Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:37

Zavodlar necə yaşayış binası olur?


Bakının yeni siması, 19 oktyabr 2005
Bakının yeni siması, 19 oktyabr 2005
Hansısa ərazidə yaşayan adamlara pul verib onları başqa yerə köçürməkdənsə, özəlləşmədə iştirak edib müəssisə almaq, yerində bina tikmək daha sərfəlidir

Bakıdakı «28 may» adına Maşınqayırma Zavodunu sökürlər. Yerində Ali Məhkəmə üçün bina tikəcəklər. Səttarxan adına Maşınqayırma Zavodunun da sexlərini sökürlər, onun yerində isə məscid tikiləcək.


Sovet hökumətinin vaxtında Azərbaycanda 14 neft maşınqayırması zavodu olub. O vaxtlar həmin zavodlar 15 Sovet respublikasının tələbatının yarısından çoxunu ödəyirdilər. Müstəqillik qazanandan sonra bu zavodların çarxları dayandı. Dövlət Neft Şirkəti avadanlıqlara olan tələbatını indi əsasən idxal hesabına ödəyir.


"Turan" İnformasiya Agentliyinin eksperti İlham Şaban deyir ki, Azərbaycanda neft maşınqayırması sahəsini dirçəltmək indi çətin məsələdir: "Əgər vaxtilə neft müqavilələri bağlananda, vəsait qoyulsaydı, bazarlar tutulsaydı, onda belə olmazdı. İndi artıq gecdir, regiondakı əksər bazarlar artıq tutulub".


İndi özəlləşən müəssisələri də sökürlər, yerində ya yaşayış binaları tikirlər, ya da istehsal müəssisələrinin profilini dəyişib başqa bir sahə ilə əvəzləyirlər.

Azərbaycanda müəssisələr özəlləşməyə əsasan balans qiymətinə – oradakı avadanlıqlar, binanın özünün qiymətinə çıxarılırlar. Amma həmin müəssisələrin balansında elə bir qiymətli avadanlıq qalmayıb. Odur ki, hansısa ərazidə yaşayan adamlara pul verib onları başqa yerə köçürməkdənsə, özəlləşmədə iştirak edib müəssisə almaq, yerində bina tikmək daha sərfəlidir.


İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, Azərbaycanda özəlləşmə prosesi normal aparılmadığından, indi özəlləşmiş müəssisələrin profilini dəyişdirmək asandır. Müəssisədə iri səhmdarın payı çox olur, o, da öz növbəsində divident almayan, ona görə də müəssisənin taleyi ilə maraqlanmayan xırda səhmdarları sıradan çıxarır. Səhmdar cəmiyyəti fərdi müəssisəyə çevirir, müəssisənin qanunla tamhüquqlu sahibinə çevrilir, sonra da istədiyini edir: "Bilirəm ki, apteklərin özəlləşməsi ilə bağlı məhdudiyyət olub. Amma bəzi müəssisələr üzrə daha geniş məhdudiyyət qoya bilərdik. Biz təhlillər apara bilərdik. Onların əksəriyyəti ənənəvi fəaliyyətlərindən imtina ediblər".


Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov isə deyir ki, hazırda komitə müəssisələrin profilinin dəyişməsi ilə bağlı hökumətə təkliflər hazırlayır.

Komitədən verilən məlumata görə, Azərbaycanda 1500-dək səhmdar cəmiyyət yaranıb. İndiyə qədər 1300-ə yaxın dövlət müəssisəsinin ərazisində olan torpaqlar özəlləşdirilib. Amma təəssüf ki, özəlləşdirilən müəssisələrin nə qədərinin öz profili üzrə işlədiyi barədə statistik məlumat əldə edə bilmədik.


XS
SM
MD
LG