Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:54

Azyaşlı məhbusları böyüklərin həbsxanasına göndərmək... Hamı əleyhinədir, qanun lehinə


Onlar bir yerdə olmaq istəyirlər...
Onlar bir yerdə olmaq istəyirlər...

Şəhriyarın narahatçılığı az sonra 18 yaşının tamam olmasına görədir. 18 yaşından sonra onu böyüklərin həbsxanasına göndərəcəklər. Şəhriyarsa bunu istəmir


«Səhər durub idmanla məşğul oluruq, günorta klubda televizora baxırıq, futbol oynayırıq, bura bizimçün yaxşıdır».


17 yaşlı Şəhriyar Hüseynov cəmi 10 gündür ki, azyaşlıların həbsxanasındadır. Ancaq buradakı uşaqlara və mühitə tez öyrəşib. Onun cəzası 3 ildir. Ancaq Şəhriyarı təkcə 3 il dəmir barmaqlıqlar arasında qalması narahat etmir. Bir başqa narahatçılığı isə az sonra 18 yaşının tamam olmasına görədir. 18 yaşından sonra onu böyüklərin həbsxanasına göndərəcəklər. Şəhriyarsa bunu istəmir:


«Burada qalmağımı istəyirəm. Burada məktəb var, dərs oxuyuram, türmə kimi deyil də, elə bil məktəbdir. Orada gedəcəyik, həm böyüklərdir, həm məktəb yoxdur, bildiklərimiz də yadımızdan çıxacaq».


Şəhriyar kimi, yetkinlik yaşına çatmayanların həbsxanasına düşünənlər çoxdur. Onun istəyini isə yerli hüquq-müdafiəçiləri qanun şəklinə salmaq istəyirlər. Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi adlı qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyinə müraciət hazırlayır. Təşkilatın icraçı direktoru Rəvan Səmədov deyir ki, azyaşlıların cəzaları sona çatana qədər əvvəlki yerlərində saxlanmaları çox faydalı olar:


«Bu uşaqlar böyüklərin yerinə göndərilmək vaxtları çatanda, özlərini sübut etmək üçün «ad qazanmağa», kriminal vərdişlərə yiyələnməyə çalışırlar. İntizam qaydalarını pozurlar ki, daha çox cərimə kameralarına salınsınlar. Onlarda psixoloji sarsıntılar olur, pessimizm yaranır. Təklif edirik ki, onlar bütün cəza müddətlərini böyüklərin yerinə getmədən əvvəlki yerlərində çəksinlər».


Azyaşlıların cəzaçəkmə müəssisəsinin rəisi İmran Məmmədov da bu uşaqların cəzalarının bütöv hissəsinin burda çəkmələrinə tərəfdardır:


«Bunun üçün şərait olmalıdır, vəsait ayrılmalıdır. Əlbəttə, burda qalsalar, daha məqsədəuyğundur. Ancaq bu məsələni hərtərəfli öyrənmək lazımdır».


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov da azyaşlı məhkumların böyük məhbusların yerinə getməməsi təklifinin əleyhinə deyil. Ancaq bunun üçün qanunvericiliyə dəyişiklik edilməlidir:


«Psixoloji baxımdan bu çox faydalı olardı. Belə olsa, uşaqlar gedib o peşəkar cinayətkarlarla ünsiyyətdə olmayacaqlar. Çünki böyüklər üçün olan koloniyalarda bir dəfə məhkum olunan da saxlanılır, bir neçə dəfə məhkum olunan da. Ancaq gərək qanunvericilikdə təkmilləşmə, dəyişiklik ola. Bugünkü qanunvericilik buna yol vermir. Qanunvericilik bazasında dəyişiklik olarsa, biz icraçıyıq».


Rafiq Ramazanov deyir ki, Azərbaycan qanunvericiliyində yetkinlik yaşına çatmayan şəxslərin 20 yaşına qədər azyaşlılarla bir yerdə saxlanmasına imkan var. Bu, cəzaçəkmə yerinin vəsatəti əsasında məhkəmə qərarı ilə mümkün olur. Ancaq bir azyaşlının cəzası 7-8 il olursa və cəzası 25 yaşında bitirsə, məhkəmələr vəsatətləri qəbul etmirlər. Hüquq müdafiəçiləri deyirlər ki, qanunvericilikdə dəyişiklik olsa, bu problem birdəfəlik yoluna qoyula bilər. Ona görə də yaxın günlərdə layihəni parlamentin qanunvericilik şöbəsinə göndərməyə hazırlaşırlar.


XS
SM
MD
LG