Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:30

Dövlət Departamenti: Azərbaycanda insan haqları pis olaraq qalır


Hesabatdan: «Dalğa» Gənclər Hərəkatı Rəsulzadənin doğum gününü qeyd etməyə çalışsa da, onların aksiyası dağıdılıb. 14 nəfər saxlanıb»
Hesabatdan: «Dalğa» Gənclər Hərəkatı Rəsulzadənin doğum gününü qeyd etməyə çalışsa da, onların aksiyası dağıdılıb. 14 nəfər saxlanıb»
ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, 2008-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti pis olaraq qalıb, bəzi sahələrdə isə daha da pisləşib. İnsanların hökuməti dinc yolla dəyişmək hüquqları məhdudlaşdırılıb.

Hesabata görə, hüquq müdafiəçiləri polisdə və ya orduda 3 nəfərin zorakılıqdan vəfat etdiyini bildirirlər. Yanvarın 6-da Rəşad Hacıyev Kürdəmir rayonunda Polis İdarəsinin tualetində asılmış vəziyyətdə tapılıb. Şahidlərin dediyinə görə, bundan əvvəl polis onu hədələyib ki, cinayət törətdiyini etiraf etmədiyi halda asılacaq.

Avqustun 31-də Məhəmməd Rəhimovun meyiti Goranboy rayonunda Polis İdarəsinin yaxınlığında tapılıb. Onu məişət zorakılığı ittihamı ilə tutmuşdular. Amma hesabatda qeyd edilir ki, Rəhimovun həbsdə saxlanarkən döyüldüyünü sübut edən inandırıcı sübutlar var.

Oktyabrın 21-də isə Zaur Məmmədov Lənkəranda Polis İdarəsinin tualetində asılmış vəziyyətdə tapılıb. Onu narkotik saxlamaqda ittiham edərək tutmuş və azadlığa buraxılması üçün anasından rüşvət istəmişdilər. Amma anası rüşvəti verməkdən imtina edəndən sonra Z.Məmmədovun öldüyü məlum olmuşdu.

Hesabatda bildirilir ki, Azərbaycan Konstitusiyası və qanunları işgəncəni qadağan etsə də, buna görə 10 ilə qədər cəza nəzərdə tutulsa da, hüquq-mühafizə orqanları əməkdaşlarının etirafedici ifadələr almaq üçün saxlananlara işgəncələr verdiyini sübuta yetirən faktlar var.

Yerli hüquq müdafiəçilərinin məlumatına görə, işgəncələrə məruz qalanların sayı 2007-ci ildəki 63 faktdan 2008-ci ildə 80 fakta yüksəlib.

Dövlət Departamentinin hesabatında deyilir ki, oktyabrın 18-də 14 saylı cəzaçəkmə müəssisəsində nəzarətçilər «Azadlıq» qəzetinin həbsdəki əməkdaşı Sakit Zahidovu möhkəm döyüblər. Penitensiar Xidmətin rəsmiləri iddia edirlər ki, Zahidovun özü saçının qırxılmasından imtina etdiyi üçün belə bir insidentə səbəb olub.

Avropa İnsan Haqları Məhkəməsinin ADP sədri Sərdar Cəlaloğlunun işi ilə bağlı çıxardığı qərar yerinə yetirilməyib, yerli məhkəmə ona 2003-cü ildə işgəncə verildiyini təsdiqləsə də, işgəncə verənlər hələ də cəzalandırılmayıb.

Hesabatda o da qeyd edilir ki, həbsxanaların infrastrukturu yaxşılaşdırılmaqda davam etsə də, orada vəziyyət ağır və həyat üçün təhlükəli olaraq qalır. Bir kamerada normadan artıq məhkumun saxlanması, pis qidalanma, aşağı səviyyəli tibbi xidmət həbsxanalarda infeksion xəstəliklərin yayılmasını ciddi problemə çevirib. Məhkəməsini gözləyən bəzi təqsirləndirilən şəxsləri çox vaxt zirzəmilərdə yerləşən ayrıca hücrələrdə saxlayırlar, bu isə fiziki təzyiqlərin əlamətlərinin gizlədilməsinə yönəlib. Məlumatlara görə, etiraflara nail olmaq üçün həmin hücrələrdə saxlananlara ərzaq verilmir, onlara yatmaq üçün şərait yaradılmır.

Ədliyyə Nazirliyinin məlumatına görə, keçən il həbsxanalarda 130 adam ölüb. Bu, 2007-ci ildəki ölümlərdən 6,6 faiz çoxdur. Vərəm həbsxanalardakı ölümlərin əsas səbəbi olaraq qalır. Hüquq müdafiəçiləri deyirlər ki, 2005-ci ildə dövlət çevrilişi cəhdi ittihamı ilə tutulanların öz qohumları ilə görüşmələrinə maneçilik törədilir.

Hesabatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarında korrupsiya bir problem olaraq qalır. O cümlədən yol polisində. Ümumilkdə, təhlükəsizlik orqanları cəzasızlıq şəraitində fəaliyyət göstərə bilirlər.

Prezident İlham Əliyev siyasi məhbus hesab edilən bir sıra şəxsləri azad etsə də, jurnalistlər həbsdə qalmaqdadır. Yerli hüquq müdafiəçiləri deyirlər ki, ölkədə 27-57 arası siyasi məhbus var.

Məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir, orada korrupsiya geniş yayılıb.

Hesabatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarında korrupsiya bir problem olaraq qalır. O cümlədən yol polisində. Ümumilkdə, təhlükəsizlik orqanları cəzasızlıq şəraitində fəaliyyət göstərə bilirlər..
«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil onun Strekalin adlı şəxs tərəfindən bıçaqlandığı versiyasını rədd etsə də, məhkəmə buna fikir verməyib. Strekalinin vəkili də onu müdafiə etməyə həvəsli görünməyib. Yerli media isə məhkəməni «saxta» adlandırıb.

Hökumət təcrübədə tez-tez söz azadlığına hörmətsizlik edir, media hüquqlarını məhdudlaşdırır. İl ərzində söz azadlığı pisləşməkdə davam edib. Parlamentdə Moskvada yaşayan kinodramaturq Rüstəm İbrahimbəyova qarşı ittihamlar səsləndirilib. O, Rusiyadakı bir qəzetə müsahibəsində Azərbaycandakı vəziyyətlə bağlı tənqidi fikirlər söyləmişdi.

Hesabatda deyilir ki, keçən il hökuməti tənqid edən bir sıra jurnalistlər hədələrə məruz qalıb və fiziki təzyiqlərlə üzləşməkdə davam edib. Media sahəsində müşahidə aparan QHT-lər deyirlər ki, il ərzində 49 belə hal qeydə alınıb. Halbuki 2007-ci ildə bu rəqəm 41 idi.

Hökumət keçən il xarici radioları - BBC, «Azadlıq» və «Amerikanın səsi» - FM tezliyindən məhrum edib. ABŞ Dövlət Departamenti hesab edir ki, indi artıq cəmiyyət daha geniş auditoriyaya malik və tərəfsiz informasiya yayan media orqanına malik deyil. Müxalifət mediasındakı jurnalistlər hökuməti açıq tənqid edə bilsə də, onlarda müəyyən özünüsenzura da yaranıb.

Bakı Şəhər İcra Hakimiyyəti müxalifət partiyalarının şəhərin mərkəzində mitinq, yürüş keçirməsinə icazə vermir. Oktyabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İlham Əliyevin yenidən prezident seçilməsini bayram etmək üçün kütləvi aksiya keçirsə də, müxalifətin eyni meydanda toplaşmasına imkan verilmir.

«Dalğa» Gənclər Hərəkatı yanvarın 31-də Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin doğum gününü qeyd etməyə çalışsa da, onların aksiyası dağıdılıb. 14 nəfər saxlanıb. Konstitusiya dəyişiklikləri ilə bağlı referenduma etiraz edənlərə də piket keçirməyə imkan verilməyib.

AXCP sədri Əli Kərimli «Azadlıq» radiosuna hesabatın həqiqəti əks etdirdiyini deyir. Ancaq onun sözlərinə görə, sonradan əməli siyasət müəyyənləşən zaman bu sənəddə göstərilənlərdən əsas kimi istifadə olunmur:

«Hesabatda göstərilənlərin demək olar ki, hamısı doğrudur, hətta bəzi məsələləri əhatə etmir. Amma çox təəssüf ki, bir sıra hallarda ABŞ hökuməti, Konqresi, başqa müxtəlif strukturları öz əməli fəaliyyətlərində Azərbaycanda insan haqlarının bu qədər acınacaqlı durumda olduğunu nəzərə almır».

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə deyir ki, Azərbaycanda dəhşətli işgəncə faktları var:

«Bu işgəncələr çox dəhşətlidir. Güc strukturlarında işgəncə altında üç nəfər ölüb. Özündə cəsarət tapanlar yazılı şəkildə həmin işgəncələrlə bağlı bizə müraciət edirlər. İşgəncələr daha çox polis bölmələrində ilkin ifadə alınan zaman verilir».

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə işgəncələrlə bağlı deyilənlərlə razı deyil. O bildirir ki, polisin işgəncə verməsiylə bağlı bir fakt belə qeydə alınmayıb.

Respublika Prokurorluğundan da işgəncələrlə bağlı deyilənlərlə razılaşmırlar.

Həbsxanalarda vəziyyətin ağır olması haqqında deyilənləri isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı Mehman Sadıqov qəbul etmir:

«Mən əksini deyərdim. Son illərdə vəziyyət xüsusilə yaxşılaşıb. Hər şey dövlət tərəfindən təmin olunur. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələri gəlib məhkumlarla təkbətək görüşürlər, vəziyyət pis olsaydı, bu, həmin hesabatlarda əksini tapardı».

Hüquq müdafiəçisi Rəna Sadəddinova isə bildirir ki, beş jurnalistin həbsdə olması vəziyyətin göstəricisidir:

«Azərbaycanda bu qədər jurnalist həbsdədir. Kütləvi şəkildə işgəncələrin sayı azdır, ancaq yenə var, insan haqlarının durumu yenə ağırdır. Əgər hansısa irəliləyiş varsa, bu, beynəlxalq təşkilatların səyi ilə olub».

İqtidaryönlü Ana Vətən Partiyasından millət vəkili Zahid Oruc isə hesabatda göstərilənlərlə razı deyil:

«İnsan haqlarının vəziyyəti 3-5 şəxsin, hər hansı qəzetin və ya hansısa korrupsiya faktının üzərində qurula bilməz. Azərbaycanda hesabatlar aparan çoxlu qurumlar var, ancaq nədənsə sanki ixtisaslaşmış və qrant maliyyəsi ilə qidalanan qurumların informasiyaları mötəbər götürülür. Köhnə hesabatların bir hissəsi dəyişdirilir, bununla da həmin ölkədəki vəziyyətin diaqnozu kimi qələmə verilir. Digər tərəfin mövqeləri əksini tapmır. Ona görə də orda göstərilənlərlə razılaşmıram».
XS
SM
MD
LG