGM) radioya Konqresin ayırdığı maliyyənin kəsildiyini bildirdi. Prezident Donald Tramp USAGM daxil yeddi federal agentlikdə ciddi ixtisarlarla bağlı fərman imzaladı.

AzadlıqRadiosu USAGM-i məhkəməyə verdi. Məhkəmə radionun martın 1-dən 14-dək 7.5 milyon dollarlıq maliyyəsinin ödənməsinə qərar çıxardı. 2025-ci maliyyə ilinin qalan hissəsi üçün 77 milyon dolların ödənməsi tələbi ilə məhkəmə iddiasına isə aprelin ortasında baxılmalıdır. Ancaq USAGM-dən martın 26-da AzadlıqRadiosuna göndərilən məktubda bu il üçün qrant müqaviləsinin qüvvədə qaldığı, maliyyənin kəsilməsi barədə məktubun ləğv olunduğu bildirilir.

Stiven Kapus
Stiven Kapus

AzadlıqRadiosunun prezidenti Stiven Kapus son bildirişlə bağlı deyib: "İndi AzadlıqRadiosunun susmasının vaxtı deyil. Senzuranın geniş yayıldığı yerlərdə milyonlarla insan faktlara əsaslanan informasiya üçün bizə etimad edir. Amerikaya təhdidlərin artdığı bir vaxtda biz düşmənlərimizə güzəştə gedə bilmərik".

Radionun Azərbaycan xidmətinin ilk verilişi 1953-cü ildə Almaniyanın Münhen şəhərindən efirə çıxıb.

"AzadlıqRadiosunun bağlanması azadlıqlara zərbədir". Bunu sosial şəbəkədə Elmar Piriyev adıyla bir izləyici yazır.

Ümumilikdə isə radionun maliyyəsinin kəsilməsi xəbərlərinə sosial şəbəkələrdə, əsasən, hakimiyyətin siyasi kursunu təbliğ edən trollar reaksiya verirlər. Məsələn, "Sərhədsiz Reportyorlar" Təşkilatının (RSF) bütün dünyada USAGM əməkdaşlarının, o cümlədən fəaliyyətlərinə görə həbsdə olan doqquz jurnalistin üzləşdiyi risklərlə bağlı həyəcan təbili çalması xəbərinə mindən çox şərh gəlib. Əsasən oxşar mətnli bu şərhlərdə RSF Azərbaycana qarşı qərəzli mövqedə ittiham olunur, ölkədə bütün insan hüquq və azadlıqlarının tam təmin olunduğu iddia edilir. Baxmayaraq ki, Azərbaycan beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında "qeyri-azad ölkələr" sırasında yer alır.

Trollardan söz düşmüşkən, AzadlıqRadiosunun işıqlandırdığı, sosial şəbəkələrdə yaydığı yerli kontentdən məhz müxalifətçilərin, fəalların, jurnalistlərin həbsiylə bağlı xəbərlər daha böyük trol hücumuna tuş gəlir. Görünür, hüquqları tapdanan kəsimlə bağlı ən neytral xəbərlər belə hakimiyyəti narahat edir və trollar səfərbər olunur.

Yeni saxlananlar, istintaqa cəlb olunanlar

Bu həftə AzadlıqRadiosu müxalifətdə olan AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun cəzasının ağırlaşdırılması xəbərini yaydı. 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan N.Əhmədov bir illik qapalı tipli həbsxana rejiminə köçürülüb. "Günahsız, cavan bir adama nə qədər zülm etmək olar?! Evinin kirayəsini verə bilməyən adama terroru maliyyələşdirmək adı ilə 13 il verdilər, onu da rahat çəkməyə qoymurlar", - bunu AzadlıqRadiosuna N.Əhmədovun atası Arif Əhmədov deyib.

Beş ildir həbsdə olan N.Əhmədov məhkəməsində deyirdi ki, Ə.Kərimliyə qarşı ifadə verməyə məcbur etməkdən ötrü onu hətta zorlamaqla hədələyiblər.

Martın 22-də isə AXCP sədrinin mühafizəçisi Kənan Basqalın həbsi xəbəri yayıldı. O, bıçaqlanma ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbirinə məhkum edildi.

Hazırda bu partiyanın 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Mehriban Rəhimli
Mehriban Rəhimli

+++

Ölkədə Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olmasına baxmayaraq, "QHT işi" çərçivəsində dindirilmələrlə bağlı xəbərlər gəlməkdədir. ABŞ German Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli "QHT işi" çərçivəsində istintaqa cəlb edilib və polis nəzarətinə verilib. Daha əvvəl "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov bu iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb, barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib.

AzadlıqRadiosu QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 50-yə yaxın şəxsin cəlb olunduğunu öyrənib. Onların arasında qrant vermiş donor təşkilatlarının Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.

'Melissa Group'un rəhbəri saxlandı

Martın 27-də Bakı şəhəri, Yasamal rayonunda evdə sakinlər ola-ola söküntü aparılmasının kadrları internetdə sürətlə yayıldı. Xəsarət alanların olduğu, bir nəfərin təcili yardımla xəstəxanaya yerləşdirildiyi bildirildi. Daxili İşlər Nazirliyi (DİN) "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, iş icraçısı və ekskavator sürücüsünün saxlandığını, cinayət işi açıldığını bildirdi.

Statistika ilə işləyən, gizlinləri üzə çıxaran jurnalist həbsdədir

Həftənin ən çox müzakirə olunan xəbərlərindən daha biri Ağcabədi rayonunda yeniyetmənin ana olması ilə bağlı idi. 14 yaşlı qız bu ilin fevralında uşaq dünyaya gətirib, azyaşlı ilə cinsi əlaqədə olmağa görə 24 yaşlı şəxsə isə sonucda şərti cəza verilib.

Azərbaycanda nikah yaşı 18-dir. 2023-cü ildə 18 yaşınadək anaların doğduğu uşaqların sayı 1742 nəfər olub. Bunun bir il öncəylə müqayisədə 269 nəfər az olduğu açıqlanıb. Bunu yerli saytlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadla yayıb.

Fərid Mehralızadə
Fərid Mehralızadə

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2023-cü ildə doğulan 2011 nəfərin anası yetkinlik yaşına çatmamış 15-17 yaşlı qızlardır. Bunu isə AzadlıqRadiosunun hazırda "AbzasMedia işi" üzrə həbsdə olan jurnalisti Fərid Mehralızadə üzə çıxarmışdı. Fərid son 16 ayda həbs olunmuş azı 20 jurnalist həmkarı kimi qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə ittiham olunur. Jurnalistlər təzyiqləri peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

"Nə cinayət törətmişəm? Azərbaycan iqtisadiyyatı barədə gerçəyi, hökumətin siyasətinin vətəndaşlarına necə təsir göstərməsi haqda yazmışam... Statistika, rəqəmlərlə işləməyi sevirəm. AzadlıqRadiosunun jurnalisti və iqtisadçı kimi hökumətin iqtisadi və ətraf mühit siyasətinin əhalinin həyatı, iş yerləri, gəlirlərinə necə təsir etməsinin aydın mənzərəsini cızmağa çalışmışam", - F.Mehralızadə martın 19-da "The National Interest" dərgisindəki məqaləsində yazıb.

Gələn həftə, istirahət günləri bitincə jurnalistlərin məhkəmələri bərpa olunacaq. Aprelin 1-də "AbzasMedia işi" davam edəcək, aprelin 2-də isə "ToplumTV işi" üzrə məhkəmə prosesi başlamalıdır.

XS
SM
MD
LG